Səfir, bir güllə, iki dovşan

sefir-bir-gulle-iki-dovsan
Oxunma sayı: 829

“Qafqazinfo” xəbər verir ki, Qabriel Kellerin açıqlamasının çox sərt, bəzi yerlərdə isə diplomatik etiketə zidd olduğunu deyən Elxan Şahinoğlu səfirin “Fransa Türkiyə və Azərbaycanla münasibətlərinə dəyər verir. Bu münasibətlərə yeni təkan vermək üçün son aylarda Fransa çox çalışıb” sözlərinin Türkiyə ilə Azərbaycanı dolamaqdan başqa bir şey olmadığını vurğulayıb: “Fransa Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə “erməni soyqırımının” inkarını nəzərdə tutan qanun layihəsinin təsdiqiyləmi təkan vermək istəyir? Yoxsa bütün gününü İrəvanda, cəmi 3 saatını Bakıda keçirən Nikola Sarkozinin Cənubi Qafqaza məlum səfəri ilə Azərbaycanla münasibətlərdə irəliləyiş əldə etmək mümkündür?”.

Elxan Şahinoğlu Fransanın Azərbaycandakı səfirinin açıqlamasında Azərbaycan cəmiyyəti ilə siyasi dairələrinə də mesaj yolladığını söyləyib: “Səfir Fransanın Minsk Qrupundakı həmsədr vəzifəsini bundan sonra da davam etdirəcəyini qətiyyətlə vurğulayıb. Başqa sözlə səfir Türkiyə və Azərbaycan istimaiyyətinə anlatmaq istəyib ki, Fransanın həmsədrlikdən uzaqlaşdırılması tələbləriniz yerinə yetirilməyəcək. Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov açıqlamasında Fransanın öz qərarı ilə həmsədrlikdən uzaqlaşmasının vacibliyini dilə gətirmişdi. Görünür, səfir dolayısıyla Əli Əhmədova da cavab verib ki, Paris öz istəyi ilə bu vəzifədən əl çəkən deyil”.

Elxan Şahinoğlu bu saatdan sonra rəsmi Bakının Fransanın həmsədrlikdən geri çağrılması proseduruna başlayacağına inanmadığını da dilə gətirib: “Azərbaycanın hakimiyyət mənsublarının Fransaya etirazları sözdən o yana keçmədi. Fransanın həmsədrlikdən uzaqlaşdırlması məqsədilə konkret addımlar atılmadı, ATƏT sədri və Minsk Qrupu dövlətlərinə müraciət olunmadı. Rəsmi Bakı faktiki vaxt udmağa çalışır, gərginliyin yumşalmasını gözləyir. Yəqin düşünürlər ki, bir müddətdən sonra Fransanın ermənipərəst qanunu unudulacaq, Ankaranın Bakıdan gözləntiləri də arxa plana keçəcək. Ancaq keçmiş illərdən fərqli olaraq bu dəfə belə olacağını zənn etmirəm. Türkiyənin siyasi dairələri və ictimaiyyəti rəsmi Bakının əməldə Türkiyənin yanında yer almadığını unutmayacaqlar. Hətta o da ola bilər ki, yaxın aylarda Ankara rəsmi Bakının çox etiraz etdiyi Sürix protokollarını yenidən gündəmə gətirsin. Çətin ki, bu dəfə Bakının etirazları eşidilsin. Adama deyərlər ki, Sən Fransanın həmsədrlikdən uzaqlaşdırılması istiqamətində hansı addımları atdın ki, məndən də Ermənistanla sərhədi açmamağı, diplomatik münasibətləri bərpa etməməyi tələb edirsən...”