Şəhərin mərkəzindəki ticarət obyektləri sökülür

seherin-merkezindeki-ticaret-obyektleri-sokulur
Oxunma sayı: 688

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısından başlayaraq, Elmlər Akademiyası metrostansiyasına tərəf yerləşən mağazalar söküləcək. Səbəb isə BDU-nun həyətinə metro çıxışının çəkilməsidir.
Zahid Xəlilov küçəsi boyunca bütün mağazaların sökülməsi nəzərdə tutulsa da hələlik bu işin böyük qıcıq dalğası yaratmadan edilməsi planlaşdırılıb. Ona görə ilkin olaraq BDU tərəfdəki 10 mağazaya “ərazini tərk edin” əmri verilib.
Sözügedən ünvandan reportaj hazırlayarkən məlumatın doğruluğu təsdiqini tapdı. Dükan işlədənlər dedilər ki, onlara təxminən 4-5 gün əvvəl özlərini təqdim etməyən şəxs ərazidən köçməyi məsləhət görüb. Sahibkarlara bildirib ki, Elmlər Akademiyası stansiyasına yeni giriş açmaq üçün burdakı mağazaların sökülməsi gərəkdir. Söküntüyə görə hələ heç bir kompensasiyanın və yaxud başqa ərazinin verilməsi haqda heç bir söhbət aparılmayıb. Sadəcə tikintilərin sənədlərinin Metropolitenə verilməsi tələb olunub.
Ancaq məsələnin mahiyyətində tam başqa məqsədlər dayanır. Belə ki, yeni plana əsasən həmin küçə boyu yerləşən ticarət köşklərinin yerində yeni ticarət mərkəzinin inşa ediləcəyi nəzərdə tutulub. Bundan başqa, orada piyadalar üçün keçidin tikilməsi nəzərdə tutulub ki, onun da metro ilə heç bir əlaqəsi yoxdur.
Satıcılardan biri deyir ki, dükan sahiblərinə hələ ötən ilin sonlarında Yasamal Rayon Icra Hakimiyyəti nümayəndələri xəbərdarlıq edib. Onlara ərazini tərk etməyi, ancaq bunun müqabilində kompensasiya nəzərdə tutulmadığı deyilib: “Dükanları uçuracaqlar və sahibləri başqa yerdə işləmək məcburiyyəti qarşısında qalacaq. Deyirlər ki, ”kupça” yoxdur”.
Satıcıların dediyinə görə, ilkin olaraq keçidin yaxınlığında olan 21 dükan söküləcək. Qarşıdakı aylarda isə metrostansiyanın yanına qədər olan dükanlar söküləcək.
“Azadlıq”ı məlumatlandıran satıcı onu da bildirdi ki, küçə boyu dükanların “qanunsuz tikili” adı ilə söküntüsündən sonra bu ərazidə yeni biznes şəbəkəsinin salınması gözlənilir və yaxın zamanlarda bu prosesə start veriləcək.

azadliq.info