Səidə Qocamanlıya qoca və heydən düşmüş bir sual

seide-qocamanliya-qoca-ve-heyden-dusmus-bir-sual
Oxunma sayı: 762

Qurani-Kərim, İsra surəsinin 16-ci ayəsinde Allahu-Təala buyurur: “Bir ölkəni həlak etmək istədikdə, o ölkənin varlılarına (yaxşılıqları) əmr edərik, buna rəğmən onlar orada fəsad çıxararlar. Beləcə o ölkə həlaka layiq olur, biz də oranı yerlə yeksan edərik”. Bu ayənin izahını geniş verməyə ehtiyac duymuram.Varlı vətəndaşlarının pislik çıxardığı üçün yerlə yeksan olan 2 dövləti nümunə olaraq göstərmək kifayət edir. Bu ölkələrdən biri dünyada 600 il İslam dininə bayraqdarlıq etmiş Osmanlı dövləti (son 50-60 ili), ikincisi isə 70 il dünyaya ateizm saçan Sovet İmperiyasıdır. Müxtəsərliyi əldən verməmək üçün varlı təbəqənin çıxardığı pisliklər ucbatından tarixdən silinən ölkələrin siyahısını uzatmaq istəmirəm. Amma əgər bu ayənin göstərdiyi həqiqət ilə daha yaxından maraqlananlar olsa, Əməvi Abbasilər dovlətlərindən başlayaraq qonşularımız olan Çar Rusiyası və 1979 –cu ildə dağılan İran Şahının dövrünə qədər mövcud olan ölkələrdə varlı insanların etdikləri zülmə nəzər salın.

Zülm deyərkən sadəcə varlıların yoxsulların haqqını yeyərək onlara zülm etdiklərini nəzərdə tutmuram və bu məsələyə sərrast cavab da olmazdı. Əgər bir insan bütün günü vaxtını televizorun qarşısında keçirirsə, bu da zülmdür. Yaxud bir tələbə oxumamaq üçün müəllimə rüşvət təklif edirsə, türklər demiş bu zülmün ta kəndisidir və s. Yenə də müxtəsərliyə riayət etmək üçün edilən zülmün siyahısını uzatmadan vətənim Azərbaycanda törədilən zülmə və haqqsızlıqlardan birinə toxunmaq istəyirəm.

Uzun illərdən bəri insan hüquqlarının müdafiəsi ilə məşğul olan Səidə Qocamanlınının bir neçə həftə bundan əvvəl “Mediaforum” portalında müsahibəsini oxudum. Müsahibəsində Səidə xanım həbs olunanların siyasi dustaq olub-olmadığını müəyyənləşdirmək üçün çox qəribə və ecazkar bir üsuldan istifadə etdiklərini söylədi. O, dedi ki, müxalifətdən olanların siyasi dustaq olduqlarını biz özümüz müəyyənləşdiririk, lakin İslam partiyasının üzvlərinin, Səid Dadaşov və s. dindarların isə sənədlərini toplayıb Avropaya göndərir və dindarların siyasi dustaq olub-olmadıqlarına qərar verilməsini avropalılara həvalə edirik. Qısacası, Səidə xanım bizə səmimi şəkildə izah etdi ki, dindarların evindən çıxan topu, tüfəngi, tankı müəyyənləşdirməkdə çətinlik çəkir və bu məsələni peşəkarların ixtiyarına verir. Necə deyərlər, çörəyi ver çörəkçiyə…

Nə Səidə Qocamanlı ilə, nə də çörək və çörəkçi ilə işim yoxdur. Bu məsələlərin hamısı aydındır. Lakin hüquq müdafiəçisi olduğu üçün Səidə xanıma bir neçə sual vermək istəyirəm. Sual vermədən öncə isə bir hadisəni yazıb sizin ilə bölüşmək istərdim. 2002-ci ilin iyun ayında Kraliça Elizavetanın taxta çıxmasının 50 illik yubileyi ilə əlaqədar olaraq Böyük Britaniya səfirliyi o vaxtlar elə səfirliyin yerləşdiyi “Hayat-Regence” mehmanxanasında açıq havada ziyafət təşkil etmişdi. Ziyafətdə sadəcə o zamanlar Azərbaycan Respublikasının prezidenti olan mərhum Heydər Əliyev iştirak etmirdi (Heydər Əliyevin yerinə Murtuz Ələsgərov cıxış etdi). Daha dəqiq desək, Azərbaycanın siyasi və ictimai həyatında olan hər kəs dəvət edilmişdi. Səidə Qocamanlını xatırlamıram, amma digər hüquq müdafiəçilərinin orada olduqları yadımdadır. Həmin ziyafətdə o zamanlar Böyük Britaniya səfirliyinin işçilərindən biri yarım-yapalaq türkcə biləməndən: “Hüquq müdafiəçilərindən hansı fərqlidir?” –deyə soruşdu. Zərdüşt Əlizadənin bir neçə siyasi və ictimai davranışını qəbul etməsəm də, o, nəzərimdə digər hüquq müdafiəçilərindən fərqlənirdi. Lakin nədənsə, “Zərdüşt Əlizadə” deyil, sadəcə “Hamısı” cavabını verdim. Diplomat yerə baxaraq gülümsəyib məndən uzaqlaşdı. O şəxs ilə həmin ziyafətdən əvvəl dəfələrlə söhbətlərimiz olmuşdu. Üz cizgilərindən az-çox nə demək istədiyini başa düşürdüm. Və ona “Hamısı” dediyimdə mənə inanmadığını dərhal anladım.

Çox təəssüf ki, o hadisədən sonra həmin səfirlik işçisi ilə nə Avropada, nə də Azərbaycanda söhbet etmək imkanım olmadı. Olsa idi, cavab almayacağımı bildiyim halda belə ondan mənim “Hamısı” cavabıma niyə inanmadığının səbəbini soruşacaqdım...

Səidə xanım verdiyim sualları cəmləşdirib bir sual kimi də cavablandıra bilər, istəsə heç cavablandırmaya da bilər. Həmçinin, onun hansı cavab verəcəyindən və yaxud ümumiyyətlə cavab verib verməyəcəyindən asılı olmayaraq Səidə xanımın dünyanın acı həqiqətlərinə uyğun hərəkət etdiyindən zərrə miqdarı təəssüf hissi keçirmirəm. Əksinə, mən müsəlman olaraq, öz hüquqlarımızın qorunmasını başqalarına həvalə etdiyimiz üçün utanc hissi daşıyıram.

Səidə Qocamanlı hüquq müdafiəçisi kimi Avropa Şurası ilə əməkdaşlıq edir. “Avropa Şurası” 1990-ci ildə Küveyt müsəlmanlarını Səddam Hüseyndən azad etmək üçün İraqa qoşun yeridərkən, 1993-cü ildə Azərbaycan müsəlmanlarını ermənilərdən azad etməməsi bir yana, Ermənistana heç “gözün üstə qaşın var” belə demədi. Niyə?“ Avropa Şurası” dünyanın müxtəlif bölgələrində müsəlmanları tutaraq Quantanamoya salır. Heç bir nəfər müsəlman göstərmək mümkün deyildir ki, insanlığın görmədiyi işgəncələrə məruz qaldığı halda belə törətdiyi cinayətləri “etiraf” edib məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilsin. Bu da azmış kimi, müsəlmanları yaxalarkən “Avropa Şurası”-nın bütün mediası bu məsələni işıqlandırır, lakin günahsız olduqları üçün həbsdən azad edildikdə nədənsə “Avropa Şurası” bu insanları görmür. Niyə?
2008-ci ildə Rusiya Gürcüstana silahlı müdaxilə edərkən “Avropa Şurası”-da məmə deyəndən pəpə yeyənə qədər hamısı Gürcüstana axışdı, elə eynilə də İsrail Qəzza bölgəsində 103 uşağı qanına qəltan edərkən və Çində 100-dən çox uyğur türkünü divara dirəyib dünya mətbuatını qarşısında güllələyərkən isə “Avropa Şurası” bu İsrailin və Çinin daxili işidir, dedi. Niyə?

Bütün gücü ilə İrandakı şəriət qanunlarına qarşı vuruşan “Avropa Şurası”, Səudiyyə Ərəbistanında olan şəriət qanunlarının qorunmasını özünün priorietləri siyahısına daxil edibdir. Niyə? Molla rejiminin tətbiq etdiyi şəriət ilə, Səud rejiminin tətbiq etdiyi şəriətin fərqi nədir, əcaba? Olmaya biri neftli şəriət, digəri isə neftsiz şəriətdir?

Avropanın göbəyində soyqırım törədən serb generalların ədalət naminə yalnız Haaqa məhkəməsində mühakimə edilməsini istəyən “Avropa Şurası” nə Səddam Hüseyini, nə Hüsnü Mübarəki, nə də Qəddafini Haaqa məhkəməsinə çıxarmadı. Niyə?

Dünya şörətli bin Laden ekranlarda gördüyümüz hərbi bazalarda deyil, isti yorğan-döşəkdə, ailəsi ilə bərabər yaxalandı. Həm də şəhərin göbəyində, illərlə yaşadığı evində. Niyə? Madam ki o, dünya səviyyəsində peşəkar cani idi, “Avropa Şurası”da dünya şöhrətli peşəkar bir əməliyyat keçirirək bin Ladeni sağ yaxalayıb, Haaqadakı ədalət məhkəməsinə çıxarardılar. Bu baş vermədi. Niyə? “Avropa Şurası” hər addımda Şərqdəki korrupsiyadan, rüşvətxorluqdan danışır. Digər yandan, Şərqdəki bu korrupsionerlərin, rüşvətxorların oğurladıqları pulları offşor banklarında saxlayırlar. Niyə?

Hələ bu “aysberq”-in görünən tərəfidir, görünməyən tərəfi isə daha təhlükəlidir. Belə ki, bu Şərqli korrupsionerlər bir az, özü də çox az “o yan-bu yan” edən kimi “Avropa Şurası”, “Siz bu pulları xalqdan oğurlamısınız” deyib, ayıbdır söyləməsi, pulların dalına keçir. Sonra da həmin o “xalqın pullarını” həm yerli xalqın mədəniyyətini öldürmək, həm də gözləri zatən görməyənlərin gözündən pərdə asmaq üçün bir-iki “liberal”-a qrant şəklində verib guya demokratiyanın əleyhinə olan rüşvətxorlar ilə mübarizədə xalqa dəstək vermək tamaşasını təqdim edirlər. Bu yerdə “Dovşana qaç, tazıya tut”-deyilən atalar sözü yadıma düşür. “Avropa Şurası”-nın xalqın pullarının dalına keçmək məsələsinə ən bariz nümunə olaraq Qəddafinin Fransanın offshor banklarında saxladığı 33 milyard dollardan bir qismini NATO hərbi əməliyyatlarda elə Qəddafinin öz əleyhinə istifadə etməsini göstərmək olar. Sanki Qəddafi o pulları Fransa banklarına qoyanda demokrat idi, pulu da demoratik yolla qazanmışdı.

Səddam Hüseyinin 2 illik məhkəməsi dövründə onu ən çox 1988-ci ildə kürdlərin yaşadığı bölgəyə kimyəvi silah atdığı üçün mühakimə etdilər, lakin ona kimyəvi silahı satan Fransanın keçmiş prezidenti Fransua Mitteran yadlarına belə düşmədi. Hər halda İraqın nefti gözlərini boyamışdı, kimyəvi silah alan Səddamı demokrat görürdülər…

Açığı, qəti şəkildə əminəm ki, bu sualların cavabı olmadığı kimi Səidə xanımın da bu suallara cavabı yoxdur. Yuxarıda dediyim kimi əsla düşünülməsin ki, müsəlman olduğum üçün Səidə xanıma belə heydən düşmüş suallar verirəm. Əsla və əsla elə deyil. Bu sualları sadəcə mənim verdiyimi düşünməyin. Qərbdə kapitalizmin sonunun olmadığını bilən neçə-neçə insan vardır. Onlar da qeyd edirlər ki, kapitalizm və ədalət bir-birlərinə daban-dabana zidd məfhumlardırlar. Gəlin, onlardan bir neçəsinə müraciət edək.

“Ekologist” (Ecologist) jurnalının 2009-cu il dekabr-yanvar nömrəsində (səh.9) Olivier Hoedeman yazır: "Görünür ki, Avropa Komissiyası böyük biznes lobbiçiləri ilə anlaşma əldə edərək onlara Qlobal Avropa Strategiyasının hazırlanmasından pay veriblər. Bu Böyük Biznesə, başqa sahələrin hesabından kəsərək üstünlük vermək deməkdir. Bunun əvəzini isə dünyanın ən kasıb cəmiyyətləri və ətraf mühit ödəyəcəkdir".

Qreq Palast (Greg Palast) 2002-ci ildə Londonda çap olunan "Ən mükəmməl demokratiyanı pul ala bilər"(The best democracy money can buy) kitabında (səh.182) yazır: "Əgər qloballaşmanın qayğıkeş moizəsini oxusan, bəlkə də səndə Dünya Ticarət Təşkilatının ticarətdə olan səddləri və lüzumsuz qiymətləndirməni götürdüyü təəssüratı əmələ gələr. Amma bu sadəcə sənin yuxundadır. Həqiqətdə Dünya Ticarət Təşkilatı qiymətləndirmə(tarif) sisteminin özəlləşdirilməsi üçün bir mexanizmdir. Ölkələr (Dünya Ticarət Təşkilatında çıxan bir qanunu nəzərdə tutur.Müəllif) dərhal öz işçilərini və yerli sənayeni sərhədləri xaricindən olan vergilərdən müdafiə etdilər. Yəni, dünya ticari qaydaya görə qlobal şirkətlər onların alış-satış etmədiyi regionlardan məhsul alıb-satan millətləri cərimə edə bilərlər".

Norman Lee və Klive Georg (Clıve George) 2000- ci ildə Cicesterdə çap etdirdikləri "Keçid dövründə və inkişaf etməkdə olan ölkələrdə ətraf mühitin qiymətləndirilməsi" (Environmental assessment in developing and transitional countires) kitabında (səh.271) göstərirlər: "Aydındır ki, inkişaf etmiş olan dövlətlərdəki ətraf mühitə olan qayğı inkişaf etməkdə olan ölkələrdə yoxdur. İnkişaf etməkdə olan ölkələrdəki kiçik bir layihə belə oradakı yerli sakinlər üçün kifayət qədər sosial və iqtisadi fayda verir. Beynəlxalq sərmayəçilər, xüsusilə də neft şirkətləri, bundan istifadə edirlər. Bu faktlar inkişaf etməkdə olan ölkələrdə ətraf mühit imperializmi fikri doğurur və ətraf mühit anlayışının şərti olduğu kimi görünür".

Bu siyahını da uzatmaq istəmirəm. Zənnimcə, yazdıqlarım yeni deyil. Sadəcə görmək istəmirlər.

Sonda, hər yazımda olduğu kimi sözüm sənədir, ey müsəlman qardaşım. Sən nə öz hüquqlarını özün qoruyursan, nə öz sərvətlərinin sahibisən, nə də özünə aid qərarları özün verirsən. Bu məğlub vəziyyətdən çıxmağın yeganə yolu dinimiz İslamdir. Bir cəmiyyəti sadəcə ədalət ayaqda tutar. Küfür olan cəmiyyət yaşayar, lakin zülm olan cəmiyyət yaşamaz. Nisa surəsinin 135 ayəsində buyurulan: "Ey iman edənlər! Adələtli davranın (onu uca tutun)..." əmrini unutma.

Bir dəfə demişdim, yenə təkrar edirəm, sən bir aslansan. Yaralansa da, təklənsə də, qəfəsə salınsa da, aslan aslandır. Çünki Allah aslanı aslan, çaqqalı isə çaqqal yaradıbdır.