Komitə əvvəlki müraciətlərini xatırladaraq bildirib ki, 4 il əvvəl Ağır Cinayətlərə dair Məhkəmənin hakimi Ənvər Seyidov tərəfindən çıxarılmış utopik və saxtalaşdırılmış hökmə əsasən S. Dadaşbəyli 12-14 il azadlıqdan məhrum edilib: “Hökmə əsasən övladlarımız islam təriqətçiliyindən, masonluqdan və xristianlığının ideyalarından bəhrələnməkdə ittiham olunub. Hökmü oxuduqca ittihamın əsassızlığı ilə yanaşı, həmdə ağıla sığmayan bir utopiya olduğu aşkarlanır. Bu hökmdə Səid Dadaşbəylinin qrupu işi üzrə həbs olunanlar Fələstinin iqtidar partiyası olan “Fəthin” ideyalarından bəhrələnərək ittiham ediliblər. Bu ittiham saxta və əsassızdır, çünki övladlarımızın nə Fələstinə, nə də onun iqtidar partiyasına heç bir aidiyyatı olmayıb. Maraq doğuran başqa məsələdir: İş orasındadır ki, hakim Ənvər Seyidovun hökmünə əsasən “Fəth” dini ekstremist və islam fundamentalizm yönümlü qruplaşmadır. Bizim övladlarımızda bu qruplaşmanın guya ideyalarından bəhrələndiyinə görə məhkum edilib. Hökmün 111-112-ci səhifəsində yazılıb: “Bu gənclər ağır cinayətlərə hazılıq işlərinə başlamaqla, müxtəlif adda odlu silahları əldə etmiş, onlar “Hizbullah”, “ Xəmas”, “Fəth”, “Hizb-Ut-Təxrir” və digər yönümlü təriqət və təşkilatların islam fundamentalizmi və dini ekstremizm ideyalarından yararlanmaqla, Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyi, konstitusiyanı, dövlət və ictimai quruluşu zorla dəyişdirməyi, islam ideologiyası və şəriət qanunları ilə dini liderlər tərəfindən idarə olunan dövlət qurmağı qarşılarına məqsəd qoyaraq, öz struktur və fəaliyyəti ilə Avropa ölkələrindəki xristian icmalarında yaranmış mason gizli təşkilatlarının konspirasiya, tabeçilik və idarəçilik üsullarını xatırladan dini-ekstremist və cinayətkar yönüllü, gizli təşkilat da cinayət fəaliyyətinə başlamışdır”.
Müraciətdə prezident İlham Əliyevə xitabən bildirilir ki, Fələstin dövlətinin prezidenti və eyni vaxtda iqtidar partiyası “Fəthin” sədri Mahmud Abbas Sizin şəxsi dəvətinizlə iyunun 28-29 da Azərbaycana səfər etmişdir: “Siz də “Fəth” partiyasının rəhbəri olan Mahmud Abbasa dostluq əlaqələrinin olduğunu bildirib və Azərbaycanın Fələstin dövlətini daim dəstəklədiyinizi vurğulamısınız. Bu təqdirdə Fələstinin iqtidar partiyası olan “Fəthi” dini ekstremist və İslam fundamentalizm yönümlü adlandıran, övladlarımızı “Fəth” partiyasının ideyalarından bəhrələnməyində əsassız ittiham edən hakim Ənvər Seyidovun hökmünü siyasi təxribat mahiyyətli kimi qiymətləndirmək olar: “Sizin “Fəth” partiyasının rəhbəri Mahmud Abbasla görüşünüz və Azərbaycanda Fələstin səfirliyinin açılması bir daha sübut edir ki, hakim Ənvər Seyidovun tərəfindən çıxarılan hökmdə “Fəth” barəsində yazılan ittihamlar yalandır. Bundan başqa bizim “Fəth” partiyasının ideyalarına heç bir aidiyyatımız yoxdur. Hökmün digər pozuntularının və ittihamlarının əsasızlığının sübutlarını biz Sizə əvvələr yazdığlarımız məktublarda yazmışıq. Sizdən artıq dərəcədə xahiş edirik ki, Ənvər Seyidov tərəfindən övladlarımıza qarşı çıxarılan saxta hökmün ləğv edilməsinə, 10 nəfər günahsız gənc məhkumların müdafiə olunmasına, tezliklə azadlığa çıxmalarına sərəncam verəsiniz”.
Səid Dadaşbəylinin və onunla həbs olunmuş məhkumların işi üzrə İctimai Müdafiə Komitəsinin üzvləri: Qətibə Qarayeva, İlhamə Kazımova, İradə Kərimova, Lyubov İdrisova, Həqiqət Ağayeva, Dürdanə İsmayılova, Güney Əliyeva, Səadət Kərimova, Elnarə İsmayılova, Fəridə Quliyeva, Ruslana Mehbaliyeva və digərləri.