Seksi – art!

seksi-art
Oxunma sayı: 1868



“Tütək səsi” filmində müharibədə həlak olan dostunun evinə girən və arvadını ağuşuna alan kolxoz sədri Cəbrayıl qapıya yığılaraq onu linç etməyə hazırlaşan kənd əhlinə gözucu baxaraq deyir: “Biz evlənmişik!” Ardınca səsini alçaldaraq buyurur: “Nə axmaq adamlar var e...”


“Haramı” romanından bir parçadakı açıq-saçıq elementləri bəhanə edib ünvanıma olmazın hədyanlarını yağdıran adamlara qarşı özümü Cəbrayıl kimi hiss etdim.
Ey məni təhqir etməklə rahatlıq tapan əbləhlər, mən aşağı-yuxarı bir kitab yazmışam: torpaq satmamışam, xalqın malını talamamışam, ev dağıtmamışam, rüşvət almamışam və s. Axı siz nə vaxtacan belə “pustoy” güllələr atacaqsınız?! Dədəmin goru haqqı, sizə yazığım gəlir. Özü də o halda ki, Allahın fağır bir yazarına qarşı sərt mövqeyinizdə belə sabit deyilsiniz, qorxursunuz və yalançı imzalar altında gizlənirsiniz. Qorxmayın, mənim heç bir qohumum vəzifədə işləmir!

Açığını deyim, mən gizli imzayla şərh yazmağa qarşı deyiləm. Gizli adla yazmaq virtual şəbəkənin yazılmamış qaydalarından biridir və bu azadlığı insanların əlindən almaq mümkün deyil. Lakin siz yalançı imza ilə kimisə təhqir edirsinizsə, dananın quyruğu bu yerdə qopur. Yalançı imza hara, kimisə söymək hara? Bu halda söyüş adamın özünə qayıtmasın?

Yalnız yalançı ad altında gizlənsəydiniz dərd yarı idi. Siz həm də vətənpərvərlik və mili mentalitet kimi kütlənən ağzıaçıq aludə olduğu dəyərlərə sığınmağa çalışırsınız, bu isə, Tolstoyun təəbrincə desək, əclaflıqdır!

Siz xalqın sevə-sevə yaratdığı Hacı dayı obrazını tanıyırsınızmı? Yaxud açıq-saçıq lətifələr, bayatılar və atalar sözlərini, Seyid Əzimin, Vaqifin porno-şeirlərini eşitməmisiniz? Və ən əsası özünüz heç sekslə məşğul olmamısınız?! Götürün başınızdakı o yalançı əmmaməni, qırxın müdrik saqqalınızı, yuyulmamış çömçə kimi ədəbiyyatla həyatın arasına girib könül bulandırmayın.

Bəzinizin belə kitabları evinə aparmaq kimi qlobal problemi varmış: aparmayın! Amma qeyrətin və namusun bu olduğunu düşünürsünüzsə yanılırsınız. Uşaqlar xaric normal insanların hamısı qadın-kişi münasibətlərinin ən incə detallarını bilir və bilməlidir. Bu da bir mədəniyyətdir, ay riyakarlar! “Qurani-kərim”də belə kişi ilə qadının sıcaq münasibətlərindən və oxumağa qorxduğunuz həmin o işi görməyin qaydalarından ətraflı bəhs olunur.

Məşhur əcnəbi kliplərdən biri isə “Seksi - art” sözləri ilə başlayır.

Mədəni olun, burnunuzu hansısa roman qəhrəmanının yatağına soxmayın, gedin kartofunuzu satın!