Seksi pompiş

seksi-pompis
Oxunma sayı: 1519

Öncəliklə ən çox oxunan saytların yayımladığı xəbərlərinə diqqət yetirdim. Bir hətfə boyunca yazıları izlədim və iki təsnifata ayırdım. İlk təsnifata görə gün boyu yayımlanan xəbərlərin 30%-i siyasi, 40%-i sosial, 10%-i kriminal, 20%-i isə şou xarakterli olur. Ikinci təsnifata görə bütün yazıların cəmi 4%-ni cinsəllik daşıyan xəbərlər əhatə edir. Lakin hər zamanda danışılmayıb oxunan, yüksək səslə deyil, sükutla izlənən gündəm həmən bu 4%-in içindən çıxır. Ilk beşliklərdə və ya onluqlarda bu tipli xəbərlər günün əsas oxunan xəbərləri siyahısına daxil ola bilir.

Bunun səbəbini milli mentalitet və ya adət-ənənələrimizdə axtarmaq yersizdir. Kifayət qədər inkişaf etmiş və azad olan Türkiyə mediasında da demək olar ki, eyni nisbət mövcuddur. Lakın son həftədə onların da gündəmində hər gün dəyişən xəbərlər xaricində ancaq və ancaq iki xəbər gündəmdən düşmür. Birincisi “Fənərbaxça” ətrafında baş verən məlum qalmaqaldır. İkincisi isə indiyə qədər çox az kəsimin tanıdığı bir türk qadın müğənnisinin “twitter”də yayımladığı yarımçılpaq şəkillərinin altında sevənlərinə ünvanladığı “pompiş” ifadəsidir. Bu ifadə o qədər çox diqqət cəlb edib ki, hətta məşhur yazar Ahmet Hakan kimi bir imza onun haqqında köşə yazır, bir çox qəzetlərin ikinci səhifəsi bundan bəhs edir. Gündəmə gəlmək üçün daha “ağıllı” bir şey etməyə gərək qalmadı...

Deyəcəksiniz ki, Türkiyə ilə bizim mentalitet məsələsində bir elə böyük fərqimiz yoxdur. O zaman “BBC.com”a nəzər salaq. Qərbin də gündəmini son bir həftədə ən çox məşğul edən xəbəri tapmaq çətin olmadı. ABŞ-da sevgilisi ilə intim münasibətinə mane olduğu üçün 2 yaşlı qızını öldürməkdə günahkar bilinib hakimlər şurası tərəfindən bəraət alan bir ana öz rəsimlərini yarım milyon dollara sataraq, qərb gündəminin tam mərkəzinə eniş edir.

Deməli nə baş verirsə versin, xəbər yaratmaq və diqqət mərkəzində olmaq üçün elə də ağıllı ideyaya malik olmaq və ya böyük dəyişiklik yarada biləcək hadisənin təməli olmağa ehtiyac yoxmuş. Kütlənin axın etdiyi mövzu bunlar deyil. Ən azından on ildir ədəbiyyatı yaxından izləyirəm. Ədəbiyyatda da “+18” mövzu ilə gündəmdə qalanlar az olmamışdır. Bir çoxlarının etiraf etdiyi kimi bu tipli ədəbi nümunələr yüksək səviyyəli olmasalar belə daha çox səs-küy gətirir və müəlliflərini ünlü edirlər. Amma təəssüflər olsun ki, siyasi hadisələrə “+18” don geydirmək olmur. Biz ukraynalı deyilik ki, xanımlar hər hansı bir tələblə toplaşıb soyuna. Sonra da bütün dünya həmin aksiyalardan çəkilən fotoları müzakirə etsin. Ona görə də, bizim səsimiz heç çıxmayacaq. Bəzi saytların kiçik köşəsində yazılarımızla fikirlərimizi bəyan edəcəyik, o qədər…

Eh, oxucu, fikirlərimi yalanlamağa cəhd etmə. Elə sən özün bu yazını adının “Seksi Pompiş” olduğu üçün oxumadınmı?