“Seksual xarakterli zorakılıq hərəkətləri qeydə alınmayıb”

seksual-xarakterli-zorakiliq-hereketleri-qeyde-alinmayib-
Oxunma sayı: 882

İyulun 29-da Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2011-ci ilin birinci yarısında "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş siyasət öz müsbət nəticələrini verib.

“2000-ci ilin aprelindən başlayan hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində hesabat dövründə kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2011-ci ilin birinci yarısında respublikada qeydə alınmış ağır və xüsusilə ağır, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd, seksual xarakterli zorakılıq hərəkətləri, dələduzluq, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, adamların girov götürülməsi, banditizm və cinayətkar birlik yaradılması kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 12139 cinayətin 82,2 faizi açılmışdır.

Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Bu sahədə prokurorluğa dövlət səviyyəsində və şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən böyük inam və etimadın nəticəsidir ki, dövlət başçısının 2011-ci il 11 mart tarixli Fərmanına və digər normativ sənədlərə müvafiq olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi sayı artırılmış, MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu olan bu idarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmiş, idarə işçilərinin aylıq vəzifə maaşına 50 faiz məbləğində əlavələr müəyyən edilmişdir. Eyni zamanda, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan tələblərdən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə, Prokurorluq üzrə 2011-ci il 12 may tarixli əmrlə, idarənin tərkibində ştatlarının sayı əhəmiyyətli dərəcədə artırılan İstintaq şöbəsi ilə yanaşı, tam yeni məzmunda Təşkilati və informasiya təminatı, Preventiv təhlil və təhqiqat, Əməliyyat və Əməliyyat təminatı şöbələri, habelə Daxili təhlükəsizlik xidməti və mütəxəssislər qrupu kimi strukturlar yaradılmışdır. Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində "161-Qaynar xətt" əlaqə mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti xüsusi qeyd olunmuşdur.

"Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Respublika Prokurorluğu üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilmiş və onların iştirakı barədə qərarlar qəbul edilməklə yoxlamalar aparılmış və 12 cinayət işi başlanılmışdır. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara tapşırıqlar verilmişdir.

Cari ilin birinci yarısında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini vermişdir. Belə ki, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, vergilər və fövqəladə hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 7528 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq edilən cinayət işləri 5,1, ziyanın real ödəmə məbləği 67,6 faizə bərabər olmuşdur. İctimai əks-səda doğurmuş, keçmiş illərdə törədilərək, uzun müddət bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilmişdir.

Əldə edilmiş müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar haqqında xüsusi qərarların çıxarılması hallarının olması ciddi qüsurlar kimi dəyərləndirilmiş, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə konkret tapşırıqlar verilmişdir”.

Cari ilin birinci yarımilində 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin tam şəffaflıq və obyektivlik şəraitində qısa müddətdə başa çatdırılması barədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verən Baş prokuror Zakir Qaralov 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində prokurorluğun kadr korpusunun 41 faizini təşkil edən gənc mütəxəssislərin müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib.

“Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi diqqət mərkəzində olmuşdur. Belə ki, 2011-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 30 prokurorluq əməkdaşı cəzalandırılmışdır. Onlardan 2 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış kodeksi"nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilmiş, 4 nəfər tutduqları vəzifələrdən azad olunmuş, 28 əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda, tabeçilikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, qanunsuzluqlara yol verən 8 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilmişdir”.