Sel rayonları basdı, 18 ev su altında qaldı

sel-rayonlari-basdi-18-ev-su-altinda-qaldi
Oxunma sayı: 717

Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, bir neçə saatdır ki, Qalacıq, İstisu, Çayqovuşan, Buynuz kəndlərinə yağan güclü leysan yağışlar kəndlərin təsərrüfatına, yaşayış sahələrinə ciddi ziyan vurub. Leysan yağış hazırda davam edir.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Rəfael Əhmədov Trend-ə bildirib ki, yağan leysan yağışlar adıçəkilən kəndlərdəki yolları, körpüləri yuyub aparır. Kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda leysan yağışlar davam etdiyindən təbii fəlakətin vurduğu ziyanın qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür.

Əhmədov cümə axşamı Trend-ə bildirib ki, rayonda gərgin vəziyyət davam edir.
Sel nəticəsində Qalacıq, İstisu, Çayqovuşan, Buynuz kəndlərində və İsmayıllı kəndindəki məcburi köçkünlərin məskunlaşdığı Kökəltmə yaşayış massivində 18 evi su aparıb.
Komissiya sədri bildirib ki, həmin evlərdə yaşayan ailələr qohumlarının evlərinə yerləşdirilib.

Qalacıq, İstisu və Çayqovuşan kəndlərini rayonla birləşdirən körpünü sel aparması nəticəsində həmin kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Göyçay çayı üzərində tikintisi aparılan Su Elektrik Stansiyasının qurğularını və tikinti materiallarını da sel aparıb.

Selə məruz qalan kəndlərin su, elektrik, qaz və telefon xətləri sıradan çıxıb.Kəndlərdəki həyətyanı və fermer təsərrüfatlarındakı əkin sahələrinə ciddi ziyan dəyib.
Rayondakı vəziyyətlə bağlı ölkə rəhbərliyinin və müvafiq qurumların məlumatlandırıldığını deyən icra başçısının müavini təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

Hazırda rayonda yağıntılı hava şəraiti davam edir.