“Sən nə sərsəm-sərsəm danışırsan?” - Açıqlama

sen-ne-sersem-sersem-danisirsan-aciqlama
Oxunma sayı: 649

“Sarkisyan kimi bir ölkə prezidentinin bu cür sərsəm çıxışları onların öz səviyyəsini göstərir”. Bu sözləri Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Eldar İbrahimov “Qafqazinfo”ya açıqlamasında deyib. Onun sözlərinə görə, Sarkisyanın belə bir bəyanatla çıxış etməsi onların türklərdən qisas almaq niyyətlərini bir daha ortaya qoyur: ““Biz Dağlıq Qarabağı aldıq, siz də Ağrı dağını alın” deyə gənc nəslə müraciət etməsi, gənclərin beynini türklərə qarşı düşmənçilik mövqeyində aşılamaq bir ölkə prezidentinə yaraşmaz və prezidentin bu cür danışmağa haqqı yoxdur”.

Türkiyə baş naziri Ərdoğanın ölkəmizdə səfərdə olması və prezident İlham Əliyevlə bu məsələyə geniş, ətraflı fikir bildirmələrini diqqətə çatdıran E. İbrahimov ATƏT-in Minsk qrupunun sədrlərini Sarkisyanın belə bir bəyanatla çıxış etməklə nə qədər azğınlaşdığını görməyə çağırıb: “Belə çıxır ki, o Türkiyəni işğal etmək istəyir? Prezident İlham Əliyevin Türkiyə ilə Ermənistanı müqayisə edərkən filin yanında qarışqa misalını çəkməsi ən yaxşı cavabdır. O kimdir ki, Türkiyəni də işğal etsin. İndiyə qədər bir qəpiklik iş görməyən ATƏT-in Minsk qrupu nəticə çıxarmalıdır. Dünya, ABŞ, Rusiya, Fransa prezidenti deməlidir ki, sən nə danışırsan? İndi hansı zamandır ki, sən Türkiyədən Ağrı dağı alırsan. Sən heç Dağlıq Qarabağı əlində saxlaya biləcəksən? Heç vaxt. Prezidentimiz yaxşı buyurdu ki, biz sülh istəyirik, sülh yolu ilə olmasa onda Sarkisyanı müharibə ilə başa salarıq”.

Onun sözlərinə görə, belə bir bəyanatla çıxış edən Sarkisyan öz səviyyəsizliyini bütün dünyaya göstərib, ona görə də bütün dünya, ATƏT-in Minsk qrupu həmsədrləri, qurumun fəaliyyətdə olan sədrinin buna münasibət bildirməsi vacibdir: “Münasibət göstərməlidirlər ki, ay Sarkisyan sən nə sərsəm-sərsəm danışırsan. İndi hamı qonşuluq siyasətindən, sülhdən danışır. Deməli Sarkisyan müharibəyə çağırır bizi. Müharibə istəyirsə deməli, Ermənistanı yer üzündən silmək istəyir”.