“Sənin neftin də, qazın da çox ola bilər...”

senin-neftin-de-qazin-da-cox-ola-biler-
Oxunma sayı: 653

Bu gün prezident ilham Əliyev və xanımı Mehriban Əliyeva “Bilik Günü” ilə bağlı Bakının Yasamal rayonunda tamamilə yenidən qurulmuş Mikayıl Müşfiq adına 18 nömrəli məktəbin açılışında iiştirak ediblər. “Qafqazinfo” Azərtaca istinadən xəbər verir ki, İlham Əliyev açılış mərasimində çıxış edib. Məktəbin yenidən qurulduğunu bildirən prezident burada həm oxumaq, həm də işləmək üçün yaxşı şəraitin olduğunu deyib: “Biz çalışırıq ki, şəhərimizin və ölkəmizin bütün məktəbləri bu səviyyədə olsun. Son illərdə buna nail ola bilmişik. Çünki təkcə keçən il Bakı şəhərində 60-dan çox məktəb əsaslı təmir edilmişdir. Bu il isə 81 məktəb təmir edilir, yeni korpuslar, yeni məktəblər tikilir və gələn ilin sonuna qədər Bakı şəhərinin məktəb problemləri yüz faiz həll olunacaqdır. Gələn il 120 məktəbin əsaslı təmiri nəzərdə tutulur. Beləliklə, Bakıda bir dənə də olsun yararsız, təmirsiz, qəzalı vəziyyətdə məktəb olmayacaqdır”.
Təhsilin səviyyəsindən danışan İ. Əliyev deyib ki, bu müəllimlərdən asılıdır: “Uşaqlar da yaxşı oxumalıdır. Müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir ki, Azərbaycan cəmiyyəti üçün gözəl, yeni, peşəkar, bilikli kadrlar yetişsin. Uşaqlarımız bilikli, savadlı olmalıdır. Çünki müasir dünyada hər bir insanın və hər bir ölkənin uğurunu şərtləndirən biliyin səviyyəsidir”.

“Nəticə etibarilə hər şey insanlardan asılıdır” deyən prezident belə davam edib: “Sənin neftin də, qazın da çox ola bilər, əgər peşəkar insanların, kadrların yoxdursa bunun heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə, müasir dünyada həm özünə yer tapmaq, həm ölkəyə fayda gətirmək üçün mütləq uşaqlar yaxşı oxumalıdır. Bu sözləri uşaqlar yəqin ki, tez-tez eşidirlər. Bu da təbiidir. Amma doğrudan da bu sözlərin çox böyük mənası vardır. Yaxşı oxumaq o deməkdir ki, siz həyatda istədiyinizə nail ola bilərsiniz. İndi Azərbaycanda vəziyyət elədir ki, hər bir insanın uğuru onun əlindədir. Azərbaycanda azadlıq, sərbəstlik var, bazar iqtisadiyyatı prinsipləri hökm sürür və hər bir insanın taleyi onun öz əlindədir. Ona görə, yaxşı bilik almaq ilk növbədə sizin üçün lazımdır, eyni zamanda, xalq üçün, dövlət üçün lazımdır. Azərbaycan gəncləri gələcəkdə ölkəmizi idarə edəcəklər. Gələcəkdə ölkəmizin inkişafı sizdən asılı olacaqdır. Ona görə ilk növbədə bilik, bununla bərabər, Vətənə olan bağlılıq, Vətən sevgisi mütləq yüksək səviyyədə olmalıdır”.