Şər deməsən...

ser-demesen
Oxunma sayı: 932

Şər vaxtı təbiətin qara yazısıdı. Günəş qüruba enir. Obrazlı desək, günəş də yatmağa gedir və bu zaman həyatın düzəni dəyişir.

Sarmaşıqlar belə şər qarışanda gözəlliyini gizlədir-yumulur. Əl-ayaq çəkilir. Mal-qara örüşdən qayıdır. Adamlar evlərinə, quşlar yuvalarına pənah gətirir. Çoxları üçün isə əksinə, həyat axşam düşəndən sonra başlayır-bunu başqa yerə yozmayaq, gecəni qorxu ilə qarşılayanlarla bərabər onun əsrarəngizliyindən zövq alanlar da var.

Şər çağı aydınlığın sonu, qaranlığın başlanğıcıdı. Bütün cinayətlərin şər qarışandan sonra törədilməsi, ağrıların çox vaxt gecəyə təsadüf etməsi, hətta satanizm kimi psixoloji böhran fəlsəfəsinin qaranlqla bağlı olması boşuna deyil. Qara taleh var, qara çiçək yoxdu. Qara-bütün rənglərin sonudu, ağ-başlanğıcı... Qara rəng hüzn, yas simvoludu. Hegeli xatırlayaq: “Minervanın bayquşu qaranlıq çökəndən sonra uçmağa başlayır.”

Bununla yanaşı, qaranlıq yaradıcı insanlar üçün əlverişli zamandır. Qaranlıq işıqdır-yaradıcı insan qaranlıqda yatmağı və ya qorxunu düşünmür. “Hamı üçün işıq saçmayan ildırım” (Dostoyevski) yaradıcı insan üçün çox vaxt gecələr “çaxır”. Deməli, hər zülmətin sonu işıqdır. Yadımdadı, bir anestezioloq narkoz altda olan xəstələrin röyada qaranlıq tunel və tunelin sonunda işıq görməsini də xeyirlə şərin, gecə ilə gündüzün mübarizəsi ilə əlaqələndirmişdi... Bu, mübarizədirsə, mübarizənin ortaq nöqtəsində bir növ katalizator rolu oynayan insandan çox şey asılıdı-şəri yenmək, qara talehdən ağ günə doğru bir cığır açmaqla həyat adlı mübarizə meydanından qalib ayrılmaq! Anamızın qarnında-qaranlıqda yaranıb işığa çıxmaq, mübarizələrlə yaşayıb sonra yenidən işıqlı dünyadan zülmətə-qara torpağa qayıtmağımız bu mübarizədən məğlub ayrılmağımız dümək deyil hələ. Ordan işığa daha bir yol var ki, o yolun yolçusu olmaq üçün o işığı bu dünyada özün yandırıb gedirsən...

Özümüzü daim şərdən qorumağa çalışırıq. Düşünürük ki, “şər deməsən, xeyir gəlməz”, “xeyirlə şər qardaşdır” kimi deyimlər şərə qarşı olan neqativ düşüncəni “absorbsiya” edir.

Xeyir və şəri dünya binasının zəruri atributları kimi xarakterizə edirlər. Şər-məzmununa görə “məhrumiyyət” olsa da, təsadüfi hadisə deyil.
***
Şərin mahiyyəti nədi? Paul Zivek “Şərin fəlsəfəsi” əsərində şərin bu dünyada təsadüfi hadisə olmadığını vurğulayır. Şər zəruru rifah elementi kimi qəbul olunur. Filosof şəri mükəmməl varlıq kimi belə incələyir: “Yalnız əzablara rəğmən şərin qəbul edilməsi və insanın özünü qurbanlıq kimi təqdim etməsi nəticəsində o, özünün tam reallaşmasına nail olur.”

Tomizm isə bütün mövcudatın xeyir olmasını israr edir: “Şər substansiya və ya təbiət deyil, insan azadlığından yaranıb. Müasir dövrdə insan öz bədbəxtlyini özü yaradır və bu bədbəxtlik insan azadlığının işidir. Allahı buna görə günahlandırmaq olmaz. Əgər biz, bizə Allah tərəfindən bəxş edilmiş rifahdan lazımi şəkildə istifadə edə bilmiriksə, deməli təqsir özümüzdədi.”
***
Qonşumuzda Məhyəddin adlı bir ağsaqqal var. Yaslarda mollalıq, toylarda tamadalıq edir. Səbəbini soruşduqda deyir ki, xeyirlə şər qardaşdır... Qonşular ona “elin xeyir-şər adamı” deyir... Bu yazını da şər vaxtı yazıram. Şər vaxtınız xeyir!!!