Sərdar Cəlaloğlu Müsavata internetdə qurultay təklifi verdi

serdar-celaloglu-musavata-internetde-qurultay-teklifi-verdi
Oxunma sayı: 666

Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. O bildirib ki, səbəb martın 3-4-də Bakının Əl Oyunları Sarayında qurultay keçirmək istəyən Müsavat Partiyasına paytaxt meriyasının mənfi cavab verməsidir. G.Aslanlının sözlərinə görə, məsələ Divanın fevralın 20-də keçiriləcək toplantısında və qurultaya hazırlıq üzrə təşkilat komitəsində müzakirə olunacaq. Bundan sonra hansı addımların atılması bildiriləcək. Müsavat başqanının müavini deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət olunacaq: “Ola bilsin, qurultay bir ay geciksin. Amma bu, qurultayın tam təxirə salınması anlamına gəlməməlidir. Qurultayı mütləq keçirəcəyik”.

ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında ADP-nin qərargahındakı zalı qurultay üçün Müsavata verməyə hazır olduqlarını bildirib: “Biz öz zalımızı Müsavatın qurultay keçirməsinə ayırmağa hazırıq. Mən hətta bu binadan çıxarılmağım riski altında da həmişə müxtəlif siyasi, ictimai təşkilatların toplantılarına şərait yaratmışam”.
Bu mövzuda söhbətlərimiz zamanı ADP sədri maraqlı fikir və mülahizələr də söylədi. Oxucularımız üçün maraq kəsb edəcəyini nəzərə alaraq, onları dərc edirik. S.Cəlaloğlu hakimiyyət uğrunda mübarizə aparan müxalifət qüvvələrinin artıq zal uğrunda mübarizə aparmaq məcburiyyətində qalmasının həm ölkə, həm müxalifətin özü üçün təhlükəli gələcəkdən xəbər verdiyini bildirdi. ADP sədri yaranmış vəziyyətdə müxalifətin də səhvlərinin rol oynadığı qənaətindədir: “Müxalifət vacibliyi baxımından vəzifələri düzgün bilmədiyinə görə bu vəziyyətə düşüb. Məsələn, əgər Müsavat Partiyasına qurultay üçün zal verilmirsə, zal uğrunda mübarizəni bütün vəzifələrdən önə çıxarmaq düzgün deyil. Çünki o zaman belə görünür ki, hakimiyyət uğrunda mübarizə aparan qüvvə indi zal uğrunda mübarizə aparır. Düzdür, belə vəziyyət daha çox ölkədə siyasi sistemin daha da sərtləşməsindən doğur. Amma hakimiyyət uğrunda mübarizə aparan müxalif qüvvə özü elə bir qayda seçməlidir ki, öz mübarizəsinin hədəfini hakimiyyətdən yayındırıb ikinci-üçüncü dərəcəli məsələlər uğrunda mübarizəyə sərf eləməsin. Biz 2003-cü ildə həbs ediləndə müxalifət partiyaları bizim azadlığımız uğrunda mübarizə aparmaq istəyirdilər. Biz məktub yazdıq ki, siz bizim azadlığımız uğrunda mübarizə aparmayın, əsas hədəfi arxa plana keçirməyin, ümumi mübarizəni davam etdirin. Əgər ümumi mübarizə bir tərəfə qalıb həbsxanada olanlar, zal uğrunda mübarizə prioritetə çevrilirsə, hakimiyyət vaxtaşırı olaraq bu tipli problemlər yaradır və müxalifətin mübarizəsinin hədəfini yayındırır”.
S.Cəlaloğlu hesab edir ki, qurultayın minə yaxın insanın iştirakı ilə keçməsi önəmli deyil: “Vaxtilə Kommunist Partiyası 9 nəfərdən ibarət birinci qurultayını Londonda çağırıb. Çar Rusiyası ölkədə belə bir qurultaya imkan vermədiyi üçün kommunistlər bu addımı atıblar. Həmin partiya 10 il keçdikdən sonra Çarı hökumətini də yıxdı, dünya siyasətini də dəyişdirdi. Yəni bu gün görürük bizə böyük zal vermirlərsə, vacib deyil ki, nəyin bahasına olur-olsun böyük zal əldə etmək uğrunda mübarizəyə başlayasan. Vəziyyəti nəzərə alıb elə bir nümayəndəlik təşkil eləmək olar ki, hətta İsa Qəmbərin kabinetində qurultay keçirilsin. Qərar verilə bilər ki, hər 1000 nəfər partiya üzvündən qurultaya 1 nümayəndə seçilsin”.
Həmsöhbətimiz qeyd etdi ki, ən iri müxalifət partiyasının gücü qurultayı üçün yer almağa yetmirsə, müxalifətin gücü məsələsində düşünmək lazımdır: “Müsavat özü də açıq bəyan edir ki, Azərbaycanda ən güclü müxalifət partiyasıdır. Bu gün Müsavat Partiyasının gücü qurultayını keçirmək üçün bir zal almağa yetmirsə, onda biz ümumiyyətlə müxalifətin gücü məsələsinə yenidən, başa rakursdan baxmalıyıq ki, biz müxalifətin gücü deyəndə nəyi nəzərdə tuturuq. Bu güclülük nədən ibarətdir? Mənə elə gəlir ki, biz siyasi mübarizəni düzgün qurmuruq. Birincisi, Azərbaycan müxalifətinin dağınıq olması partiyaların zəifliyinin birinci səbəbidir. İkinci səbəb 1988-1990-cı illərdəki siyasi düşüncə, ideya, həyata baxışlarla indiki siyasi düşüncə, ideya, həyata baxış arasında heç bir fərqin olmamasıdır. Ölkədə və dünyada həddən artıq çox dəyişiklik olub, ancaq müxalifətin özündə həddən artıq mühafizəkarlıq var. Bu mühafizəkarlıq da bizə imkan vermir ki, yeni şərtlərə uyğun yeni siyasi mübarizə üsulları, yeni yollar axtaraq. Üçüncü ciddi səbəb isə uzun illər Azərbaycanda mövcud olan antidemokratik şəraitdə müxalifətin özünün demokratik dünyagörüşünün deformasiyaya məruz qalmasıdır. Bu gün Azərbaycan müxalifətinin elə özü də iqtidar qədər demokratiyadan uzaqdır. Demokratiya uğrunda mübarizə aparıram demək hələ demokrat olmaq demək deyil. Hakimiyyət də deyir ki, mən demokratam, ölkədə demokratiya var. Ancaq hamımız bilirik ki, ölkədə totalitar siyasət həyata keçirilir. Eynilə müxalifət özü də qeyri-demokratikləşib və buna görə də həm bir-birindən, həm xalqdan, həm beynəlxalq ictimaiyyətdən ayrı düşüb. Demokratik cəmiyyətlərdə siyasi qüvvələrə güc verən onların demokratiyaya sədaqətidir. Müxalifət qeyd etdiyim problemlərdən xilas olmağı bacarmalıdır ki, güclü olsun”.
S.Cəlaloğlu hesab edir ki, Müsavatın öncədən qurultayın harada, necə keçirilməsi ilə bağlı 3 ideyası olmalıdır: “Birinci ideya böyük bir zalda qurultay keçirmək. İkinci, böyük zal alınmayacağı halda kiçik bir yerdə qurultay keçirmək. Üçüncü ideya internetdə qurultay keçirmək. Yəni nümayəndələr eyni vaxtda otururlar kompyuterin arxasında; bir mərkəz yaradılır, hamı internet vasitəsilə qurultayda iştirak edir. Beləliklə, hakimiyyətin qurultayın qarşısını almaq üçün planları baş tutmur. Yəni o qədər alternativ variantlar olur ki, hakimiyyət bunun hamısına maneə törədə bilmir. Beləliklə də qurultayın keçirilməsi uğrunda mübarizə arxa plana keçmiş olur”.

musavat.com