Sərhəd hərəkatının 20 illiyi qeyd edilib

serhed-herekatinin-20-illiyi-qeyd-edilib
Oxunma sayı: 664

Vətəndaş Hərəkatının Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Sərhəd Hərəkatı və Milli Birliyə Gedən Yol” mövzusunda konfrans keçirilib. ADP-nin qərargahında baş tutan tədbirdə 350-400 nəfər iştirak edib. Konfrans 1991-ci ilin dekabrın 31-də Naxçıvanla İran sərhədindəki tikanlı məftillərin sökülməsi və bu prosesin ölkənin sərhəd rayonlarına sirayət etməsinin 20 illiyinə həsr edilib.
Vətəndaş Hərəkatının Təşəbbüs Qrupunun koordinatru İbrahim İbrahimli bəyan edib ki, Azərbaycan tarixində milli azadlıq hərəkatının mərhələsinin biri də sərhəd hərəkatıdır. Onun fikrincə, meydan hərəkatından sonra Azərbaycan tarixinə yazılacaq şanlı səhvlərdən biri də sərhəd hərəkatıdır: “Sərhəd hərəkatı sovet imperiyasının çökməsinə səbəb oldu. Sərhəd hərəkatı soyuq müharibədən sonra başlayan yeni bir mərhələnin başlanğıcı oldu. Təsadüfi deyil ki, Berlin divarlarının sökülməsi şər imperiyasının çökməsində əhəmiyyətli başlanğıc oldu. Şərqi Avropadan başlayan bu hərəkatı Pribaltika xalqları əl-ələ verərək qeyd etdilər. O cümlədən bizim ölkəmizdə o taylı, bu taylı Azərbaycanın arasına çəkilən tikanlı məftillərin götürülməsi bu hərəkatın zirvəsi hesab oluna bilər. Əslində bu simvolik addım, həmdə milli birliyə, həmrəyliyə doğru ilk addım idi. Milli azadlıq hərəkatının mərhələlərini özündə ehtiva edən bu hərəkat tariximizə şanlı səhifə kimi daxil olub. Proses davam edir. Sərhəd və meydan hərəkatı müstəqilliyimizin əldə edilməsi baxımından simvola çevrildi və xalqımıza stimul verdi. Beləcə Azərbaycan müstəqilliyini əldə etdi”.

İbrahim İbrahimli xatırladıb ki, sovet imperiyası çöksə, xalqlar müstəqillik əldə etsə də, bütövlükdə proses yarımçıq qalıb, demokratikləşmə qlobal şəkildə həyata keçirilməyib. Onun fikrincə, bu mərhələdə Pribaltika xalqları müstəqil və demokratik ola bilsə də, digər postsovet ölkələrində bu baş verməyib: “Biz bir daha işğala məruz qaldıq. Ölkə ərazisinin 20 faizi ermənilər, 80 faizi isə özümüzünkülər tərəfindən işğal edilib. Mübarizə davam edir. Artıq qlobal demokratikləşmənin ikinci dalğasını müşahidə edirik. Ərəblərin başladığı bu dalğa dünyanı ağuşuna alıb. Bunu bir şeylə izah etmək olar. Böyük Fransa inqilabları Avropanın, qərbin simasını necə dəyişdirdisə, ərəb inqilabları XXI əsrdə Şərqin simasını dəyişir. Bu gün dünya ərəb baharından danışır. Bu dalğa qonşu regionlara keçir və Azərbaycana da təsirsiz ötüşməyəcək. Çünki ata-babalarımız 100 il əvvəl tarixi seçim qarşısında qalarkən demokratiya yolunu seçib müstəqil dövlət qurublar. Bizdə əsrin sonlarında bu mənada babalarımızın seçimini davam etdirərək müstəqilliyimizi əldə etdik. Bu proses dayanmayıb. Biz müstəqilliyimizi əldə etsək də, demokratiya və ərazi bütövlüyümüzü əldə edə bilməmişik. Biz bu səbəbdən dostlarımızı, veteranları mübarizəyə dəvət edirik, əsrin əvvəllərində Azərbaycan xalqı ilin xalqı elan olunduğu kimi, 2012 və ya 2013-cü ildə də ilin xalqı elan ediləcək”.
1991-ci ildə sərhəd hərəkatının aparıcı liderlərindən olan və həmin dövrdə AXC-nin Naxçıvan Vilayət Təşkilatının sədri olmuş Asəf Quliyev 20 il əvvəl baş verənləri xatırladı: “1989-cu ildə Berlin divarlarının yıxılması, pribaltika ölkələrinin əl-ələ verməsi bizə təkan verdi ki, cənubdakı soydaşlarımızla aramızda çəkilən sərhədi götürək. 1970-ci ildə Naxçıvanda gizli təşkilat qurulmuşdu və bu təşkilat Cənubi Azərbaycana xüsusi diqqət ayırırdı. Biz sərhəd məsələsini 1991-ci il noyabrın 11-də AXC-nin Məclisində qaldırdıq. Qərar verdik ki, “21 Azər” günü ilə bağlı sərhəddə tədbir keçirək. Tələb qoyuldu ki, sərhəd sökülsün, 17 min hektar azad edilərək xalqa qaytarılsın. Dekabrın 12-də, sərhəddə ilk tədbirimizi keçirdik. Bu tədbirə cənublu soydaşlarımızdan reaksiya gəlməsi bizi daha da ruhlandırdı. Mən dekabrın 19-da Naxçıvanda keçirilən mitinqin təşkilat komitəsinin sədri idim. Mitinqdə sərhədin sökülməsi məsələsini qaldırdım və xalq bütünlüklə sərhədin sökülməsinə qərar verdi. Bundan sonra AXC lideri Əbülfəz Elçibəylə görüşdük. O, sərhədin sökülməsinə razılığını verdi. Artıq həmin zaman bizimə Mərkəzi Komitədən, Naxçıvan Vilayət Partiya Komitəsindən, eləcədə Sərhəd Qoşunlarının Zaqafqaziya komandanlığı danışıqlar aparır, hədə-qorxu gəlirdilər. Bakıdan Naxçıvana 12 nazir gəlmişdi. Ancaq bütün bunlara baxmayaraq danışıqlarda razılıq əldə edilmədi və biz dekabrın 31-də sərhədi sökdük. Bundan az sonra 31 dekabrı prezident Elçibəy həmrəylik günü kimi tarixə saldı. Sərhəd sökülməzdən öncə bu haqda müzakirə aparılmışdı. Sərhəd hərəkatının baş tutmasının yeganə səbəbi xalqın 90 faizinin bir yerdə olması, birlik nümayiş etdirməsində idi. Bizdən 2 gün sonra Zəngilanda da sərhədlər söküldü və proses ümumilikdə Azərbaycanı əhatə etdi”.
Asəf Quliyev deyib ki, sərhədin sökülməsinin yanlış olduğunu iddia etməyə çalışanlar böyük səhvə yol verirlər: “Sərhəd sökülməsindən sonra İrandan silah və ərzaq gəldi. Yanvarın 18-də ermənilər Naxçıvana hücumlara başlayanda artıq xalq silahlanmışdı. Mən təklif edirəm ki, ayda bir dəfə toplaşaraq Naxçıvanın problemlərini müzakirə edək, çıxış yolları axtaraq. Vəziyyət bu cür davam edə bilməz”.
AXC-nin liderlərindən olan, Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbərdə deyib ki, 1989-cu ildə Berlin divarlarının sökülməsi SSRİ-nin süqutu ilə başa çatıb. Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra dünyada qeyri-müəyyən mərhələ yaşanıb: “Bu mərhələ 1995-ci ilə qədər davam edib. Bundan sonra NATO-nun sülh naminə tərəfdaşlıq proqramı başlanıb, Avropanın sərhədləri böyüyüb. Həmçinin ATƏT, NATO, Avropa Birliyi kimi təşkilatlar müstəqillik əldə edən ölkələrlə əməkdaşlığı dərinləşdirib. Bu proses 2003-cü ilə qədər davam edib və bu məxməri inqilablar mərhələsi ilə əvəz olunub. Bu zaman MDB ölkələrindən demokratik meyllər güclənib, Ukrayna, Gürcüstan, Qırğızıstanda inqilablar baş verib. Ancaq 2005-ci ildə Fərqanə hadisələri ilə avtoritarizm meylləri güclənib, Azərbaycanda da əldə olunan demokratik nailiyyətlər zərbələr altında qalıb. Bu zaman Rusiyanın Gürcüstana istilası ilə avtoritar üsul-idarələr bir qədər də güclənib və Kremlin MDB-də təsir dairəsi genişlənib. 2011-ci ildə Tunisdə demokratik prosesin yeni mərhələsi başlandı. İndi iddia edirlər ki, ərəb baharının başqa regionlara təsiri olmayacaq. Ancaq Fransa burjua inqilabı, eləcədə Rusiya inqilabının dünyaya ciddi təsiri oldu. Baxmayaraq ki, həmin vaxt media, informasiya imkanları indiki qədər geniş və sürətli deyildi. Rusiyada baş verənlər göz önündədir və artıq növbə bizim regionumuza çatır. Biz xalq olaraq 1989-cu ildə ilin xalqı elan edilmişik və bunu bir daha təkrarlamaq zorundayıq. Avtoritar rejimlərə yenilməyin yolu xalq hərəkatından keçir”.
Digər çıxışçılarda sərhəd hərəkatı, onun nəticələri, bundan sonra atılmalı olan addımlar haqqında danışıblar. Sonda iştirakçılar adından meydan, sərhəd hərəkatında iştirak edib prosesdən çəkilənlərə, həmin hadisələrin veteranlarına müraciət edilib və onları bu mərhələdə aktiv olmaq, proseslərə qoşulmağa dəvət edilib.