Sərhəddəki kefli həqiqət

serheddeki-kefli-heqiqet-
Oxunma sayı: 648

Deməli, birinci Azərbaycan sərhədindən başlayaq.

Orda yaranan situasiyanı təsvir etməyə çalışacağam. Hə, elə ki, avtobusdan düşdük, Azərbaycan sərhədinə yaxınlaşanda ürəyimizdən keçirtdik ki, hər şey yaxşı olacaq. Bura bizim vətənimizdi. Çıxıb getmək istəsək də, həmişə pisləsək də öləcək yerimizdir.

Camaata diqqət yetirdim: hamı çox rahat görünürdü. Adamların üzünə sevinc ifadəsi çökmüşdü.

Ancaq deyir, “sən saydığın say, gör fələk nə sayır”. Sıraya düzülüb əlimizdə pasport sanki qıl körpüsündən keçirmiş kimi sıxıntı içində gözləyirdik. Qarşıda dayanan sərhədçi də iki də bir, yeri gəldi-gəlmədi eyni sözləri təkrar etməkdən bezmirdi: “Sıraya düzülün”. Guya camaat başqa şey eləyir? Adama deyərlər, gəl sən bu tərəfə keç, görüm, asandı ya yox. Gendən döyüş adama halva gəlir.

Bir xeyli vaxtdan sonra bəlli oldu ki, neçə-neçə adam sərhəddən keçə bilməyib. Cor-cocuqlu, qocalı, qarılı bir yığın insan kütləsinin təəssüflə geri qayıtdığını görüb nə gizlədim, qorxuya düşdüm. Dedim, bəlkə bizi də buraxmadılar. Elə bil yanımdakı kişi üzümdəki təəccübdən, qorxudan nə vəziyyətə düşdüyümü anladı, hər kəsin eşidə biləcəyi bir səsdə gördüklərimizi izah etdi: “Bunlar Gürcüstan vətəndaşlarıdır. Azərbaycan bir ay qalmağa icazə verir. Bunlar da vaxtı keçiblər. Qırmızı işıq yandı, işin qurtardı. Yavaş hərəkət eləyin ki, qırmızı işıq sizi tutmasın” – görünür, axırıncı sözləri zarafatla deyirdi. Rahatlandım, elə bil üstümdən ağır bir yükü götürüb anrı tərəfə atmışdılar. Həm də kişinin sərbəstliyi xoşuma gəlmişdi. Fikir verdim ki, sərhəddə hamının üzündə qorxu yazılıb, bircə bu kişidən başqa. Hələ üstəlik, kişinin içdiyi hiss olunurdu, iyi də adamı on metrdən vururdu. Bunu bir də kişi Azərbaycanı yıxıb-sürüyən sözlər deyəndə anladım. Sırada dayananlar isə bundan təşvişə düşmüş halda kişini susdurmağa çalışırdılar. O isə elə hey bir əldən üyüdürdü: “Bunların əlinə düşmənim düşməsin. Toyuq su içəndə də başını qaldırıb Allaha baxır. Bunlar da heç insafın bir damcısı da yoxdu.” Kişini genə susdurmağa çalışdılar, o isə bundan daha da coşur, birinin üstünə beşini qoyub hakimiyyətdəkiləri bir-bir sıradan çıxardırdı. Qıraqdan baxsan deyərdin, bu yaxşıdı, ətrafındakılar pis. Hamını cəhənnəmlik eləmişdi. Adamlar isə onun tərəfində deyildilər. Çünki indi işlərinin keçməsi üçün erməniyə “dayı” deməliydilər. Kişi də bunu başa düşürdü. Ancaq içkinin yaratdığı o azadlıq alovu böyüyüb-böyüyüb daş divarları qırıb-parçalamağa çalışırdı. Mən onda anladım ki, həqiqət yalnız kefli vaxtda deyilir. O zaman da həqiqət adamı biabır eləyir, heç kim səni ciddiyə almır. Çox uzatmağa dəyməz: yadınıza Kefli İskəndəri salın, məni yaxşıca anlayacaqsınız.

Yanımızdan aftobusda bərabər gəldiyimiz ailə gəlib keçdi. Sən demə, onları da sərhəddən buraxmayıblar. Balaca qızı, oğlu ilə ortada qalan ata-ana umacaqlı gözləri ilə bizə baxır, sanki kömək gözləyirdi. Məlum məsələydi: cəriməni verib keçməliydilər. Cərimənin həcmi də o qədər böyükdü ki, onu ödəməyə heç kimin gücü çatmaz, bircə varlı hacılarımızdan başqa. Bilin öyrənin: cərimə, yəni, dövlət rüsumu nə az, nə çox, düz 401 manatdır. Mən bunu birinci dəfə eşidəndə inana bilməmişdim. Axı, Gürcüstanda yaşayan Azərbaycanlıların necə çətin bir vəziyyətdə yaşadıqları, çörəyi daşdan çıxartdıqları hər kəsə məlumdur. Onların aylıq gəliri vur-tut 250-300 lari (125-150 AZN) ola olmaya. İndi düşünün: bu pulla zor-güc ailəsini dolandıran adam 401 manat rüsumu necə ödəsin? Bunun cavabını mənə kim verə bilər? Orda bu sualları verəndə eşitdiyim yeganə cavab sükut oldu.

Azərbaycan sərhədini keçəndə geri dönüb baxdım: bayaqdan bizimlə deyə-gülə yol gedən, balaca uşaqları olan ata-ana gözlərini maşınlara dikib susmuşdular. Arxamızca gələn, bayaqdan dil boğaza qoymadan danışan qoca kişi də artıq susmuşdu, ancaq mənə nədənsə elə gəldi ki, o hələ də danışır. Mən bir də düşündüm ki, deyəsən, sərhəddə ən yadda qalan elə sükutun özüdür.

Gürcüstan sərhədini isə çox rahat keçdik. Yəqin, gürcülərin başlarına daş düşmüşdü. “Modi, modi!” (“Gəlin, gəlin!”) deyə-deyə gürcülər tezbazar hamını yola saldılar. Amma keçən il belə olmamışdı. Gürcülər bizi sərhəddə düz dörd saat gözlətmişdilər. Əgər camaat səsini başına atıb şüvənlik açmasa çətin buraxacaqdılar. Sonra bir qadın yalandan ürəyini tutub yerə yıxılmışdı. Yalnız bunlardan sonra gürcülər insafa gəlib bizi sərhəddən keçirmişdilər. İndi isə əksinə vəziyyəti görüb şaşırmışdıq. Görəsən, gürcülər Saakaşvilinin bizim prezidenti tərifləməyinimi eşidiblər ya da Azərbaycanın onlara qaz verməyinimi yadlarına salıblar? Hər nə idi, bilmirəm, amma gürcülər bizi gülə-gülə yola saldılar, hətta bəziləri Azərbaycan dilində “Sağ olun” da dedilər. Sevinc, təəccüb qarışıq aftobusa doluşduq. Gürcülərin xoş rəftarı gözümün qabağından keçmirdi. Avtobusun ön şüşəsindən isə kəndə gedən yol dururdu...