Sərhəddən keçmək hər oğulun işi deyil...

serhedden-kecmek-her-ogulun-isi-deyil
Oxunma sayı: 703

Nə isə, müdrik kəlamları bir kənara buraxaq, deməli, Gürcüstana, doğma kəndə yola düşmüşdüm. Yol boyu da bu kimi şeyləri beynimdə götür-qoy edirdim.

Bakını yavaş-yavaş çıxanda şəhərin elə bil yalqızlaşdığını hiss elədim. Bəlkə də burdan gedən hər kəsdə Bakı bir az daha tənha görünür. Paytaxtımızın xətrinə dəyməsin: Bakıya qayıtmaq mənim üçün heç vaxt sevindirici gəlməyib. Çünki şəhərə qayıdanda mənə elə gəlir ki, indi sən onun yanında tənha qalıbsan, təklənibsən. Nə bilim, bu düşüncə məni həmişə Bakıdan qırağa çıxmağa səsləyir...

Söhbət başımızı qatdı... pəncərədən uzanıb gedən çölə, ağacsız, otsuz yerlərə baxa-baxa bir də gördüm aftobus silkələnib dayandı. İstinin yandırıb-yaxdığı, ətrafda yaşıllığın gözə dəymədiyini görəndə yəqin elədim ki, bura Kürdəmirdir.

Yaxınlıqdakı kafeyə tərəf addımladıq. Guya adı göl olan yerdə qurulan kafenin müştəriləri də əsasən ağcaqanadlar və milçəklərdi, adamlar isə iki-bir, üç-bir gözümə dəyirdi.

Yaxın masaların birinə tərəf addımlayanda yadıma Kürdəmirdən olan gənc yazar dostum Nərmin Hüseynzadə düşdü. Öz-özümə Nərminə heyfsləndim və düşündüm ki, görəsən, günəşin qarsıyıb yaxdığı bu yerlərdə şair doğula bilər ya yox. Məsələn, mən belə yerdə bircə gün də dözə bilmərəm. Tanışlarım bilir, məndə darıxmaq xəstəliyi var: fərqli, içimə yatan bir yer görməsəm dünyam dağılar. Bakıdan tez-tez qaçmağım da buna görədir.

Getdiyin yerin, gördüklərinin yaradıcılığa da təsiri güclü olur. Zarafat eləmirəm, ciddi sözümdü. Bir düşünün: Dostoyevskini Kürdəmirə gətirsən o, heç dişə yatan bir əsər də yaza bilməzdi.

Çayı içib ayıb olmasın, tualetə getdik. Burda Seymur Baycanın bu haqda yazdığı məqaləsini xatırlayıram. Doğurdan da, Seymur yazısında necə də haqlı görünür. Tualetin içərisi milçəklərlə dop-doluydu, hər tərəfdən üfunət, mizik iyi gəlirdi, nəfəs almaq belə istəmirdin, gərək burnunu tutaydın. Bura təşrif buyuran adamlar da içərinin pis kökdə olmağını görüb siz Allah bağışlayın nəcislərini hara-gəldi tökmüşdülər. Ona görə də hər yerdən dözülməz bir qoxu gəlirdi. Hələ əl-üz yumaq üçün nə düz-əməlli bir yer, nə də islanmış yerlərini qurutmağa kağız yoxdu...
Deyəsən, aftobus tərpənir, tualet söhbətini buraxıb sərnişinlərə qoşulsam yaxşı olar, yoxsa sürücü məni buraxıb gedər...

Elə düşünün kinoda göstərilən mənzərələrə baxırsınız, mənim də yazımın həmən məqamı yetişib. Bəli, yenə uzanan boz, quru çöllər, daha sonra da cod meşələr, ağaclar, dağlar qaçıb arxada qalırdı... İçəridə isə ağız-ağıza verib danışanlar, qulaqcığı taxıb gözünü yola dikənlər, uşağına yemək yedizdirənlər...

Yolun artıq çoxu arxada qalmışdı. Bunu düşündüyüm vaxt aftobus silkələnib dayandı. “Qazaxda bir az əl-üzünüzü yuyun, həm də yol pullarını hazırlayın” – sürücünün bunu deməsi ilə ciblərimizi eşələməyimiz bir oldu, belə vəziyyətdə də çölə çıxdıq. Pulu sürücüyə uzadanda onun işini düz tutduğunu anladım. Axı neçə dəfə olub, sərhəddə sərnişinlərdən bəziləri qayıtmaq zorunda qalıb, səndləri düzgün olmayıb, ilişib ordaca qalıblar və s. və i... Sürücümüz də bunu görə-görə gələn adam olduğu üçün bilir ki, birdən orda kimsə sərhəddi keçə bilməz, yol pulu da verilməz. Ona görə də işini irəlicədən tutur ki, heç bir problem olmasın.

Hə, bura Qazaxdı. Səməd Vurğunun, İsmayıl Şıxlının, Hüsyen Arifin doğulduğu yerlər. Gənc yazar Mövlud Mövludun öyə-yə qurtara bilmədiyi, insanları qonaqpərvər, gəzməli, görəli yerləri olan, bağ-bağatlı, yaşıllıq, dağlıq Qazaxdı bura. Adam indi başa düşür ki, Mövlud niyə buraları buraxıb Bakıya gəlmir, gəlib neyləsin, hamının orda alnına qayıtmaq yazılıb. Adamların getmək istəyi üzlərində yazılıb, onsuz da hamı qayıdacaq...

Qazaxı ötüb keçəndə bir az mürgü döydüm. Aftobus yırğalana-yırğalana gedirdi. Bilmədim, səs-küyəmi, ya da bir anlıq gördüyüm duşamı görə, gözümü açdım. Gördüm ki, üstümüzə yol gəlir...
Hamı çığır-bağır salanda artıq çatdığımızı anladım. Ancaq işin çətin tərəfi buraydı. Sərhəddən keçmək hər oğulun işi deyil. Kəndçilərimiz demiş, zulumdu, zulum.
Amma hiss elədim, hava dəyişilib. Düşündüm ki, artıq cəhənnəm arxada qalıb...

P.S. Sərhəddə baş verənləri gələn yazımda oxuya biləcəksiniz...