“Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb”

serqde-ilk-demokratik-respublika-mehz-azerbaycanda-yaradilib
Oxunma sayı: 758

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumunun illik toplantısında müasir dövrün siyasi-iqtisadi problemlərinin, eləcə də qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı məsələlər müzakirə olundu.

Toplantıda 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların və KİV-lərin rəhbərləri iştirak ediblər.

"Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı - 2012-ci ilin öhdəliklərinin müəyyənləşdirilməsi" mövzusu nahar əsnasında keçirilən paneldə müzakirə olundu.
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda çıxış etdi.

Dövlət başçısı ölkəmizin keçdiyi tarixi inkişaf yolundan, demokratik ənənələrə söykənən dövlətçilik tarixindən danışdı, bildirdi ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda 1918-ci ildə yaradılıb.

Prezident İlham Əliyev ölkəmizin XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdiyini bildirdi, 20 il ərzində Azərbaycanda dövlət quruculuğu, demokratiyanın təmin olunması, siyasi-iqtisadi sahələrdə görülən işlərə, ictimai-siyasi sabitlik və digər məsələlərə toxundu. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, son illər ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması və demokratiyanın inkişafında böyük addımlar atılmışdır.

Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan dövlətimizin başçısı bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlıq işlərinə mühüm töhfələr verdiyini də bildirdi.

Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artdığını qeyd edən Prezident İlham Əliyev dedi ki, ölkəmizdə bu gün qeyri-neft sektoruna da böyük diqqət yetirilir.
Dövlətimizin başçısı ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları, sənayeləşdirmə və digər sahələrin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışdı. Prezident İlham Əliyev dedi ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasında böyük işlər görülmüşdür.

Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti də qeyd etdi.

Azərbaycanın qarşısında bütün sahələrin inkişafı ilə əlaqədar mühüm vəzifələrin durduğunu bildirən dövlət başçısı ölkəmizin bu istiqamətdə səylərini davam etdirəcəyinə və yeni uğurlara nail olacağına əminliyini bildirdi.

Toplantıda, eyni zamanda, Ukrayna Prezidenti Viktor Yanukoviç və Rusiyanın VTB Bankının prezidenti Andrey Kostin də çıxış etdilər.

Sonra toplantı iştirakçıları sualları cavablandırdılar.