Sevdim, unuduldum...

sevdim-unuduldum
Oxunma sayı: 692

Bəzən rəfin kənarında qalan, üz qabığı saralmış kitablardan birini tapıb oxuyarkən radioda çalan həzin musiqiyə anidən qulaq verib kövrəlməkdir. Bəzən də çox sevdiyin dostlarından birinin nömrəsini seçib telefonun ekranında dəqiqələrcə baxmaq, amma yığmamaqdır. Hər şeyə vecsiz yanaşmaq, qapının nə zaman çalındığını belə hiss etməməkdir. İş yerindəki masada bilgisayarı açıb saatlarla lazımsız vebsitələrdə dolaşmaq, zamanın keçməsini gözləmək, iş saatı bitdikdən sonra yüz dəfələrlə keçdiyin yollardan çantanı yellədə-yellədə tənha keçəcəyini fikirləşib üzülməkdir. Axşamlar təmiz hava almaq adıyla küçəyə çıxıb yorğun-yorğun yeriyərkən yanından fitilləyib keçən, harayasa tələsən maşınların arxasından baxıb dərin köks ötürməkdir. Və bunları düşünməkdən bezmək, usanmaq, yorulmaqdır yalnızlıq.

***

Sevmək – sonunda hüsran olduğunu bilə-bilə özünü oda atmaq, çilingağacla oynamaqdır. Darıxmaq, göz yaşları axıtmaqdır. Bəzən dostlarla danışıb-güldüyün yerdə qəfildən gələn mesaja baxıb əhvalının korlanmasıdır. Bəzən də anidən xəyalında xoşbəxt günlərin düşüncəsini qurub sevinməkdir. Onunla olmaq üçün əhd-peyman qurmaq, ona qovuşmaq, yanında olmaq üçün ürəyinin sürətlə çırpınması, ona gedən yolda fədakar olmaq, hər kəsi laqeydcəsinə qarşına almaq, yanlışlar etmək, qovuşduğun zamansa bütün həyəcanının itməsi, yavaş-yavaş hər şeyin adiləşməsidir. Sonra peşman olmaq, sarsılmaq, bir daha sevməyəcəyinə dair andlar içmək, amma başdan hər şeyi təkrar yaşamaq istəyidir sevmək.

***

Unudulmaq – uzaq şəhərdə, uçuq-sökük divarların dibində darıxmaqdır. Yaddan çıxmaq, sevilmədiyini bilmək, susmaqdır. Nə vaxtsa yazdığın dəftərçənin vərəqlərindəki sevgi qeydlərini tapıb heyranlıqla oxumaqdır. Ürəyindəki boşluğu doldurmaq üçün uzaqlara qaçmaqdır. Amma bilirsən ki, sən qaçdıqca o da arxandan gələr, səni buraxmaz. Çünki kədər getdiyin hər yerdə ən vəfalı dostundur. Unudulmaq bütün kədərli mahnıların sənə həsr olunduğunu zənn etməkdir. Səni unudanın o mahnıları səni düşünərək dinləməsi xəyalıyla özünü aldatmaq, təsəlli tapmaqdır. Unudulmaq getməyin bir addımlığındadır. Olur ki, getmədən də unudula bilirsən. Bax o zaman gedərək unudulmaq, qalmaqdan daha şərəfli olur. Ayrılığa aid şeirlər yazmaq keçirsə içindən demək ki, unudulmusan. Unudulmusansa yaşamaq anlamsız gəlir.

Yalnızlıq asan deyil. Unudulmaq sevməyə tərs mütanasibdir. Hər üçü insani hisslərdir. Nəfəs alırsansa demək ki, bunları yaşayacaqsan. Yox, əgər yaşamamısansa, hələ də gec deyil...