Sevgilimin anası

sevgilimin-anasi-
Oxunma sayı: 1060

Ağlım kəsəndən tanıdığım bütün gəlinlər qaynanalarından narazılıq ediblər, qaynanalarına səmimi qəlbdən ölüm arzulayıblar. Bizim bir qonşumuz vardı. Evlərindən dava səsi, gözünü altındansa yumruq yeri əskik olmazdı. Hər davadan sonra da ərinməz-ərinməz küçəyə çıxar, başına gələnləri qonum- qonşuya nəql edər azan vaxtı üzünü qibləyə tutub qaynanasına bolluca qarğış yağdırardı. Allah da bu çarəsiz bəndəsini eşitməzdi ki eşitməzdi. Bir dəfə istəmədən həmin xalanın söhbətinə qulaq müsafiri olmuşdum. Sən demə, bunun qaynanası oturub “Tale yolları ” verlişinə baxıb hönkür-hönkür ağlayırmış. Birdən oğlunun gəldiyini görüb cəld televizoru söndürüb. Anasını gözüyaşlı görən oğul tez bunun səbəbini soruşub. Gözünə döndüyüm ana da nə desə, yaxşıdı? “Get, arvadından soruş, o desin sən evdə olmursan, şişin burnunda çörək verir mənə.” Tipik Azəri kişisinə arvadını döyməkçün bundan gözəl bəhanə olada bilməz, məncə. “Anama neynəmisən, deyib, cumub yazıq arvadının üstünə, nə yemisən, turşulu aş! ”

Bizim rayonda belə ibrətamiz hadisələr tez-tez olurdu. Və hər dəfə də fikirləşirdim ki, görəsən, belə bir hadisə mənim başıma gəlsə, nə olar, neyləyərəm. Bu sualın qarşısında aciz qalırdım, ta ki, bir hadisə haqqında eşitməyənə qədər.

Deməli, bir qaynana gəlinini o qədər bezdirib, o həddə çatdırdıb ki, gəlində etməyib tənbəllik, bütün istedadını işə salıb, qisas almağın yolunu tapıb. Məncə, pis də tapmayıb, qaynanasının aftafasındakı suyu xlorla əvəzləyib...
***

İllər əvvəl “Alma” qəzetində “Mənasız toy adətləri” adlı yazı yazmışdım. Hardan biləydim ki, çox keçməz bütün bunlar mənim də başıma gələr. Etiraf edim ki, həyəcanlı idim. Bəlkə də elə buna görə idi ki, heç kimlə sözüm düz gəlmirdi. Elə bil beş qız, altı oğul evləndirmişəmmiş kimi nəyin necə olması barədə də mübahisə edirdim. Yox, çayı filan vaxtı verək, iki rəngdə olsun, nə bilim, armudu stəkan belə olsun, stəkanın belində lent olsun, çayı mən verim, yoxsa bacım versin və s. kimi mövzularda öz versiyalarımı irəli sürürdümsə də heç biri ilə də razılaşan olmurdu ki, olmurdu. Evdəkilər isə mənə elçilərin yanında özümü necə aparmalı olduğum haqda danışır, bir sözlə, maarifləndirirdilər.

Vədə yetişdi. Təyin olumuş vaxtda qapımız döyüldü. Qulaqlarıma qədər qızarmışdım. Qapını açıb qonaqlarımızı qarşıladılar. Mən lap arxada dayanıb gözləyirdim. Nəhayət, bəyin əmisi gəlib mənimlə görüşdü, başımı aşağı salmışdım. Gülməyim də gəlirdi. Sonra da anası ilə görüşdüm. Yaman mehriban qadın idi. Məni xeyli öpüb qucaqladı. Sonra da deyirlər qaynanalar belə, qaynanalar elə... Əlqərəz ,içəri otağa keçib, qapını möhkəmcə bağladılar. Mən də qaldım divarın bu tayında. İçəridə danışılanları eşitmək üçün nə oyunlardan çıxmadım, ilahi. Düzü, stəkanı divara tutub qulaq asmaq variantı işə yaradı. Səsləri asanlıqla eşidə bilirdim. Beləcə, qulağım divarda 40 dəqiqə keçirdim. Heç kim söhbətə girişmək istəmirdi hələ. Nələrdən danışırdılar bir bilsəniz ! Kolxozdan, sovxozdan, qazdan, işıqdan, sudan, hətta havadan! Nə o tərəfdə oğlum, nə bu tərəfdə, qızım deyən olmadı ki, olmadı. Mən tamam əldən düşmüşdüm. Aclıq, maraq, həyəcan hamısı bir arada, təsəvvür edin. Həm də bir birini tanımayan, ilk dəfə görüşən insanların söhbətini dinləmək həddindən artıq maraqlı idi. Amma iş o yerə çatdı ki, az qaldım içəri girib “lütfən, keçin mətləbə” deyəm. Əldən düşüb getdim mətbəxə, başladım həvəssiz-həvəssiz əlimə keçəndən, gözümə görünəndən yeməyə. Bir az keçmişdi ki, qapı açıldı anam gəldi. Sən demə, mən qapının yanından aralanan kimi keçiblər mətləbə, ediblər elçiliklərini. Yanıb tökülməzmiyəm?! Iki əlimlə başıma döyməzmiyəm? O qədər gözlə-gözlə, qulaqlarını divara dirə axırda da olsun belə...

Yox, mən o qədər də istedadsız deyiləm. Növbəti alternativ variantım da var idi. Otağın bir küncündə gizlətdiyim balaca videokamera!

Əlqərəz, əsas məsələ bu deyil, məsələ odu ki artıq mənim də qaynanam var və mən illərdi hamını girinc qoyan gəlin qaynana münaqişəsinin həllini tapmış durumdayam. Əgər qaynana sözü sizi qıcıqlandırırsa, onu rəfiqənizə belə təqdim edin- Bu qadın mənim sevgilimin anasıdır!