Sevişənlər, sevişmə bayramınız mübarək!

sevisenler-sevisme-bayraminiz-mubarek-
Oxunma sayı: 977

Demokratiyanın ən böyük şərti olan “azlıq çoxluğa tabedir” fəlsəfəsinə sadiq qalaraq mən də öz növbəmdə sevişmə bayramı münasibəti ilə müsəlman əsilli həmvətənlərimi təbrik edir, onlara neçə–neçə belə sevişmə bayramları arzulayıram.

Aşağıdakı mövzunu isə “Din və İnqilab” adı ilə aylar əvvəl yazmağa başlamışdım. Sevişmə gününə qədər tamamlaya bilmədiyim üçün adını dəyişib yuxarıdakı başlığı qoydum. Və bir daha əmin oldum ki, iman sevgisi olmayan cəmiyyətdə bütün bayramlara sevgi olar, həmçinin “gey parad”, “çılpaq velosiped yürüşü” və s. bayramlar da daxil olmaqla.

“Din və İnqilab” mövzusuna toxunmağımın əsas səbəbi isə irtidad dinindən olan həmvətənlilərimin hər addımda “Qərb dini kənarlaşdırdı, onun üçün də inkişaf etdi” fikrinin nə qədər həqiqət olduğunu açıqlamaqdır. Düzdür, bəzi irtidad təmsilçiləri məsələnin nədən ibarət olduğunu bildikləri üçün Qərbdə Xristian dininin özünü deyil, dini hökmlərin kənarlaşdırıldığını söyləyirlər, lakin böyük əksəriyyət kor-təbii şəkildə yuxarıda yazdığım fikri iddia etməkdədirlər.

Nəzərə alsaq ki, bəşəriyyət 20 min il fasiləsiz olaraq dinin təsiri altında yaşamışdır və qısacası din; əxlaq, qanunlar, anlayış və hətta dil də daxil olmaqla insan həyatının bütün sahələrinə sirayət etmişdir, dini hökmləri insan həyatından çıxarmaq mümkündürsə belə, dinin özünü insandan uzaqlaşdırmaq mümkün deyildir.

Bu baxımdan dinin insan həyatında mühüm bir hadisə olan inqilaba da təsir etməsi labüddür, qaçılmazdır.

Səfalət problemdir, eyni zamanda günahdır. Mülkiyyətin dəyişməsi ilə həll edilir, lakin şəxsi səy, meyl və xoş niyyət də tələb olunur. Çünki mal sahibləri dəyişdikdə insanlar arasında kin və nifrət hissi qalarsa, heç bir şey dəyişilməmiş hesab olunar.

Səfalət sadəcə bir sosial problem deyil və səfalətin, yoxsulluğun səbəbi yalnız mərhumiyyət də deyildir. Mərhumiyyət onun görünən tərəfidir. Səfalətin və yoxsulluğun mahiyyətində imkanların qıtlığı yox, mərhəmətin qıtlığı durur. Hər bir sosial problemin həlli insani problemi də əhatə etməlidir. Başqa sözlə ifadə etsək, inqilab kütlə içindəki münasibətləri deyil, insanlar arasındakı münasibətləri dəyişdirməlidir. Bu mühümdür.

Din, inqilabi zəmin olan mərhəmətin qıtlığına qarşı çıxır və bunu günah sayır. İnsan isə heç bir zaman ətrafında baş verənlərə “laqeyd” deyildir. Şəraitdən asılı olmayaraq mərhəmət qıtlığından əziyyət çəkər. Dinin köməyi nəticəsində cəmiyyətlərdə mərhəmət qıtlığı daha qabarıq şəkildə görünür. Uşaq əməyinin istismarı, qadınların ağır fiziki işlərdə çalışması, uzun iş saatları və digər çatışmamazlıqlar imkanların qıtlığı deyil, mərhəmətin qıtlığının göstəriciləridir.

İrtidad təmsilçilərinin iddia etdiyi “Qərbdə dini kənarlaşdıranlar”-ın özləri belə dinin hakim olduğu ailələlərdə yetişmiş insanlar olmuşdular, baxmayaraq ki, sonralar dinə qarşı çıxaraq dindarlara divan tutdular. Məsələ, Oktyabr İnqilabının təşkilatçıları Lenin, Stalin, Zinoyev və digərləri yoxsulluğu bir sosial problem olaraq göstərməklə bərabər, mərhəmət qıtlığını da bolşevik şüarına çevirmişdilər. Yoxsulluğun insanın vücuduna, mərhəmətsizliyin isə onun ruhuna təsir etdiyini bolşeviklər yaxşı bilirdilər. Çünki özləri də dini mühitdə böyümüşdülər.

Eyni hadisə Fransa İnqilabı və Cümhuriyyətinin qurulduğu ilk illərdə Türkiyədə də təkrarlandı. 600 il İslama bayraqdarlıq etmiş Osmanlı dövlətinin yetişdirdiyi Mustafa Kamal Paşa, İsmət İnönü və s. Qurtuluş Savaşı zamanı cəbhə xəttində söylədikləri nitqləri adətən Allahın şəhidlərə, qazilərə vəd etdiyi nemətlərdən ibarət olardı. Lakin Cümhuriyyət qurulduqdan dərhal sonra ilk iş elə həmin şəhid və qazi ailələrinə qarşı Səlib yürüşünə çıxmaq oldu.

Yazının bu yerində oxucu haqlı olaraq maraqlana bilər ki, niyə dindar ailələrdə yetişənlər sonradan dinə qarşı çıxarlar, dindarlara zülm edərlər?

Din, ədalət axtarmaz və axtartdırmaz, din bir-başa ədaləti əmr edər. Din haqqında az-çox məlumatı olan hər kəs bilir ki, ədalətsizliyə, zülmə, səfalətə qarşı çıxan da dinin ədaləti əmr etdiyi üçün dindarlar olacaqdır. Bunu əgər çox cüzi dini məlumatı olan bilirsə, deməli dini ailələrdə yetişənlər də bilirlər.


Yenə bolşeviklərdən misal verəcəyəm. Lenin və ətrafı anlayırdı ki, dinin cəmiyyətdə təsiri olduğu müddətdə inqilabdan sonra planlaşdırdıqları “mərhəmət qıtlığı”-nı həyata keçirməyə müvəffəq olmayacaqlar. Harvard Universititetinin nəşri olan "Kommunizmin Qara Kitabı"-da (The Black Book of Communizm) (səh.125) bolşeviklərin dinin cəmiyyətdən çıxarılması hadisəsi belə təsvir edilir: "Lenin 19 mart 1922-ci il tarixində Siyasi Büroya göndərdiyi məktubunda yazırdı ki, hazırkı aclıq bizim xeyrimizədir. Biz 99 % əminik ki, kütləvi ölum faktorlarından istifadə edərək düşmənlərimizə zərbə endirə bilərik. Aclıqdan bir-birlərini yeməyə başlayan və bu aclıqdan milyonlarla ölən insanların köməyi ilə, hansı ki, cəsədləri bütün ölkə boyunca yol kənarındadırlar, indi və yalnız indi biz acımadan kilsənin bütün əmlakını müsadirə edə bilərik və etməliyik. Aclıq sadəcə çara olan etibarın deyil, həmçinin Allaha olan inancı da dağıdacaqdır".

İnqilab sırf iqtisadiyyatı və siyasəti əhatə edən bir hadisə deyildir. Bütün inqiliabların dini xassələri vardır: ədalət, şəhidlik, bərabərlik və s. Hətta dinə qarşı olan bir inqilabın belə “qardaşlıq” şüarları dinin əlamətidir.

Qısacası, irtidad dinin nümayəndələrinin dedikləri həqiqətə uyğun olmadığı göz qarşısındadır. Qərb dini hökmləri kənarlaşdırdısa belə, dinin özünü insanların həyatından çıxarmaq mümkün deyildir. Ən dinsiz, imansız insanın belə etdiklərinin çoxu dini əməllərdir. İnqilab hadisəsi söylənilənlərin ən bariz nümunəsidir. Dini istedadı olmayan bir cəmiyyətin inqilab etmək istedadı da yoxdur. Ən güclü inqilabi hərəkatlar dinin olduğu yerlərdə baş verdiyini də gündəlik mətbuatdan oxuyuruq. 1930-cu ildə Şəki üsyanını yada salmaq kifayət edər.

Bir daha təkrarlayıram. Dini istedadı olmayan bir cəmiyyətin inqilab etmək istedadı da yoxdur.