“Şəxsi mənafe güdənlərin YAP-da təmsil olunması yolverilməzdir”

sexsi-menafe-gudenlerin-yap-da-temsil-olunmasi-yolverilmezdir
Oxunma sayı: 666

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Vasif Talıbovun sədrliyi ilə YAP Naxçıvan Muxtar Respublikası təşkilatı idarə heyətinin ötən ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib. “Qafqazinfo” Azərtaca istinadən xəbər verir ki, iclasda YAP Naxçıvan Muxtar Respublikası təşkilatının icra katibi Anar İbrahimov hesabat məruzəsi ilə çıxış edib.

İdarə heyətinin iclasında tapşırıq və tövsiyələrini verən Ali Məclisin sədri Vasif Talıbov deyib ki, 2012-ci il partiyanın qurumları üçün olduqca tələbkar və məsuliyyətli bir dövrdür. Bu il YAP-ın yaranmasının 20-ci ildönümü tamam olur. Siyasi, ideoloji və təşkilati fəaliyyət bu amil nəzərə alınaraq, eləcə də müasir dövrün reallıqları əsas götürülərək qurulmalı, davam və inkişaf etdirilməli, qarşıda bizi gözləyən vəzifələr icra olunmalıdır. Qeyd olunub ki, YAP-ın qurucusu Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra partiya hakim partiyaya çevrilib. Hakim partiya statusunu qorumaq üçün hər bir partiya üzvü, partiyanın muxtar respublika təşkilatının seçkili orqanları bu günə qədər olduğu kimi, bundan sonra da müstəqil dövlətçilik və azərbaycançılıq prinsiplərini əsas tutaraq öz fəaliyyətini gücləndirməli, hakim partiya statusu bizi arxayınlaşdırmamalıdır.

“Hər bir partiyanın gücü onun üzvlərinin və yerli orqanlarının fəallığından asılıdır”, – deyən Ali Məclisin sədri bildirib ki, partiyanın rayon və şəhər təşkilatları tabeliklərində olan ilk təşkilatlarla əlaqəni gücləndirməli, ilk təşkilatlar isə, öz növbəsində, yerlərdə – şəhər, qəsəbə və kəndlərdə, eləcə də konkret fəaliyyət sahələrində işlərin gedişinə nüfuz etməyi bacarmalıdırlar. Partiyanın seçkili orqanları ilə dövlət hakimiyyət orqanları arasında əlaqələr güclənməli, çevik xarakter almalıdır. Ötən il bir sıra təşkilatlarda baş verən pozuntularla bağlı mətbuatda tənqidi materiallar verilmişdi. Əgər partiya üzvləri, ilk təşkilatlar vaxtında mövqelərini bildirsəydilər, bu nöqsanlar olmazdı. Partiyamızın Naxçıvan təşkilatının idarə heyəti, şəhər və rayon təşkilatları unutmamalıdırlar ki, muxtar respublikada baş verən hadisələrə görə dövlət hakimiyyət orqanları ilə bərabər onlar da məsuliyyət daşıyırlar. Partiya fəaliyyətində bu amil daim diqqət mərkəzində saxlanmalıdır”.

Ali Məclisin sədri deyib ki, partiya işi daim yaradıcı fəaliyyət tələb edir. Ona görə köhnə metodlardan əl çəkmək, işə çevik xarakter vermək lazımdır. Bu gün heç bir seçkili orqan qarşısında “daha çox iclaslar keçirin və məruzələr oxuyun” vəzifəsi qoymuruq. Bizim vəzifəmiz insanlarla canlı ünsiyyət, kütlə ilə işləməyi bacarmaq, ictimai şüura təsir mexanizmini təkmilləşdirməkdir. Bu prinsip partiya quruculuğunun və təbliğat-təşviqat fəaliyyətinin mühüm istiqamətinə çevrilməlidir. Yeniləşən cəmiyyətdə partiya işi də yeniləşməli və inkişaf etməlidir. Bu inkişafı təmin etmək üçün gənc və yaradıcı qüvvələri partiya sıralarına cəlb etmək, onlarla məqsədyönlü iş aparmaq, ulu öndərimizin ideyaları əsasında partiya işinin istedadlı davamçılarını, gənc siyasətçilər nəslini yetişdirmək lazımdır. Gənclərlə iş daim diqqət mərkəzində saxlanmalıdır. Partiyanın muxtar respublika təşkilatının idarə heyəti, şəhər və rayon partiya təşkilatları gənclər birliklərinin fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirməli və onun icrası ilə bağlı ayda bir dəfə məlumat verməlidirlər. Partiyanın rayon və şəhər təşkilatları qadınlar şuraları ilə işin təşkilinə diqqətlə yanaşmalı, partiya təşkilatlarının fəaliyyətində qadın üzvlərin və qadınlar şuralarının fəallığı təmin olunmalıdır.

Ali Məclisin sədri bildirib ki, yeni üzvlər qəbul edilmədən partiya işi genişlənə və inkişaf edə bilməz. Faktlar göstərir ki, bəzi təşkilatlar bu məsələdə ifrata varır, kəmiyyət amilinə üstünlük verirlər. YAP sıralarına o şəxsləri qəbul etmək lazımdır ki, onlarda yüksək mənəvi keyfiyyətlər, partiya işinə, Heydər Əliyev yoluna və siyasi irsinə böyük məhəbbət və inam olsun. Təsadüfi insanların, şəxsi mənafe güdənlərin partiya sıralarında təmsil olunması yolverilməzdir. Ona görə partiya sıralarına qəbul ümumpartiya fəaliyyətinin mühüm istiqamətinə çevrilməli, partiya üzvlüyü vəzifələrinin təqdimatı düşündürücü və yaddaqalan formatda olmalıdır. Partiya təşkilatları siyasi-ideoloji işin təşkilinə diqqəti artırmalıdırlar. İdeoloji fəaliyyət kampaniyaçılıqdan xilas olmalı, real məzmun kəsb etməlidir. Bunun üçün imkanlar bir daha nəzərdən keçirilməli, partiyanın məxsus olduğu güclü elmi və siyasi kadr potensialından məqsədyönlü istifadə edilməlidir. Muxtar respublikanın kütləvi informasiya vasitələri ilə iş partiya fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilməli, bu iş planlı şəkildə aparılmalı, təbliğat və təşviqat işi canlandırılmalıdır.

Ali Məclisin sədri YAP-ın yaradılmasının 20 illik yubileyinin keçirilməsi ilə əlaqədar ayrıca tədbirlər planının hazırlanmasını və bu plan əsasında müvafiq tədbirlərin keçirilməsini tapşırıb. “Bizim vəzifəmiz əldə olunmuş nailiyyətlərlə arxayınlaşmamaq, partiya-təşkilat işini daha da gücləndirmək, partiyamızın cəmiyyətdə tutduğu yüksək mövqeyi qoruyub saxlamaqdır”.