Şeytan üzərində məhkəmə

seytan-uzerinde-mehkeme
Oxunma sayı: 719

Keçən ilin son günləri xeyli film izlədim. “Xalq Larri Flintə qarşı”, “Şeytan üzərində məhkəmə”, “Bizim Papamız var”. Bəhs etmək istədiyim film isə “Şeytan üzərində məhkəmə”dir. Film komediyadır. Qısa süjetini deyim. Hüquqşünas-tələbə Lok Brayen Şeytana qarşı 8 trilyon dollar həcmində iddia qaldırır. Şeytan məhkəməyə təşrif buyurur. Bütün dünya telekanalları bu məhkəməni canlı yayımlayır. Telekanalın qonağı olan ekspertlər məhkəmənin gedişi ilə bağlı öz fikirlərini səsləndirirlər. Lok Brayen dünyada baş verən bütün bədbəxtlikləri şeytanın üzərinə yükləyir. Məntiqli əsaslandırmalar aparır. Şeytan da iddia tərəfindən geri qalmır. O da öz məntiqli müdafiəsi ilə Lok Brayeni çıxılmaz vəziyyətə salır. Və onların arasında olan dialoqlar ciddi olduğu qədər də komik situasiya yaradır. Filmə baxıb xeyli güldüm. Gülməsəydim məntiqli ironiyaların içində boğula bilərdim. Çox düşündürücü filmdir. Ancaq filmdən ən yadda qalan dialoq budur. Şeytanın vəkili ilə Lok Brayen arasında olan dialoq:

- Mister Brayen, sadə bir sual: siz allaha inanırsınızmı?
- Bəli, inanıram.
- Şeytana inanırsınızmı?
- Əlbəttə.
- Sizin şeytandan xoşunuz gəlirmi?
- Bu nə səfeh sualdır? Əgər mənim ondan xoşum gəlirsə, onda niyə onu məhkəməyə verməliyəm?
- Siz haqlısınız. Amma sizə elə gəlmirmi ki, siz ondan heç də yaxşı deyilsiniz?!
- Hər şeydə şeytan günahkardır.
- Doğrudan?! Bu da sorğu-sual protokolu. Ananız öləndə, tibb bacısı sizin “ay allah, sən buna necə yol verə bilərdin axı?!” dediyinizi eşitdi. Bu sizin sözlərinizdir? Bu sizin sözlərinizdir, cənab Brayen?!
- Bəli, mənimdir.
- Sitat verirəm: “Ay allah, sən buna necə yol verə bilərdin axı?!”
- Siz nəyə eyham edirsiniz?!
- O anda siz şeytanı deyil, allahı ittiham edirdiniz!

Filmdən məhz bu hissənin beynimdə ilişib qalması təsadüfi deyil. Filmin axırında bəlli olur ki, sən demə Lok Brayen yuxuya gedibmiş, özü də kitabxanda. Divara isə bir həkimin fotosu vurulub. Həmin həkim də Lok Brayenin məhkəmədə çəkişdiyi şeytan imiş. Rafiq Tağının öldürülməsinə haqq qazandıranların belə bir yuxu görməsini çox arzulayıram.

Bu belə. Keçək digər bir məsələyə. Bəzi oxucular irad tuturlar: “Bunlar başqa dinin əleyhinə belə yaza bilməzlər”. Tövratdan bəyənmədiyim ayələri burada məmnuniyyətlə qeyd edirəm:
Yezekel 9: İsrail Allahının izzəti dayandığı keruvun üstündən qalxıb məbədin kandarına getdi. Rəbb kətan paltar geyinmiş, belində yazı qutusu olan adamı çağırıb ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy». Sonra o biri adamlara bunu dediyini eşitdim: «Onun ardınca şəhəri gəzin və adamları qırın, yazığınız gəlməsin və rəhm etməyin. Qocanı, cavanı, ərə getməmiş qızı, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə işarə olan adamlara toxunmayın. Mənim Müqəddəs məkanımdan başlayın». Onlar da məbədin önündə olan ağsaqqalları qırmağa başladı. Rəbb onlara dedi: «Məbədi murdarlayın, həyətləri cəsədlərlə doldurun. Haydı, işə başlayın!» Sonra onlar gedib şəhərdəkiləri qırdı.

Qanunun Təkrarı 22: “Əgər bir qız kiməsə nişanlıdırsa, şəhərdə kimsə onu tapıb cinsi yaxınlıq etsə, o zaman onların ikisini də o şəhərin darvazasına çıxararaq daşqalaq edib öldürün. Şəhərdə olduğu halda qışqırmadığı üçün qızı, yaxınının nişanlısını ləyaqətsiz etdiyi üçün kişini öldürün. Beləliklə, İsraildən pisliyi atın”

Qanunun Təkrarı 25: “Əgər dalaşan iki kişinin arvadlarından hansısa ərini döyən kişinin əlindən qurtarmaq üçün gəlib əl uzatsa və o biri kişinin cinsiyyət üzvündən yapışsa, belə qadına rəhm etmədən onun əlini kəsin.

Əlbəttə, şəxsən mən, əgər 3200 il əvvəl anadan olsaydım, bu qanunları çox mütərəqqi hesab edərdim. İndi hansı bir ağıllı yəhudi durub deyər ki, bu qanunlar bu gün də ümumişləkdir?! İsa Peyğəmbər Musa peyğəmbəri inkar etmədimi? Hanı İncildə zorakılığa təşviq edən ayələr? Bəs niyə Rafiq Tağının qətlinə haqq qazandıranlar bunu Quranın konkret ayələri ilə əsaslandırırlar? İncildən sonra yaranan Quranda niyə Tövratdakı kimi “kəsin, daşqalaq edin, qırın, öldürün, vurun” kimi ifadələr işlənib? İşlənib – işlənib, indi hansı ağıllı bu qanunları bu gün də işlək sayır? Hansı xristian yazının əvvəlində qeyd etdiyim filmləri çəkən rejissorları bıçaqlayıb? Hansı xristian İsa Peyğəmbərin əcayib-qəraib karikaturalarını çəkən karikaturisti güllələyib? Hansı xristian İsa Peyğəmbəri filmlərdə, karikaturalarda ələ salan adamı müsəlmanlara işləməkdə ittiham edib? Hansı xristian bunu müsəlmanların xristianlara qarşı təxribatı kimi dəyərləndirib? Hansı xristian?..

P.S.: Ölülər dirilmədikcə, dirilər öl(dürül)əcək! (R.R.)