Şeytanın eşşəyi necə olur?

seytanin-esseyi-nece-olur-
Oxunma sayı: 810

Hətta misal olaraq da Qərbin son əsrdə bir neçə nailiyyətini nümunə kimi göstərirlər. Bu baxımdan da həmin iddianın həqiqətə nə qədər uyğun olub-olmadığını təhlil etmək üçün Qurani-Kərimdən 5 ayəni diqqətinizə çatdırıb şübhənin faydalılıq dərəcəsini sizlər ilə bərabər ölçmək istəyirəm. Göstərdiyim ayələr – rüşvət, dövlət malını mənimsəmə, yalançı şahidlik, yetimin haqqını yemə və tərəzidə aldatmağa aiddir.

1. “Mallarınızı aranızda batil (onda haqqınız olmadan) səbəblərlə yeməyin. İnsanların mallarından bir qismini haram ilə yemək üçün, o malları hakimlərə (idarəçilərə) rüşvət olaraq verməyin” (Bəqərə surəsi, 188-ci ayə)
2. “... Kim əmanətə (dövlət malına) xəyanət edərsə, Qiyamət günü xəyanət etdiyi şeyin günahı boynunda asılı olaraq gəlir..” (Ali-İmran surəsi, 161-ci ayə)
3. “Şahidlikdə doğru olanalar” (Məaric surəsi, 33-cü ayə)
4. “Haqqsızlıqla yetimlərin mallarını yeyənlər şübhəsiz qarınlarını ancaq atəşlə doldurmuş olurlar. Onlar alovlu atəşə düşəcəklər” (Nisa surəsi, 10-cu ayə)
5. “Vay olsun əskik satanların halına. Onlar xalqdan özlərinə bir şey aldıqda ölçünü tam çəkərlər və insanlar üçün çəkdikləri zaman əksik ölçərlər. Onlar təkrar diriləcəklərini güman etməyirlərmi?” (Mutəffifin surəsi, 1-4 ayələr).

Açığı, mənim üçün bu ayələrdə şübhə ediləcək heç bir şey yoxdur. Çünki rüşvətə, dövlət malının mənimsənilməsinə, yalançı şahidliyə, yetim haqqının yeyilməsinə və tərəzi, yaxud digər ölçü məəyyən edən vasitələrdə insanların aldadılmasına şübhə etmək belə mənəviyyatsızlıqdır.

İslama sataşmağı mədəniyyət sayan mədənilər daha sonra iddia edirlər ki, İslam 7-ci əsr cəmiyyətinə xas qanunlar məcmuəsidir; indi isə 21-ci əsr olduğundan insanlar daha çox inkişaf edib və bu baxımdan İslam bizə xitab edə bilməz. Mən yenə də yuxarıdakı 5 ayəni gözümün önündə canlandıraraq həmin mədənilərdən soruşmaq istərdim ki, ağız dolusu söylədiyiniz 21 –ci əsrdə rüşvətmi yoxdur, yoxsa dövlət malını mənimsəməmi? Yaxud sizlərin çəkmələrini yuduğunuz Qərbin cinayət məcəllələrində yalan yerə şahidlik edənlərin cinayətə cəlb olunmalarına aid maddəmi? Sizlərdən soruşuram, bunların hansı 21-ci əsrdə yoxdur? Yaxud iddia edə bilərsinizmi ki, 21-ci əsrdə yetim və atılmış uşaqlar mövcud deyildir? Və ya bu əsrdə insanlar artıq tərəzidən istifadə etmirlər?

Təbii ki, İslama sataşmağı mədəniyyət sayan mədənilər verilən sualların heç birini cavablandıra bilməyəcəklər. Çünki 21-ci əsrdə rüşvət də, dövlət malını mənimsəmək də, yalançı şahidlik də, yetimin haqqını yemək də və tərəzidə aldatmaq da vardır. Hətta əksinə əgər 7-ci əsrdə idarəçilər bir-iki dinar və yaxud bir neçə aureus (qədim Romada pul vahidi) rüşvət alırdısa, 21-ci əsrdə idarəçilər rüşvəti milyonlarla alırlar. Əgər 7-ci əsrdə tərəzi sadəcə ticarətdə istifadə edilirdisə, 21-ci əsrdə tərəzi və sayğac insan həyatının demək olar ki, bütün sahələrində istifadə olunur, taksilərdə işlədilən sayğaclardan başlayaraq hava limanlarında sərnişinlərin çantalarını ölçən tərəzilərə qədər. Əgər 7-ci əsrdə yetimlərin sayını 1 nisbəti ilə götürsək, indi bu nisbət 10-a yaxındır. “Dünya Yetimləri Təşkilatı”-nın (World Orphan Organisation) hesablamalarına görə indi dünyada təxminən 163 milyon yetim uşaq vardır. Hər keçən gün isə təqribən 5.760 uşaq yetim qalır. Hətta vəziyyət o qədər acınacaqlıdır ki, 7 May Dünya Yetimlər Günü olaraq təsis edilmişdir.

Digər yandan, 21-ci əsrdə dövlət malını mənimsəmə insanlıq tarixində zirvə nöqtəsinə çatıbdır. Bir çox hallarda bir dövlət məmurunun varidatı dövlət büdcəsindən qat-qat çox olur. Məsələn, Qərbin 70-ci illərə qədər Yaxın Şərqdə vəkili olan İran şahənşahı Muhamməd Rza Pəhləvinin elə həmin Demokratik Qərbin ofşor banklarında saxladığı pullarının sayı bütün İranın dövlət büdcəsindən dəfələrlə çox idi. Belə misalları istənilən qədər uzatmaq olar. Gözümüzün önündə baş verən “ərəb baharı” adlanan hadisələrdən 1-2 diktatorun dünyanı silkələyəcək qədər varidatlarının üzə çıxdığının da şahidi olduq. Qərbin digər müttəffiqi olan Hüsnü Mübarəkin pullarına nəinki Misiri, həttda Afrikanın yarısını almağın mümkün olduğunu da eşitdik. Deməli, dövlətçilik anlayışı mövcud olduğu müddətdə dövlət malına xəyanət edənin cəzasını göstərən Ali-İmran surəsinin 161-ci ayəsi də mövcud olacaqdır. Deməli, yetim uşaqlar yaşadıqca yetimin malını yeyənin cəzasını bildirən Nisa surəsinin 10-cu ayəsi də yaşayacaqdır.

Axı, kim iddia edə bilər ki, mənimsənilən dövlət malında yetimin haqqı yoxdur. Kim deyə bilər ki, zalımlar hər zaman bu dünyada cəzalarını alırlar. Əlbəttdə ki, heç kim. Əlbəttdə ki, mənimsənilən hər xırda dövlət malında belə hər bir vətəndaşın haqqı vardır, yetimlərin isə xüsusi ilə. Əlbəttdə ki, zalımlar heç də həmişə cəzalarını almırlar.

Özlərini 7-ci əsr insanından üstün sayan 21-ci əsr mədənilərinə bu iki əsrin müqayisəsi üçün daha 5 ayəni də xatırlatmaq istəyirəm. Bu ayələr qeybət, intihar, başqasını aşağılama, uşaq aldırma (el arasında abort deyilir) və şərab haqqındadır.

1. “Vay qeybət edənin və qeybət axtaranın halına” (Huməzə surəsi, 1-ci ayə)
2. “Özünüzü öldürməyin…” (Nisa surəsi, 29-cu ayə)
3. “...Bir-birinizi ayıblamayın və bir-birinizi pis ləqəblərlə çağırmayın..” (Hucurat surəsi, 11-ci ayə)
4. “Diri-diri torpaga basdırılan qıza, hansı səbəbə görə öldürüldüyü soruşulduqda” (Tekvir surəsi, 8-9 cu ayələr)
5. “Ey iman edənlər! Şərab, qumar, fal oxları şeytan işlərindəndir və pisliklərdəndir. Onlardan uzaq durun ki, səadətə çatasınız” (Maidə surəsi, 90-cı ayə).

İndi, İslama sataşmağı mədəniyyət sayan 21-ci əsr mədənilərinə üzümü tutub soruşuram, siz, 21-ci əsrde qeybət etmirsiniz bəyəm? Və ya intihar edənlerin 99%-i özlərini mədəni sayan mədəniler deyildirlərmi? 1895-ci ildən etibarən 13 yapon Nobel mükafatıçısı intihar etmişdir. Bunların arasında Ryunosuku Agutava, Yukiy Mişima və Yasunarey Kavabata kimi ədəbiyyat nəhəngləri vardır. Həmçinin, türk mədənilərindən Ziya Gökalp və Bəşir Fuad da intihar edənlər siyahısındadır. Özümü yenə İslama sataşmağı mədəniyyət sayan mədənilərinə sual verməkdən saxlaya bilmirəm. Siz, 1432 ilə müddetinde intihar edən hər hansı bir İslam alimi və ya müsəlaman sərkərdə göstərə bilərsinizmi?

İntihar edənler sadəcə lider mədənilər deyildirlər. 21-ci əsrdə yaşayan sıravi vətəndaşlar da intihar edirlər. Belə ki, Böyük Britaniya Statistika Komitəsinin 2010-ci il üçün hazırladığı hesabatında həmin ildə nə az, nə çox düz 5.608 intihar hadisəsi açıqlanmışdır. Əgər İslamın mövcud olduğu 1432 il müddətində bu dini layiqli şəkildə mənimsəyən müsəlmanlar arasında intihar yoxdursa, deməli, Qurani-Kərim bütün əsrlər üçün aktualdır.

Günümüzdə heç bir ideologiya İslamda olan “bir-birinizi pis ləqəblərlə çağırmayın, bir-birinizi ayıblamayın və bir-birinizi aşağılamayın” kimi dəyərləri təlqin etmir. İslam yerindəcə insanı günaha və cinayətə sövq edən vasitələri aradan qaldırır və günah ediləmədən məsələ həll olunmuş olur. 21-ci əsrdə yaşayanlar İslamın “bir-birinizi pis ləqəblərlə çağırmayın, bir-birinizi ayıblamayın və bir-birinizi aşağılamayın” əmrinə məhəl qoymadıqları üçün kibr, ayıblanma, aşağılanma boğaza qədər çıxmayıbdırmı? Artıq məsələ o həddə çatıbdır ki, Nitşenin “Zǝrdüşt belǝ demişdir” (Thus Spake Zarathustra, 1891) əsərində yazdığı: “Gücsüzləri əsarət altına alın, cəsədləri üzərindən yuxarıya dırmaşın” sözləri əsrimizin şüarına çevrilmişdir...

Təkvir surəsinin 8 və 9-cu ayələrində buyrulan “Diri-diri torpağa basdırılan qıza, hansı səbəbə görə öldürüldüyü soruşulduqda” kəlamı da 7-ci əsrdən indi daha mühümdür, daha aktualdır, desəm yanılmaram. “Yaşamaq Haqqı” təşkilatının (Right to Life Organisation) hesablamalarına görə hər il dünyada 46 milyon uşaq aldırma (abort) hadisəsi baş verir. İngiltərənin “Dayli Mail” qəzetinin 25 may 2010-ci nüsxəsində isə 2009-cu ildə ölkədə 189.100 uşaq aldırmanın qeydə alındığını və 136 uşaq aldırma əməliyyatının da 14 yaşdan kiçik qızların etdirdiyini yazmışdır. ABŞ-da bu vəziyyət daha acınacaqlıdır. Statistik məlumatlara görə Demokratiyanın beşiyi olan bu ölkədə hər il 1000 qadından 22-si uşaq aldırma əməliyyatı etdirir.

Şərabın zərərləri də zənnimcə 7-ci əsrdən indi daha çoxdur. Baxın, Britaniyanın Daxili İşlər Nazirliyinin verdiyi məlumatlarda hər il ölkədə orta hesabla 3 min insan sərxoş halda sükanı idarə etdiyi üçün dünyasını dəyişir və yaxud ölümcül yaralanır. İslama sataşmağı mədəniyyət sayan mədənilərin görəsən bu rəqəmlərdən xəbərləri vardırmı? Görəsən, onlar düşünmədilərmi şərabın zərəri bütün dövrlər üçün eynidir.

“İslam 7-ci əsr üçündür” kimi cəfəng ifadələr işlədərkən mədənilər anlaya bilmədilərmi ki, Allahu-Təalanın Maidə surəsinin 90-cı ayəsinde buyurduğu “şərabdan uzaq duranlar” 21-ci əsrde də zərər görmürlər və 41-ci əsrdə də zərər görməzlər. Yəni, bunu anlamaq, dərk etmək bu qədərmi çətindir?

Sonda, üzümü İslama sataşamağı mədəniyyət sayan mədənilərə tutub deyirəm ki, mənimlə razılaşarsınız ki, eşşək olmaq bir ayıbdırsa, şeytanın eşşəyi olmaq iki ayıbdır, elə deyilmi?