Şeytanlaşdırılan mələklər

seytanlasdirilan-melekler-
Oxunma sayı: 659

Elə zənn etmişik ki, bizim kimi deyillər-yemirlər, içmirlər. Hardasa mələyə bənzətmişik onları...

5 oktyabr Beynəlxalq Müəllimlər günüdür. Yəni müqəddəs peşə sahiblərinin peşə bayramıdır. Etiraf edək ki, əvvəlki illərə baxanda müəllimlərə qarşı diqqətin artdığını müşahidə edə bilirik. Həmən yüksək maaş almadıqlarını, çətinliklə dolandıqlarını fikirləşməyək. Mən o diqqətdən danışıram ki, onların özlərinin də işlə təmin olunması üçün imtahan verməkləri, test olunmaları özü də böyük irəliləyişdir. Mənim müəllimlərimin əksəriyyəti çox yaşlı idi. Hərfləri belə çətinliklə görürdülər. Belədə ən yaxşı halda uşaq dərsdə uzaqbaşı darıxa, dərsin vaxtının tez bitməsini arzulaya bilər. Bu gün isə gəncləşən pedaqoji sistemin şahidiyik. Bu, çox gözəldi. Digər bir məqam çoxalan liseylər, gimnaziyalar, fərqli, təkmilləşmiş təhsil sistemidir ki, bunu da təhsilimizin uğuru kimi qiymətləndirə bilərik. Yaşlı müəllimlər inciməsin, həqiqət-çılpaq olanda gözəl olur.

***

Hə, gələlim, əsas məsələyə. Bizim uşaq təfəkkürümüzdə mələk qiyafəsində olan müəllim, biz böyüdükcə həmin “qiyafəsini” soyunur. Dərsdən evə dönən kimi dərslərin necə keçdiyini demək əvəzinə ilk dediyimiz söz “müəllim dedi ki, süpürgəpulu gətirin” kimi sözlər oldu. Valideynlərimiz nəhayət dilə gəldilər, bizə bunun yaxşı iş olmadığını anlatdılar, müəllimləri get-gedə pis çıxmasın, soyğunçu kimi tanıdıq. İlahi, bir ildə nə qədər süpürgəpulu yığılardı? “Süpürgəpulu” fəlsəfəsinin mahiyyətini dərk etdikcə müəllimlərimiz haqqında qurduğumuz xəyalları süpürüb beynimizin bir köşəsindəki zibil yeşiyinə atdıq. Bayramlarda, imtahanlarda pula olan tamahlarının artdığını gördükcə gözümüzdə balacalaşdılar, cılızlaşdılar. Ən nəhayət, özlərini elə bir səviyyəyə endirdilər ki, ehtiram mənasında “müəllim”-müraciət forması tədriclə leksikondan çıxdı. Yəni özünə hörmət edən zəmanə adamı bu səviyyəyə enmiş adamlara edilən müraciəti bilmərrə qəbul etmədi, ona bu cür müraciət edilməsini şəninə sığışdırmadı...

Tolstoyun sözləridi: “Tərbiyə yalnız o vaxta qədər mürəkkəb və çətin bir iş olur ki, biz özümüzü tərbiyə etməmiş, öz uşaqlarımızı və ya başqa birini tərbiyə etmək istəyirik.” Biz Tolstoy kimi düşünə bilməyən müəllimlərdən təhsil, tərbiyə aldıq. Öz təqvimidəki əlamətdar günləri səbrsizliklə gözləyən müəllimlərin dərs vaxtının başlanmasını da eyni səbrsizliklə gözləmələrini görmədik.
Təhsil Nazirliyi səviyyəsində müəllimlərin hədiyyə (rüşvət) alması yolverilməz hal kimi dəyərləndirilsə də, bununla mübarizə mexanizmini hələ düşünüb tapmırlar. Texnoloji inkişaf etdikcə, hədiyyələrin həcmi də böyüyür. Kasıb valideynin o hədiyyələri necə, hansı pulla və yolla aldığını düşünmək gərək...

O fikirlə razılaşmaq olmaz ki, müəllimlərin maaşı yetərli olmadığı üçün hədiyyə davası döyürlər. Bu, artıq vicdan məsələsidi. Vicdanlı müəllimlərimiz də kifayət qədərdi. Ən azından, onlardan örnək almaq olar.

Müəllimlərə fəxri adlar verilir, əməkləri qiymətləndirilir. Ucqar rayonlarda təhsilin səviyyəsini yaxşılaşdırmaq üçün tədbirlər görülür, yeni məktəblər istifadəyə verilir və s. Bunlar yaxşıdı. Yaxşı olmayan isə... müəllimlərin siyasiləşdirilməsi, “hədiyyələrə” möhtac edilməsidi. Pedaqoji sahədə çalışanların hörmət-izzət sahibi olması, yüksək maaşla dolanmasını təmin etmək üçün Türkiyə yaxşı nümunədi.

***

İngiltərənin təhsil sahəsinin təbii ki, təhsilin səviyyəsinin yüksəlməsinə xidmət edən sərt, amansız qanunları əvvəllər necə idisə, indi də o cürdür. Dəyişən hakimiyyətlərin, siyasi ideologiyaların bu ölkənin təhsilinə, səhiyyəsinə və s. zərrə qədər də olsun, təsiri yoxdur. Bu haqda oxuduğum bir məqalənin sonunda müəllif fəxrlə bildirirdi: “Bu günün ingilis şagirdi öz müəlliminə bənzəməkdən qürur duyur...” Cənablar, elə edin ki, bu xalqın övladları da həmişə və hər biri öz müəllimlərinə bənzəməkdən qürur duysun!

Müəllimləri seçki fırıldaqlarında alətə, siyasi ideologiyaların təbliğatçısına çevirməyin, cənablar! Və bir də elə edin ki 5 oktyabr tarixi kütləvi şəkildə müqəddəs peşə sahiblərinin bayramı kimi qeyd olunsun, hədiyyə fürsəti gözləmək üçün ən yaxşı məqam kimi yox...