Şeyxdən Ramazan təbriki

seyxden-ramazan-tebriki
Oxunma sayı: 666

Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm həmvətənlərimiz , əziz müsəlman qardaş və bacılarımiz! İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən bütün Azərbaycan müsəlmanlarını təbrik edir, Allah-taaladan oruclarınızın qəbul, dularınızın müstəcab olmasını diləyirəm.

Müqəddəs Kitabımız Qur`ani-Kərimin nazil olduğu, on bir ayın sultanı sayılan Ramazan həqiqətən nemət və səadət ayıdır – bu ayda müsəlmanlara oruc tutmaq vacib buyurulmuş, ümmətin rifahı üçün sülh və əmniyyətdə olmaq əmr edilmişdir. Müsəlman dünyasında
Eydül-Fitr -- Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək günlərdən biridir. Bu mənada biz Azərbaycan müsəlmanları da Ramazanın ruzi və nemətinə yetişdiyimizə görə Allah-taalanın mərhəmətinə şükr edir və bu mübarək günün ümumxalq bayramı səviyyəsinə qaldırılmasına görə dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyev cənablarına dərin minnətdarlığımızı bildiririk. Dövlətimizin dini sahəyə verdiyi önəmi xalqımızla həmrəyliyin, milli-mənəvi dəyərlərə xüsusi qayğının və Azərbaycan müsəlmanlarına böyük hörmətin göstəricisi kimi qiymətləndiririk.

Bu şərafəti bizə nəsib edən Allah-Təalaya duamız budur ki, Öz böyüklüyü və mərhəməti naminə Azərbaycan xalqını əmin-amanlığa, sabitliyə, milli birliyə, xeyir-bərəkətə yetirsin, ağır sınaqlardan bizi hifz etsin, torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin müstəqilliyini və dövlətçiliyimizi qorumaqda bizə daim yardımçı olsun.

Bu əziz gündə Ulu Yaradanımızın qibləsinə üz tutub, dövlətimiz və millətimiz üçün xoşbəxtlik diləyir və bütün Azərbaycan xalqına xeyir-dualarımı yetirirəm. Allah orucunuzu qəbul eləsin! Bayramınız mübarək olsun!