Şeyxin Aşura müraciəti

seyxin-asura-muracieti
Oxunma sayı: 667

"Əgər kimsə dinə, Allaha hörmət edirsə, bir-birinə və qanuna da hörmət etməlidir". Qafqazinfo Trend-ə istinadən xəbər verir ki, bunu şeyxülislam jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aşura günü çığırmaq, bağırmaq, zəncir vurmaq, biri-birinə əziyyət vermək, küçədə səs-küy salmaq olmaz. “Bunlar şəriətə uyğun deyil. Əgər kimsə istəyirsə, qan vermək üçün məscidlərdə xüsusi yer ayrılacaq, orada qan verə bilər”, - Paşazadə deyib.

O qeyd edib ki, Aşura günü ilə əlaqədar QMİ tövsiyələrini fətva şəklində verib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası noyabrın 24-də Məhərrəm ayı ilə bağlı fətva verib. Fətvaya əsasən, Məhərrəm 1433-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir. Aşura günü 2011-ci il dekabr ayının 6-dadır.

“Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin ruhuna xütbələr oxunmalıdır”, - fətvada deyilir.

Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.

“Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyə günündə idarənin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır”, - fətvada qeyd edilir.