Simarə İmanova evlərinin yanmasına aydınlıq gətirdi – Müsahibə

simare-imanova-evlerinin-yanmasina-aydinliq-getirdi-musahibe
Oxunma sayı: 4018

Əməkdar artist Simarə İmanova dünən “Qafqazinfo”nun yaydığı, xanəndənin anasının ata yurdunu yandırması xəbərinə aydınlıq gətirib. S. İmanova “Qafqazinfo”ya müsahibəsində deyib ki, evin yanma xəbəri doğru olsa da, onun anası tərəfindən yandırılması şayiədir:

- Mən sizə evin hansı səbəbdən yanması haqqında bütün sənədləri verə bilərəm. Mənim anam o evi dişi ilə, dırnağı ilə tikib. O evini necə yandıra bilər? Ağlı yerində olmayan adamlar belə hərəkət edə bilərlər. Bir il yaxındır ki, bu hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin, rayon İcra Hakimiyyətinin rəsmi sənədləri var. Bu sənədlərdə də əsaslandırılıb ki, ev qısaqapanmadan yanıb. Anamın yandırması barədə deyilənlər qeyri-dəqiqdir. Yalan-yanlış şeylərdir.

- Amma sizin kənd bələdiyyəsinin sədri özü bu xəbəri əməkdaşımıza təsdiqləyib və sonradan təkzib edir...

- Dünəndən, bu xəbər yayılandan sonra bələdiyyə sədri mənə zəng vurub, belə xəbər vermədiyini and-aman edir. Deyir ki, Simarə xanım, biz qohumuq, əqrəbayıq, mən necə belə bir məlumat verə bilərəm. Demişəm ki, ev qısaqapanmadan yanıb.

- Deyirsiniz ki, ev bir ildir yanıb. Yanan evinizi bərpa etmisinizmi?

- Xeyr. Hələki bərpa olunmayıb. Gərək dövlət bərpa etsin. Çünki bu hadisə qısaqapanmanın nəticəsində baş verib.

- Simarə xanım, valideynləriniz indi harada yaşayırlar?

- Anam çoxdandır ki, xəstədir. Heç gözü də yaxşı görmür. Yaşlı adamdır. Çoxdandır Bakıda qalır, hətta evimiz yanmamışdan əvvəl. Burada müalicə alır. Xəstə adam kənd yerində necə qala bilər? Soyuqdur, şərait yoxdur. Oğul, qız, hamı ailə qurub. Bütün qonum-qonşu da bilir ki, anam nə vaxtdandır Bakıdadır, müalicə alır, dava-dərmanlarla yaşayır.

Nigar Məmmədli