Siqaret qoxulu uşaqlarımız

siqaret-qoxulu-usaqlarimiz
Oxunma sayı: 714

Dünya siqaretin öhdəsindən gəlmək üçün günbəgün yeni yollar axtarır. Elə bu gün 31 may - Dünya siqaretlə mübarizə günüdür. Nə olsun, bunun bizə, məncə, heç dəxli yoxdur, baxmayaraq ki, biz Dünya Səhiyyə Təşkilatının tütünlə mübarizəylə bağlı çərçivə konvensiyasına qoşulmuşuq. Axı harasa, nəyəsə qoşulmaq adətimizdir. Bizdə mübarizənin hər hansı qığılcımları belə gözə dəymir. Məktəb, institut ayaqyollarında, bina tinlərindəki siqaret kötüklərini saymaqla, bizdəki vəziyyətə qiymət vermək olar. Metroda siqaret qoxulu cavanlar, avtobusda tüstüsünü sərnişinlərinə “dağıdan” sürücü. Nəzarətsiz qalmış uşaqlarımız, gənclərimizin zərərli vərdiş toplamaq bacarığınadakı söz ola bilməz. İllər əvvəl siqareti gizlin çəkən gənclər indi ondan utanmadan, aşkarcasına “ləzzət” alırlar. Klassik kişiləşmə, böyümə amma, hələ adam olmamaq təbi ilə. Hətta az yaşlı uşaqlarımız belə ata, qardaşına siqaret bazarlığı edir. On iki əvvəl bir qanunumuz vardı. Güya 18 yaşına çatmayanlara siqaret satılmamalı idi. Bu qadağa cəmi bir sezon işlədi. Sonra isə yenə də uşağına siqaret satdıran, siqaret aldıran valideynlərin sayı artdı.

Mənim ən çox siqaret çəkilən evlərin balaca sakinlərinə yazığım gəlir. Bu uşaqlar məcburən böyüyünün udduğu tüstüyə məruz qalır. Hələ evi kül qabına döndərənlər də var. Uşaq, paltar, yorğan, divan , hətta az qala yemək də siqaret qoxusu verir. Bilirsiz dünyada hər il passiv siqaret çəkənlərdən nə qədər insan ölür. 600 min insan, onlardan da 400 mini uşaqlardır. Bəli, ətrafını zəhərləyən siqaret aludəçisi başqasının da qatilinə çevrilə bilir. Siqaret yavaş-yavaş öldürür. Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il siqaretlə bağlı xəstəlikdən isə 6 miyon insan dünyasını dəyişir. Xərçəng, vərəm, ürəklə bağlı xəstəliklər sahəsini böyüdür. Hələ bu qədər dövlətdə siqaretlə mübarizə aparıldığı halda, ölüm halları azalmır ki, azalmır. Zarafat deyil, dünya iqtisadiyyatı tütünlə mübarizə üçün hər il 500 miyard dollar sayır. Bəs bizdə? Bizim böyüklü-kiçikli 3 milyondan çoxumuz siqareti sevirik. Ac qalır, amma bu zəhrimarı nə tərgitmək istəyir, nə onu başa salan olur ki, siqareti at. Düzü, dövlətimizin də buna nə həvəsi, nə də marağı var. Axı Səhiyyə Nazirliyinin nəyinə lazım, ölkədə əlində siqaret, quçağında uşağı olan “qayğıkeş”atalar var, yaxud xalq artisti əlində siqaretlə poz verməyi sevir, ya da oğluna söyüş söydürtməklə, siqareti əlinə verməklə fəxr edən valideynləri var. Vərəm, onkoloji dispanserlər xəstə qaynayır. Kimə nə?

Dünya Səhiyyə Təşkilatının bizdəki nümayəndəliyi isə təzə-təzə həvəsli idi, indi isə danışmağa, siqareti belə pisləməyə halı yoxdur. Səhiyyə Nazirliyimizin huyu ona da keçib artıq, neyləsin. Açığı bu barədə araşdırma apardım, çox təəssüf keçirdim. Bu barədə danışmaq istəyən səlahiyyətli, heç səlahiyyıtsiz adam da tapmadım. Bir tək danışmağa, mübaizəyə bacardığı qədər çalışan Eyyub Hüseynov oldu. Azad İstehlakçılar Birliyini qurandan bəri mübarizə nəticəsində filtirsiz siqaretlərin istehsalının dayandırılmasına nail olub. Artıq 6 ildir, belə siqaretlər çəkilmir. Amma sədr onu da deyir ki, bizə 20% qaçaqmalçılıqla siqaret də gətirilir. “Onun da Allah bilir tərkibində nə var.” Eyyub müəllim deyir ki, siqaret adamı iki dəfə kişi edir, bir çəkəndə, bir də tərgidəndə.

Hər halda, siqaret tüstüsü əsirlərini bir az da əsirə çevirən insanlar onu istehsal edənlərdir. Bu istehsal dayanmadıqca, tərgitmə də az olacaq.

Bizim “Tütündən istifadənin məhdudlaşdırılması” haqqında qanundan da kı xəbər yoxdur. Axı Milli Məclisdə siqaretdən hər fasilədə istifadə edən millətin “müdafiəçiləri” bu vərdiş haqqında necə qəti qərar verə bilərlər. Ən əvvəl onlar tərgitməli, siqaretdən istifadəni azaltmalıdırlar ki, camaata da məsləhət verə bilsinlər. Güya qərar qəbul olunsa, işləsə, biz də dünyanın 40-dan olan ölkəsinə, siqaretlə mübarizlərə qoşulacağıq. Yenə də qoşulmaq. Qoşula bilsək, siqaretin qiyməti qalxacaq, ictimai yerdə ondan istifadə edənlər cərimələnəcək, güya tək-tək satılmayacaq (indi qoca nənələr belə siqaret satmalı olur) və ilaxır.

Qonşumuz Türkiyəyə baxaq. Siqaretlə mübarizədə çox qibtə ediləcək ölkədir. Ölkənin istənilən telekanalında siqareti pisləyən, təsiredici sosial reklamlar gedir. Millət bizim kimi estetik cərahiyyəyə səfərbər olunmayıb, hamıya siqareti tərgitmək yolları təklif olunur. Siqareti gözdən salmaq vasitələri axtarılır, təki insanlar təmiz havanı korlamasınlar. Artıq siqaretin qiymətin də gündən-günə qaldırırlar ki, aludəçılır tüstüyə verdiyi pula “acısınlar.”

Bu arada bir vacib məsələ də var. Deyirlər sulu qəlyan(nargilə) siqaretdən qat-qat zərərsizdir. Xeyir, bu fikirlə təsəlli tapanlar yanılırlar. Araşdırmalar göstərir ki, yarım, bir saat sulu qəlyan çəkənlər də eyni zərərlə qarşılaşırlar. Bu müddətdə cana çəkilən o “ləzzət” elə 100 siqaretin tüstüsünə bərabərdir. Son vaxtlar Avropada Asiyadan gələn sulu qəlyan çəkmə dəbi geniş yayılıb. Amma nargilənin ən çox yayılan məkanı-Misirdir ki, orada da dövlət artıq məhdudiyyətlər qoymaq istəyir.

Ən maraqlısı odur ki, ədəb-ərkandan, təmizlikdən dəm vuran İranda qadınların 28%-i sulu qəlyandan istifadə edir. Qızlar 12 yaşdan tütünü “yaxın dost” hesab edirlər. Bunu İranın səhiyyə naziri öz diliylə deyib. Bizim də qadınlar, qızlar çəkir. Özünü göstərmək üçün. Avropa bu vərdişə vaxtı ilə aristokratiyanın əlaməti kimi baxırdı. Hətta deyirlər ki, filmlərdə, fotolarda aktyorlara böyük pullar verirdirlər ki, siqaretlə poz versin. İndi Avropa ayılıb artıq. “Qatil tüstü”nün səviyyəsini azaltmaq naminə pullar xərcləyir. İnanıram ki, bizim antisiqaretə xərcləyəcək pulumuz yoxdur. Pullar artıq istifadə olundu.

Qısası, üzərimizə sinmiş siqaret qoxusundan azad olmaq vaxtıdır. Uşaqlarımız güldür, gülsə təmiz havanı sevir. Siqaretə nifrət arzusu ilə!