Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, noyabrın 28-də "AZEL Elektroniks" şirkətinin sürücüsü Sabir Sadıxov tərəfindən idarə edilən "Nissan Maxima" markalı avtomaşından şirkətə məxsus 218056 manat pulun sürücünün özü tərəfindən oğurlandığı müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsində aparılan araşdırmalar zamanı məlum olub ki, Sadıxov hadisə ilə bağlı polisə yalan məlumat verib.
Qeyd edək ki, sürücü polisə izahatında oğurluğun avtomobili Həsən Əliyev küçəsində tıxacda dayanan zaman baş verdiyini bildirmişdi.
Qeyd etmişdi ki, naməlum şəxs qəfildən avtomobilin qapısını açaraq sürücünün yanındakı oturacağın ayaq hissəsində pul dolu çantanı götürərək qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilən soyğunçuluq (180.3.2-ci) maddəsi ilə cinayət işi başlanıb.