“Şirməmməd Hüseynovun oxşarı yoxdur” - 54 ilin ömür yoldaşı

sirmemmed-huseynovun-oxsari-yoxdur-54-ilin-omur-yoldasi-
Oxunma sayı: 1308

Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırıcısı, böyük şəxsiyyət Şirməmməd Hüseynovun həyat yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynovanın “Qafqazinfo”ya müsahibəsi

-Azərbaycanda barmaqla sayılacaq qədər jurnalistlər var ki, illərlə eyni media orqanında işləyiblər. Siz də onlardan biri olaraq 1966-cı ildən “Elm və həyat” jurnalında işləyirsiniz
- Düzdür, “Elm və həyat” mənim birinci və axırıncı iş yerimdir.

- Bunun səbəbi sizin yaxşı işçi olmağınızdır, yoxsa “Elm və həyat”dan kənarda özünüzü görmürsünüz?
- Bunun səbəbi odur ki, mən Azərbaycan mətbuatında “Elm və həyat” qədər maraqlı jurnal tanımıram. Bizə hər gün akademiklərin, professorların, elmlər namizədlərinin məqalələri gəlir. Onların üzərində işləməklə elmin müxtəlif sahələrindən o qədər maraqlı məlumatlar əldə edirik. Bütün elm yeniliklərini həmin yazılardan mənimsəmək olar və heç bir mətbuat orqanında bu yoxdur. “Elm və həyat”ın yaranandan məqsədi elmi nailiyyətləri, elmi yenilikləri xalqa yayaraq maarifləndirməkdir. Bu ideyanı əsas tutub 50 ildən çoxdur ki, bu yolu gedirik. İndi hansı mətbuat orqanında nanotexnologiya barədə yazı görmək olar? Heç yerdə. Mən 40 ilə yaxındır ki, Moskva mətbuatını izləyirəm və görürürəm ki, elm yenilikləri nədir. Çalışırıq oradan öyrənək və öz jurnalımıza da tətbiq edək. Nəzərinizə çatdırım ki, nanotexnologiya elmdə ikinci inqilab yaradacaq. Əgər 20-ci əsri elmi-texniki inqilab əsri adlandırırdıqsa, 21-ci əsr nanotexnologiya əsri olacaq və həyatımızın elə bir sahəsi olmayacaq ki, nanotexnologiya ora müdaxilə etməsin. Biz isə hələ bu barədə az bilirik.

- Hamıya məlumdur ki, “Elm və həyat”ın konkret auditoriyası var.
- Əlbəttə, bizim müəlliflərimiz Müasir Azərbaycan elmini yaradanlardır, oxucularımız da elmi yenilikləri öyrənmək istəyənlərdir.

- 51 ildir ömür sürən “Elm və həyat” SSRİ-dən başlayaraq müstəqil Azərbaycanın ilk günlərinin də şahidi olub. O gündən bu günə çox şey dəyişib bəs “Elm və həyat”da nə dəyişdi?
- “Elm və həyat” həqiqətən yeganə mətbuat orqanı oldu ki, bura siyasi proseslərin heç bir təsiri olmadı.Elm sovet dövründə də elm idi, bu gün də elmdir, gələcəkdə də belə olacaq. Burada söhbət həqiqi elmdən gedir. Dəyişən heç bir şey olmadı. Yeganə dəyişiklik bu oldu ki, 90-cı illərdən geniş oxucu kütləsi arasında oxumağa meyl azaldı. Bu da təbii idi, hamının başı bir tikə çörək qazanmağa qarışdı. Vaxtı ilə “Elm və həyat” jurnalı 150 min tirajla çıxırdı. Bu o deməkdir ki, jurnal artıq oxucuların evlərinə gedib çıxırdı, bu zaman mütləq jurnalı evdə 2-3 nəfər oxuyurdu. Deməli, jurnalın yarım milyon oxucusu var idi. Sovet dövründə Azərbaycandan başqa, SSRİ-nin 136 şəhərində bizim abunəçimiz var idi. Hələ mən xarici ölkələri demirəm. İrandan da bizə abunə olanlar var idi, düzdü o vaxtı bir az çətin idi, indiki kimi sərbəstlik yox idi. İndi jurnalımızın yayılma imkanları daha çoxdur, hətta bir neçə il əvvəl Azərbaycandan çox uzaqlarda olan Meksikada “Elm və həyat” jurnalı “Amerikanın Qran-pri” mükafatına layiq görüldü. Mükafat jurnala yüksək rəqabət şəraitində keyfiyyət və servis sahəsindəki uğurlu fəaliyyətinə görə verilmişdi. Mən təəcübləndim ki, bizim jurnal uzaq Meksikaya necə gedib çıxıb? Sən demə orada da jurnalı tanıyanlar, izləyənlər varmış. Çünki onlar Azərbaycan elmində nələr baş verdiyini öyrənmək üçün bu jurnalları alırlar. Maraqlanırlar ki, hansı alim nə yenilik edib?

- Siz Lütfi zadənin xanımı Fey Zadənin kitabını tərcümə etmisiniz. Kitab hansı mövzuda idi?
- Öncə onu qeyd edim ki, Lütfi Zadə tək 20-ci əsrin deyil, 21-ci əsrin də dahisidir. Onun kəşfləri hələ bu əsrin 90-cı illərinədək tətbiq olunacaq. Heç Zadə onda həyatda olmayacaq, amma onun ideyaları tətbiqini tapacaq. Xanım Feyin əsərinə gəlincə isə, bir dəfə professor Rafiq Əliyev redaksiyamza gəlmişdi. Mən Lütfi Zadə haqında jurnalda 5-6 dəfə yazılar verdiyimizi dedim. R. Əliyev dedi ki, məndə onun həyat yoldaşının kitabı var. Əvvəl elə bildim balaca kitabçadır. Zadənin həyat yoldaşı bildiyimiz kimi milliyətcə yəhududir. Böyük bir əsər yazıb. Bu həm bədii, həm də elmi əsərdir. əsərin adı “Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim”dir. Razılaşdıq ki, onu tərcümə edim. Kitab ingilis dilində Amerikada, Azərbaycanda da rus dilində çap olunmuşdu. Mən 500 səhifəlik kitabı 2 aya tərcümə etdim, nəşrə də özüm hazırladım. Həmçinin başqa əlavələrim oldu. Həmin kitabda xanım Fey Lütfi Zadə ilə bütün həyat yolunu işıqlandırıb. Elə bilin ki, bədii roman oxuyursunuz. Necə sevişiblər, ilk görüşləri necə olub, çox maraqlı bir əsər yazıb. Sonra Zadə haqqında dünya alimlərinin məqalələrini tapdım. Onları da kitaba əlavə etdim. Çox maraqlı kitab alındı. Bir şeyi qeyd edim ki, ilk dəfə biz Lütfi Zadənin yubileyini keçirtdik. Həm 85 illiyini, həm də kitabın təqdimatını keçirtdik. Hətta Lütfi Zadə xanımıyla elektron poçtumuza öz səsiylə məktub göndərdi. Biz təqdimatı onların səsi ilə açdıq.

- Ülkər xanım, siz Azərbaycan elminə xidmət edirsiniz. Həm sizi, həm də “Elm və həyat”ı böyük oxucu auditoriyası tanımır. Mən özüm sizi Mətbuat Şurasının təşkil etdiyi “Elm və həyat”ın 50 yaşı ilə bağlı yubiley tədbirində tanıdım. Bunun səbəbi nədir?
- Düzü, mənim heç marağım olmayıb ki, məni tanısınlar və ya tanınım. Qətiyyən belə şeylə aram yoxdur. Uzun illərdir bu jurnalda çalışıram. Yəqin iş fəaliyyətimə də bu jurnalla nöqtə qoyacağam. Mənim tanınmağa ehtiyacım olmayıb. Jurnalda müəllif yazıları ilə bərabər dünya elmi-kütləvi mətbuatından maraqlı məqalələri tərcümə etməyə daha çox üstünlük vermişəm. Jurnal səhifələrində elmin bir çox sahələrinə aid yüzlərlə tərcümələrim dərc olunub. Mən Heydər Əliyev haqqında “Azərbaycanda neft-kimya sənayesinin inkişafında Heydər Əliyevin rolu” kitabının da tərcüməçisi¬yəm. Mən ancaq işlə məşğul olmuşam.

-51 il jurnalist olmaq… Ola bilməz ki, bu müddət də hər şey yaxşı olub. Bir qadın kimi hansı çətinliklərlə üzləşdiniz?
- Sözün düzü, jurnalistika mənim üçün çox asan keçib. Müraciət etdiyim mövzular həmişə samballı olub və həmişə sərbəst olmuşam, mütaliəm geniş olub və yazılarımın mövzusunu özüm seçmişəm. Qəzetdə işləmək çox çətindir. Jurnal ayda 1 dəfə çıxır. Və ay ərzində sən istədiyin mövzunu axtarırsan, araşdırırsan.

-Xəbər saytlarının işi bu gün qəzetdən də çətindir. Çünki qəzetin 1 gün vaxtı olur ki, yazını geniş şəkildə təqdim etsin və bir sıra imkanlardan istifadə etsin. Saytda isə əsas operativlikdir və mümkün qədər çevik olmalısan.
- Bu baxımdan biz sizlərdən tamam fərqlənirik.

- Elə qəzetlərdən söz düşmüşkən hansı qəzetləri oxuyursunuz?
- Gündəlik dövlət qəzetlərində informasiyalarla maraqlanıram. “525-ci qəze”ti alıram. Bu yaxınlarda nəşrə başlayan “Baku Post” qəzeti də maraqlı çıxır. Orada məni maraqlandıran elmi mövzulara rast gəlirəm.

- Bayağı yazan qəzetləri bir çoxları kimi siz də qınayırsınız, amma bugünkü auditoriya elə ən çox onları izləyir. Sizin ciddi dediyiniz o qəzetləri heç alan olmur.
- Mətbuatımızın banisi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini çıxardanda nələrdən yazırdı, necə yazırdı. Bu gün də mən bəzən “Əkinçi”ni vərəqləyəndə bu böyük azərbaycanlıya - Zərdabiyə min rəhmət deyirəm. Hər şeyi, hər mövzunu mətbuata gətirmək olar? Buna ehtiyac yoxdur axı. Özəl telekanallar bəzən elə şit verilişlər yayımlayır ki…

- Onsuz da hər şey o qədər açıqdır ki, informasiya bolluğu var. O verməsə də, digəri verəcək
- Nə deyim? Zaman göstərəcək ki, bu lazmdır ya yox? Mən onları qəbul edə bilmirəm. Düzü, arada mən də oxuyuram onları.

- Bəs oxuyandan sonra nə deyirsiniz?
- Deyirəm ki, bu nə yazıdır yazmısan və kimə lazımdır? Mən bunu qəbul edə bilmirəm. Yəqin, bu mənim həm yaşımdan asılıdır, həm də ömrümün çox hissəsini sovet dövründə yaşamağımdan irəli gəlir.

- Bəs telekanallarımızı izləyirsiniz?
- Əlbəttə, izləyirəm. Amma özəl kanallarımızdakı şit verilişlərin, mentalitetimizə yaraşmayan layihələrin geniş yer almasına zamanın tələbi deyə gözəl adət-ənənələrimizi unutmalı deyilik. Bu məni narahat edir və o verilişləri izləyəndə əsəbləşirəm.

- Hansı verilişləri?
- Ad çəkmək istəmirəm. İndi bəziləri yüngül veriliş axtarır. Amerika gənclərinin əksəriyyəti televiziyaya “İdiot qutusu” deyirlər. Mən səyahət verilişlərinə, heyvanlar aləminə, tarixi mövzulara, əlbəttə ki, elmi-kütləvi verilişlərə baxmağı xoşlayıram. Son xəbərləri də izləyirəm. Verilişlərə baxmaqdan məqsədim nə isə yeni bir şey öyrənməkdir. Axı bildiklərimiz bilmədiklərimizin yanında heş nədir. İctimai kanaldakı “Açıq dərs”, “Ortaq məxrəc” verilişlərinə baxıram, radioda vaxtilə Mehparə Axundovanın bir neçə il apardığı “Elm korifeyləri” verilişini daim dinləmişəm. Bizim nə qədər elm, tarix, sahəsində öyrənəcək məlumatlarımız var. Onlara vaxt sərf edək də. Bizdə ailələr tanıyıram ki, işdən gələn kimi televizorun düyməsini basırlar, yetər ki, televizor açıq olsun, lazım oldu olmadı, nəyə isə baxsınlar.

- Xatırlayırsızsa, mən sizi müsahibəyə dəvət edərkən qafqazinfo.az portalından olduğumu dedim, siz isə tanımadığınızı söylədiniz. Nəzərə alsaq ki, bu gün bir çoxları elə xəbərləri saytdan öyrənir. Sizin saytları tanımamağınız “Qafqazinfo”nun günahıdır, yoxsa siz xəbər saytları ilə maraqlanmırsız?
- Çox maraqlanmıram. Çünki daha çox kitabdan, jurnaldan dövri mətbuat oxumağa üstünlük verirəm, nəinki internətə.

- Günün neçə saatını kitab oxuyursunuz?
- Bizim işimizin adı nədir? Oxumaqla məşğuluq da.

-Ev işlərinə necə vaxt ayırırsınız? Yəqin evdə uşaqlarınız böyük olar. Nəvələriniz var?
-Mənim bu gün sabah nəticəm olacaq (Gülür)

- Doğurdan da çox cavan görünürsünüz
- Bunun səbəbi mənim həyat yoldaşımdır. O, məni belə saxlayıb.

- Sizi belə gözəl saxlayan jurnalistlərin mənəvi atası Şirməmməd Hüseynovdur. Azərbaycanın ən dürüst sayılıb-seçilən kişisinin həyat yoldaşı olmaq nə deməkdir və ya o necə həyat yoldaşıdır?
- Onu hamı zəhmli, çox sərt, tələbkar adam kimi tanıyır. Bu, həqiqətən belədir. Lakin o, son dərəcə qayğıkeş həyat yoldaşı və atadır. Bu onun xidmətdir ki, mən belə gümrah qalmışam.

- Neçə ildir evlisiniz?
- 54 ildir.Yarım əsrdən çoxdur. Hərdən zarafatla deyirəm ki, biz artıq qoşa gəzən əkizlərə dönmüşük. Hətta o xəstəxanada yatanda da mən onun yanında olmuşam. Biz heç ayrı qalmamışıq. Yenə də deyirəm, onu hamı sərt adam kimi tanısa da, mənim üçün dünyanın ən müsbət insanıdır. Şirməmməd Hüseynov çox tələbkardır həm özünə qarşı, həm ətrafdakılara, həm ailə üzvlərinə, həm də tələbələrinə qarşı. Mən onu başa düşürəm, o haqqına tələb edir, onun tələbkarlığında da sünilik yoxdur. Mən hiss edirəm ki, Şirməmməd Hüseynov həmişə düz danışır. Tutaq ki, hansısa məsələdə mən deyirəm ki, bu belə olmalı idi. Sonra görürəm ki, yox o deyən doğrudur.

-Neçə uşağınız var?
-İki qızımız var.

-Sənətləri nədir?
-Hər ikisi musiqişünasdır. Kiçik qızım Lalə Hüseynova Bəstəkarlar İttifaqında məsul katibdir. Bu yaxınlarda Azərbaycan Bəstəkarlar Birliyi haqqında “Böyük yolun tarixi: Azərbaycan Bəstəkarlar İttifaqı” adlı 445 səhifəlik kitabı çapdan çıxıb. Digəri isə Fərəh Əliyeva Mədəniyyət və Turizm Nazirliyində çalışır. Bizim başımız ancaq oxumağa, yazmağa mütaliəyə qarışıb. Böyük qızım Fərəh Əliyevanın 7-8 kitabı çıxıb. Onun elə tədqiqatları var ki, mən bəzən həsəd aparıram ki, iki oğlan uşağı böyüdə-böyüdə bunlara necə vaxt ayırır?

-Şirməmməd müəllimin qızlarla münasibəti necədir?
-Qızlar ataları ilə fəxr edirlər. Şirməmməd müəllim çox qayğıkeş atalardandır. Bu gün də nəzəri onların üzərindədir. Övladlarım həmişə atalarının sözü ilə əməlinin bütöv olduğunu görürlər.

-Elə bir hadisə və ya kitab olubmu ailəlikcə müzakirə etmisiniz?
-Müzakirə deyil, sadəcə bir-birimizə xəbər veririk ki, belə bir kitab var. Bu baxımdan Solmaz Tohidi-Rüstəmovanın Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları, talanlar haqqında çıxan kitabları çoxları kimi, bizim də marağımıza, diqqətimizə səbəb olub. Bu kitablarla hər bir azərbaycanlının tanış olması vacibdir. Biz cavanlığımızda çox mütaliə edirdik. Özü də mən rus dilində oxuyurdum. Əvvəllər bədii ədəbiyyat oxuyurdum, indi qətiyyən bədii ədəbiyyata marağım yoxdur. Mənimki elmi kütləvi ədəbiyyatdır.

- Bəs Şirməməd Hüseynov yazılar yazanda əvvəlcədən sizə məlumat verirmi?
- Bilirsiz bütün bunlar mənim gözümün qarşısında olur. Onun təxminən 4-5 kitabının redaktoru mən olmuşam.

-Redaktə edəndə işinizə müdaxilə edib?
-Mən onları redaktə etməmişəm. Onun qəzetlərdə məqalələri çıxmışdı, onları bir yerə topladım, kitab halında çapına kömək elədim. Yəni yazı redaktə etməmişəm. Onu heç kim redaktə edə bilməz. O qədər sərrast dürüst, savadlı yazır ki, mən heç vaxt onun yazılarını redaktə etməmişəm. Nəinki mən, heç kim eliyə bilməz.

-Bəzən deyirlər ki, insanlar yaşlaşanda uşağa bənzəyirlər, uşaq kimi qayğılarını çəkməyi istəyirlər?
-Bizdə həmişə elə olub. Cavanlığımızda da, indi də bir-birimizin qayğısına qalırıq. Mənim ona xüsusi hörmətim var. Bu təkcə həyat yoldaşına olan hörmət deyil, bu bir azərbaycanlı ziyalısına, vətənpərvər insana olan hörmətdir. Şirməmməd Hüseynovun oxşarı yoxdur. 54 ildir onunla yaşayıram və bunun şahidi oluram. Xalq şairi Bəxtiyar Vahabzadə onun haqqında görün nə yazıb: “Şirməmməd - əxlaqın, haqqın öz səsi; Ləyaqət, dəyanət mücəssəməsi. O, vətənpərvərlik, düzgünlük, haqsevərlik, gözütoxluq kimi bir çox mənəvi xüsusiyyətləri ilə mənə həmişə böyük əqidəli ziyalılarımızı xatırladır. H.Zərdabi milli mətbuatımızın təməl daşını qoydusa, o, bu böyük işin davamçısı kimi bir neçə jurnalist nəslinin müəllimidir”. Şirməmməd müəllim bu gün də yazıb-yaratmaqla yanaşı BDU-da müəllimlik fəaliyyətini davam etdirir – yeni nəsil jurnalistlərinə dərs deyir. Onun həyatı həqiqətən əxlaqın, ləyaqətin, dönməzliyin, bütövlüyün nümunəsidir. Bizim çox sadə həyatımız olub. Hətta Mirşahin Şirməmməd müəllim haqqında veriliş hazırayanda dedi ki, bu cür sadə şəraitdə yaşayırsınız? Amma evimizdə 5 min kitab var idi. Bizim varımız, dövlətimiz o kitablardır…

-Bəs indi vəziyyət necədir? Dəyişən nəsə var?
-Bizim evimizi sökdülər. Yəqin xatırlayırsınız da “Beş mərtəbə” adlanan yerdə Heydər Əliyev sarayının yaxınlığındakı evləri sökdülər. Ondan sonra bizə yaxşı ev verdilər.

- Yeni eviniz Şirməmməd Hüseynova hədiyyə olunmayıb?
- Təbii ki, hədiyyə deyil. Həm də biz ev istəməmişik, hamı kimi bizə də ev verdilər. Mən sökülən evimdən çox razı idim, şəhərin mərkəzində 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayırdıq, çox rahat mənzilimiz var idi. Dövlətin qərarı ilə böyük bir ərazidəki evlər söküldü. Biz yeni evə köçdük. Yeni evimiz parlamentə yaxındır, mərkəzə uzaq olsa da, yenə yaxşıdır. Hər ikimiz işləyirik deyə darıxmırıq.Bu yaxınlarda Şirməmməd Hüseynov Məmməd Əmin Rəsulzadənin əsərlərinin 3-cü cildini çıxartdı, indi də 4-cü cildi üzərində işləyir.

-Evdən danışdıq, bəs maddi vəziyyətiniz necədir?
-Vəziyyətimiz yaxşıdır. Şirməmməd Hüseynova prezident təqaüdü verilir. Onun zəhməti qiymətləndirilib.

- Nə əcəb onun həyatını kitaba yazmaq istəmirsiniz?
- İndidən söz versəm, sonra alınmasa yaxşı çıxmaz. Özü də elə şeyləri xoşlamır. Bir də onun haqqında yazmaq üçün istedadlı qələm sahibi olmalısan. Tələbələri, həmkarları onun haqqında çox yazıblar. O ki qaldı onun pedaqoji fəaliyyəti və publisistikasına, nə vaxtsa bunlar haqqında qiymətli əsərlər yazılacaq.

- Bəs gənclərin kitaba münasibəti sizi qane edir? Axı hamı onları oxumamaqda ittiham edir
- İndi internet olan yerdə, 21-ci əsrdə kim götürüb 300-400 səhifəlik kitab oxuyub ona vaxt sərf edəcək? Bizim vaxtmızda televiziya yox idi, olsa, olsa radio var idi. İndi hansı cavanın həvəsi var ki, kitab oxusun? Kitab oxumaqdansa, gedib internetdə axtarıb həmin kitabın məzmunu ilə tanış olur. Bu mənim subyektiv fikrimdir. Keçmişdə mütaliə vaxt keçirməyin, öyrənməyin bir yolu idi, indi daha ona ehtiyac yoxdur. İnternet var.

- Deyirsiniz kitabı ancaq vaxtı keçirtmək üçün oxuyurlar?
- Əvvəllər belə idi. Biz dərslərimizi hazırlayırdıq, ayrı əyləncə yox idi, sonra oturub mütaliə edirdik. İndi həyat tamam dəyişib, dünya genişlənib. İnformasiya bolluğu, İnternet yaranıb.Bütün bunlar olan yerdə kim kitab oxuyacaq?

-Buna bəraət qazandırmaq olar?
-İndi bizə elmi-kütləvi əsərləri, tarixi romanları daha çox oxumaq lazımdır.

Günel Əbilova