Siyasətdə şantaj və təhdidə son!

siyasetde-santaj-ve-tehdide-son
Oxunma sayı: 660


Qısa dövrdə ikinci simptom


Son, qısa dövrdə Azərbaycan hakimiyyətinin ikinci səhv üsul-idarə forması əks-effektli və yabançı təzahür formasında ortaya çıxdı. İnzibati sistem idarəçiliyində yanlış «oliqarx-kurator» taktikasının Quba əhalisində yaratdığı üsyan səviyyəli məlum etirazlar təzəlikcə səngimişdi. Hakimiyyət intensiv tədbirlər görüb, çalışıb ziyanlı nəticələri qaldırmaqla məşğul idi.

Ardınca, yeni bir təzahür: neçə illərdir ictimai-siyasi və digər potensial rəqiblərə, hətta, qeyri-rəqib sahibkar və məmurlara (hətta yüksək çinli!) qarşı istifadə edilən «şantaj-təhdid» taktikası (idarəetmə metodu) kimi başqa bir patoloji proses də kəskin simptom kimi üzə çıxdı. Hakimiyyətin nüfuzuna zədə vuracaq qınaqlı etiraz yaratdı. Həm də beynəlxalq səviyyədə.

Nə baş verdi?


ABŞ «Azadlıq» radiosu Bakı bürosunun əməkdaşı, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılın ünvanına təxribat xarakterli hədə-qorxu məktubu və onun intim həyatı barədə şəkillər göndərildi, korrupsiya araşdırmalarını dayandırması tələb olundu. Sonra, hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» və hakimiyyətə yaxın «İki sahil» qəzetlərində jurnalistə qarşı nə hakimiyyətə, hakim partiyaya, nə də tanınmış qəzet orqanına yaraşmayan təhqirli yazı getdi.

Daha sonra, həmin videogörüntülərin internetdə yayımlanması, artıq Azərbaycan ictimaiyyəti və beynəlxalq aləmdə geniş əks-səda doğurdu. Bununla əlaqədar, zərərçəkən tərəfindən hüquq-mühafizə orqanlarına şikayət edildi. Hətta, cinayət işi də qaldırılıb, araşdırmalar aparılır.

Artıq bütün ictimaiyyət, ziyalılar, müxalifət, hətta hakim komandanın üzvləri baş vermiş olayı insaniyyətə yaraşmayan, nifrətə layiq şantaj cəhdi kimi qeyd edib. Həqiqətən də, bu cür ictimai-siyasi rəqabət metodları düşüncəsiz addım, əxlaq və insani normalara zidd olmaqla, həm Azərbaycan mentaliteti, həm də müasir beynəlxalq sivil münasibətlər sistemi tərəfindən qəti qəbuledilməzdir.

Nə qazanıldı, şantaj-təxribatla?


Jurnalisit qadına qarşı onun toxunulmaz özəl, məxfi həyatına müdaxilə etməklə törədilmiş bu cəhd əslində, normal tərbiyəyə malik bütün ictimai toplumun qınaq və nifrətindən başqa, onu təşkil edənlərə heç nə qazandırmadı. Qəribə odur ki, bununla nə nəticə əldə etmək istənilirmiş?

Əgər, təhdidə səbəb jurnalistin prezident İlham Əliyevin ailəsi barədə korrupsiya ittihamlı araşdırma yazısıdırsa, bu saat, dünyada prezidentlər barəsində tənqidi müstəqil araşdırma aparılması adi haldır və təəccüblü deyil. Dövlətə, hökumətə rəhbərlik edən idarəçi məmur buna gərək, hazır olsun. Bu yaxınlarda Almaniya Federativ Respublikası prezidenti belə bir tənqidi araşdırma yazıya azacıq qeyri-adekvat münasibətə görə vəzifəsini itirdi.

Yaxşı, əgər prezidenti müdafiə etmək fikri vardısa, Xədicə İsmayılın araşdırması sadəcə jurnalist araşdırmasıdır, qənaətidir, rəsmi təsdiqini tapmış istintaq və ya, məhkəmə araşdırması deyil. Əvəzində, «Yeni Azərbaycan» qəzeti zəhmət çəkib, əks-arqumentli araşdırma aparıb, təkzibli-arqumentli bir yazı ortaya qoya bilərdi. Düşünülmüş, ağıllı arqumentlər ortaya qoymağa cəhd edərdi ki, məsələn, bunlar, onun yaxın-qohumlarının özəl biznes fəaliyyəti ilə bağlıdır.

Təxminən, 2010-cu ildəki dövlət rəsmiləri tərəfindən «Vaşinqton post» qəzetində «İlham Əliyev ailəsinin Dubay mülkləri» barədəki məqaləyə verilən təkzib kimi. O zaman, cəmiyyət içərisində həmin «Dubay faktı»nı daxilən inanıb qəbul edən də oldu, təkzibləri əsas götürüb, qəbul etməyən də. Yəni, çıxışlar, diskussiyalar, ictimai dartışmalar oldu. Hər kəs, səhv ya düz, öz fikrində qaldı və bununla da ötüşdü.

İnsanlar düşünür...


Məsələ ondadır ki, hakimiyyətin ədalətsiz davranışına, mənfi idarəçiliyə, xalqın sərvətinin mənimsənilməsinə toxunan hər bir məlumata, araşdırma məqaləsinə minlərlə ziyalının, milyonlarla sadə və sıravi insanın diqqəti yönəlir: görəsən, bu yazılanlar doğrudurmu, dövlət hakimiyyəti bu dərəcədə ədalətsizlik, qanunsuzluq və mənimsəmə hallarına yol verərmi?

Ancaq bəzən, tənqidə təkzib əvəzində görürsən ki, hakimiyyət içərisindəki bəzi mənşəyi qaranlıq qaraguruhçu qüvvələr tərəfindən cavab gəlir: «Sən bizimkiləri korrupsiyada suçladın, onda bax, biz də sənin yataqda, hamamda çəkdiyimiz görüntülərini camaata yayacağıq!». Heç aidiyyəti, dəxli var?! Yaxud, «Sən bizləri tənqid etdin, bax, biz də əvəzində səni döyürik, söyürik, tuturıq, ailənin çörəyini kəsirik!».

Tənqidçi opponentlərə qarşı bu cür məntiqsiz, qeyri-adekvat, normalara zidd və qaydasız-«qoçuluq münasibəti» artıq həmin milyonlarla insanda istər-istəməz, şübhə və təəssüf dolu daxili etiraz yaradır: bu hakimiyyət, bunlar axı, niyə belə edirlər, nə olub, niyə suallara cavab tapıb izah vermirlər, səbəb nədir?

...və qəbul etmir.


Əksinə, jurnalistə qarşı məlum qeyri-adekvat və qeyri-sivil addım barədəki açıq-aşkar fakt çox ciddi əks-effekt verməklə, cəmiyyətdə dərin, xoş olmayan, hətta ikrah doğuran bir hiss rezonansı yaratdı. Niyə? Çünki ifrat şantaj metodunun intim forması və tətbiqi qəti qəbul olunmadı, qəti bəyənilmədi.

Xədicə olayının timsalında neçə-neçə jurnalist, müstəqil araşdırmaçı, müxalif və hətta qeyri-müxalif ictimai-siyasi xadim hakimiyyətin inzibati, maddi-texniki və sair imkanlarından istifadə edilməklə izlənmə, güdülmə, təhdid və şantaj olunma mümkünlüyünü, şəxsi və ailə özəlliklərinin aşkarlığını öz üzərində hiss etdi. Özlərini təhqir olunmuş hiss etdi.

Burada bir məsələ də aydın oldu. Bütün cəmiyyət üçün, o cümlədən, təxribatları törədənlər və təxribatlara əvvəllər də məruz qalıb, adekvat cavab verməyənlər üçün agah oldu ki, sən demə, bu cür hərəkətlər qanunla qadağan imiş və hətta bu barədə cinayət işi də qaldırıla bilərmiş! Sən demə, bu cür şantaj və təhdidlərə qarşı dərhal, açıq və qətiyyətli müqavimət göstərməklə qınaq və utanc obyektinə çevrilmək yox, güclü ölkə və beynəlxalq dəstəyi qazanmaq olarmış!

Təxribat mənbəyi haradadır?


Hadisənin hakimiyyət içərisindən və ya haykimiyyəti gözdən salmaq üçün kənar qüvvə, məsələn, İran tərəfdən törədilməsi ehtimalları da müzakirə mövzusu oldu. Obyektiv, qərəzsiz yanaşmada, baş vermiş şantaj və təhdid mahiyyətli təxribatın hakimiyyətdən kənar qüvvə tərəfindən törədilə bilməsi kimi «təəssübkeş» fikir sərgiləmək özü, bir sıra, məntiqi baxımdan çətin suallar yarada bilərdi. Ən azı, düşüncələrdə.

Bu gün, «özününkü» sayılmayan ictimai-siyasi xadimlərin nəzarətdə saxlandığı Azərbaycan mühitində hansı kənar qüvvə, bütün günü dövlət orqanları tərəfindən izlənmə, müşahidə altında olan «arzuedilməz» araşdırmaçı-jurnalistin otağında videoizləmə və buna müvafiq xüsusi texniki-quraşdırma işi apara bilərdi? Ürək edib, onun (ABŞ-ın «Azadlıq» radiosu müxbirinin!) ünvanına cinayət xarakterli təxribat məktubu göndərə, hakim partiyanın qəzet orqanında təhqir və «ifşa» məzmünlu məqalə dərc etdirə, nəhayət, tələsik sayt açıb, həmin intim görüntüləri yaya bilərdi? Onda, əvvəllər bu cür, intim-şantaj xarakterli təxribatların bəzi kanallarda teleyayımlarını da, kənar qüvvə təşkil etmişdi? Başqa müxtəlif suallar da, xeyli çoxdur...

Bu gedişatla yəqin ki, Xədicə İsmayıla qarşı şantaj prosesi də bəzi telekanallara sirayət etməklə davam edərdi, əgər dərhal, sərt daxili və beynəlxalq təpkilər olmasaydı. Çünki, əzmək və aşağılamaq ehtiraslı kobud, şığıyıcı, düşüncəsiz «cəza» sistemi artıq qoşulmuşdu, kampaniyaya start verilmişdi.

Budur, qisas və cəza təyinatlı qaraguruhçu qüvvə(lər)nin hakimiyyətə göstərdiyi «ayı xidməti»nin, kobud və qaydasız hegemonçu siyasətin «xeyiri»: nüfuz itkisi! Bu itki isə, əslində çox mühüm şərtdir, o hakimiyyət üçün ki, lazımi anda xalqın, vətəndaş cəmiyyətinin dəstəyinə kəskin ehtiyacı ola biləcəyini düşünür.

Hegemonluqdan anlaşmaya!


Neçə illərdir, ölkə həyatında arxayın, davamlı, planlı, sistemli və peşəkarcasına törədilən şantaj, təhdid, mənəvi və fiziki təzyiq formalı müxtəlif tipli təxribatların konkret mənbəyinin araşdırılması vacibdir. Bu qaydasız oyun formatından siyasi rəqabət vasitəsi kimi istifadənin qarşısının alınması və belə yabançı təzahürlərin ölkə ictimai-siyasi mühitindən birdəfəlik silinib atılması qaçılmazdır.

Bunun üçün, siyasi rəhbərlik də qəbul etməlidir ki, artıq belə kobud «qoçuluq» -hegemonluq metodları ilə üsul-idarənin vaxtı çoxdan keçib. Bu cür, dövlətçiliyə uyğun gəlməyən fəaliyyətin ürəkbulandıran acı təzahürləri hakimiyyətin ziyanına işləyə, cəmiyyəti qarışdıra, xalqı ifrat narazı həddə çatdıra və güclü beynəlxalq nüfuz itkisi yarad bilir.

Bundansa, xalqla, vətəndaş cəmiyyəti ilə, ziyalılar və həqiqi siyasi müxalifətlə açıq və səmimi dialoq anlaşmasına getmək daha çox effekt verərdi. Xalqa qarşı qapılar açılıb, camaata üz tutulub, dövlət idarəçiliyində şəffaf mühit yaradılardı. İradə ortaya qoyulub əsl həqiqi demokratiya yoluna keçid edilərdi...

Azərbaycan siyasətində şantaj-təhdid üsuluna son qoyulmalıdır!