“Siyasətdən kənarda heç bir mövzu yoxdur” – Müsahibə

siyasetden-kenarda-hec-bir-movzu-yoxdur-musahibe-
Oxunma sayı: 706



- Elçin bəy, “Xalq cəbhəsi” qəzeti müxalifətdaxili gərgin siyasi proseslərin baş verdiyi zamanda yarandı. Artıq qəzetin ilk sayının dərc olunmasından 10 il keçir. Bu 10 illik tarix qəzetin formalaşması üçün yetərli müddətdirmi?

- Dövlət müstəqilliyimizin bərpasından 20 il keçdiyini nəzərə alsaq, 10 il Azərbaycan reallığında bu və ya digər mətbuat orqanının formalaşması üçün kifayət qədər yetərli müddətdir. Amma dünya inkişaf edir, yeni informasiya və kommunikasiya texnologiyaları yaranır. Bu baxımdan, formalaşma prosesi də inkişaf dinamikasına uyuğun davam etdirilməlidir. Önəmli olan odur ki, bu illər ərzində “Xalq Cəbhəsi” qəzetində istənilən mətbuat orqanını yüksək səviyyədə idarə edə biləcək redaktor korpusu, bir baza, fundament formalaşıb. Bu fundamentin üzərində istənilən media “binası”nı ucaltmaq olar.


- “Xalq cəbhəsi” qəzeti hər kəsin oxuya biləcəyi media qurumuna çevrilə bilibmi?

-Hər kəsin oxuya biləcəyi qəzet olmur. Buna cəhd edən mətbuat orqanlarının fəaliyyəti də uzunmüddətli ola bilməz. Qısa, bir zaman kəsiyində parlaya bilərlər, şübhəsiz. Azərbaycanın media tarixində belə faktlar çoxdur. Kəsəsi, hayla gələn, küylə gedər. “Xalq Cəbhəsi” qəzetinin öz auditoriyası var. Ola bilsin ki, azdır, amma daimidir. “Xalq Cəbhəsi” qəzetinin çap və internet versiyaları oxucularının sayı Azərbaycan Respublikasındakı, Güney Azərbaycandakı gerçək milliyyətçilərin sayı qədərdir. Bəzən Azərbaycan kimi yeni formalaşan cəmiyyətlərə müasirlik, yenilik, modernləşmə adı altında kənardan gətirilən, yaxud sırınan kosmopolit dəyərlər daha cazibədar olduqları üçün daha çox tərəfdar, oxucu, izləyici qazanırlar. Amma bir millətin qan yaddaşının, milli özünəməxsusluğunun qorunmasına xidmət edən mühəfizək milliyyətçilik adətən geniş auditoriya qazana bilmir. Bu təbii bir prosesdir. Hansı yola və prinsiplərə xidmət etdiyimizi, hansı hədəflərə doğru addımladığımızı yaxşı bildiyimiz üçün fəaliyyətimizdəki qalxmalar-enmələr də bizi qorxutmur. Milli dünyagörüşünün daşıyıcısı olan mətbuat orqanları dünyanın heç bir ölkəsində yüksək populyarlıq qazana bilmirlər. Amma onlar cəmiyyətin milli dünyagörüşünə sahib olan insanlarını mənəvi cəhətdən qidalandırmaqla bir millətin var olması, assimilyasiyaya uğramaması, başqa millətlərin içərisində əriməməsi üçün çox mühüm bir missiyanı həyata keçirirlər. Hesab edirəm ki, “Xalq Cəbhəsi”nin missiyası onun tirajından, yayım dairəsindən yüz dəfələrlə böyükdür və çox uzaq hədəflərə hesablanıb.


- Qəzet ictimai və ədəbi-mədəni mövzulara nə qədər yer ayırsa belə, daha çox siyasi qəzetdir. Qəzet BAXCP ilə münasibətlərini hansı qaydada tənzimləyir?

-Nə qədər inkar edilsə də siyasətdən kənarda heç bir mövzu yoxdur. Ədəbiyyat da, mədəniyyət də zəmin yarananda çox geniş siyası proseslərin tərkib hissəninə çevrilə bilər. Buna baxmayaraq, “Xalq Cəbhəsi” qəzeti heç vaxt siyasətdə ədəbiyyatçılıq, ədəbiyyatda siyasətçilik etməyib. Bunu, sadəcə nümunə üçün dedim.
BAXCP ilə münasibətlərimiz yüksək səviyyədədir. Mən eyni zamanda, partiya sədrinin müaviniyəm. Biz özlərini müstəqil adlandıran bəzi mətbuat orqanlarından fərqli olaraq adımızı, soyadımızı olduğu kimi yazırıq... Yəni, kimliyimiz, mövqeyimiz ortalıqdadı. Oxucunu aldatmırıq. Siyası partiya ilə yaxın olmaq qəzetin fəaliyyətinə heç bir problem yaratmır. Problem bilirsiniz nədir: Konkret siyasi sifarişi, yaxud sifarişləri həyata keçirdiyin halda müstəqil olduğunu deyəsən. BAXCP milli idealogiyanın, milli dünyagörüşünün daşıyıcısı olan bir partiyadır. Bu baxımdan, “Xalq Cəbhəsi” qəzeti ilə BAXCP-ni vahid dəyərlər, prinsiplər birləşdirir. Kim bu prinsiplərə xidmət edirsə deməli biz onunla yaxınıq, doğmayıq, qardaşıq.


- Yazılı medianın problemlərindən biri də qəzetin yayımı və satışı ilə bağlıdır. “Xalq cəbhəsi” qəzetinin satışı hansı səviyyədədir?

- Qəzetin satışı da var, könüllü abunəçiləri də. İnternet saytımız da Azərbaycanda ən çox izlənən saytlardan biridir. Saytı Azərbaycandan kənarda izləyənlərin sayı daha çoxdur. Bu da bizim Güney Azərbaycanla bağlı xəbər siyasətimizdən irəli gəlir. Çox olmasa da konkret oxucu auditoriyamız var.


- Elçin bəy, Siz “Xalq cəbhəsi” qəzetinin neçənci Baş redaktorusuz?

-Təxminən 6 ilə yaxındır ki, “Xalq Cəbhəsi”nin baş redaktoruyam. Daha dəqiq desək 5 il 6 ay. Mənə qədər “Xalq Cəbhəsi”nin 4 baş redaktoru olub. Hazırda onlardan 3-ü qəzetdə baş redaktorun müvani və redaktor kimi fəaliyyət göstərirlər. Qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızı isə bildiyiniz kimi, Azərbaycan mediasında bir çox ilkə imza atan “APA group”un baş direktorudur..


- Qəzetə baş redaktorluq etmiş şəxslərlə münasibətlər indi hansı səviyədədir?

- Yüksək səviyyədə! Qəzetə mənə qədər rəhbərlik edən şəxslərin üçü ilə birgə çalışmağımız Azərbaycan reallığında sensasiya kimi qəbul oluna bilər. Amma bizim üçün adi haldı. Çünki biz ilk növbədə əqidə yoldaşıyıq, yaxın dostlarıq.


- “Xalq cəbhəsi” qəzetinin 10 illik yubileyi ilə bağlı tədbiri necə keçirmək istəyirsiniz?

- Məncə pis olmayacaq.


- Qəzetin yubiley tədbirinə dəvət olunmuş siyasətçilər bu düşərgənin bütün spektrini əhatə edə biləcəkmi?

- Qonaqlarımızı siyasi mənsubiyyətlərinə görə seçməmişik.


- “Xalq cəbhəsi” qəzeti həmçinin internetdə online fəaliyyət göstərir. İnternet mediası kimi hansı problemlərlə üzləşirsiz?

- Qəzetin saytı bir neçə dəfə dağıdılıb. Əsas problem budu. Bu sahədə təhlükəsizliyin təmin olunması bizim üçün də prioritet məsələdir. Buna görə də yeni saytın yaradılmasına qərar vermişik. Bu ustiqamətdə iş gedir.


- Azərbaycan mətbuatı bu gün iddia etdiyi qədər müstəqildirmi?

- Müstəqilliyin də sərhədləri var. Bizim üçün bu sərhəd Azərbaycanın milli və dövlət maraqları, ədalət hissi və məsuliyyətdir. Başqaları üçün deyə bilmərəm. Məsələn, deyə bilmərəm ki, bir məmurun, yaxud hansısa qrupun, dairənin sifarişi ilə eyni bir şəxs haqqında illər boyu, hətta fasiləsiz olaraq sübutu olmayan xəbərlər yaymaq nə qədər müstəqillikdir... Əgər müstəqillik gizlində rüşvət, dilənçi payı alıb, reketçilik edib aşkarda söz və fikir azadlığı haqqında taftalogiya söyləməkdirsə və bütün bunlardan sonra gedib kiminsə qapısında boyun bükməkdirsə, gizlində əl öpüb, aşkarda ətək qaldırmaqdırsa, o zaman biz müstəqil deyilik. Bizim müstəqilliyimiz hər birimizin fərd olaraq alnıaçıq və ədalətli olmağımızdadır! Daha öncə dediyim kimi, adımız da bəllidi, soyadımız da, mövqeyimiz də, hədəfimiz də, prinsiplərimiz də. Deməli, adımıza, mövqeyimizə, prinsiplərimizə uyğun olduğu qədər müstəqilik. Və bir kimsə bizi öz prinsiplərimizdən, dünyagörüşümüzdən daşındıra bilməz. Mənə görə əsil müstəqillik elə budur.