“Siyasi imicini qoruyan səfir İctimai Palata ilə görüşməz”

siyasi-imicini-qoruyan-sefir-ictimai-palata-ile-gorusmez
Oxunma sayı: 707

O, ATƏT rəsmisinin fikrinin aydın olmadığını bildirib: “Mən bilmirəm cənab Cankorel nəyi nəzərdə tutub, biz hara dəvət olunuruqsa ora da gedirik. Əgər dialoq adı altında bir məsələ müzakirə eləmək istəyirlərsə biz həmin müzakirələrə qatıla bilərik. Amma mən bütövlükdə dialoq termininin Azərbaycanda belə istismar olunmasının əleyhinəyəm. Çünki Azərbaycan siyasi proseslərin sabit şəkildə inkişaf etdiyi, vətəndaş sülhü, vətəndaş birliyi olan ölkədir. Bu gün dialoq sözünü Fransa, Amerika və Böyük Britaniyaya aid eləmədiyimiz kimi bizə niyə aid edirlər. Dialoq Somalidə, Anqolada və digər qarşıdurma olan ölkələrdə olmalıdır Azərbaycanda yox”.

Mübariz Qurbanlının deməsinə görə, dialoq məsələsini həmişə Azərbaycanda azlıqda olan radikal müxalifət partiyaları qaldırılar: “Yığışdıq söhbətə başlayaq, nədən danışacayıq. Cəmiyyətdə qanun işləyir, hər şey qaydasındadır. Çox azlıqda olan bir dairə dialoq-dialoq deyir. Bu mövzu artıq adamı yorub. Biz deyirik dialoq nəyə deyirsiz gəlin, oturub söhbət edək, amma hansısa təşkilatın egitası altında yığışıb söhbət etmək bizə bir qədər anormal görünür. Azərbaycanda nə vəziyyətdir ki, ATƏT çərçivəsində görüş olsun, söhbət aparılsın”.

Mübariz Qurbanlı deyir ki, bu gün parlamentdə təmsil olunan 12 partiya arasında normal dialoq mühiti var. Bakıdakı diplomatik korpus nümayəndələrinin Müsavat Partiyasında İctimai Palata üzvləri ilə görüşünə gəldikdə, Mübariz Qurbanlı deyir ki, bu onlara sadəcə gülməli görünür: “Ona görə ki, heç bir ictimai dayağı və rəsmi qeydiyyatı olmayan sadəcə adı olan bir qurumla böyük-böyük dövlətlərin səfirləri görüşür və bu görüşü də ictimailəşdirib, onun ətrafında hay-küy yaratmaq istəyirlər. Mənə elə gəlir imici olan və dövlətinin siyasi imicini qoruyan səfir həmin İctimai Palatada görüşməzdi”.

YAP icra katibinin müavini deyir ki, arxasında heç bir ictimai dayağın olmadığı bir qurumun nümayəndələri ilə görüşməklə səfirlər özlərini gülünc vəziyyətə salmış olurlar.