Siyasi məhbuslar azad olunacaq

siyasi-mehbuslar-azad-olunacaq
Oxunma sayı: 672

Qabaqcadan da elan edildiyi kimi, burada Azərbaycandakı siyasi dustaqlar problemi ilə bağlı AŞ PA-nın siyasi dustaqlar üzrə məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasselin çıxışı olmalı idi. Gözlənilən bu idi ki, Ştrasselin hesabat-çıxışı sərt olacaqdı və AŞ PA-nın növbəti sessiyasında rəsmi Bakını ciddi sınaqlar gözləyəcəkdi. Lakin indi belə məlum olur ki, Parisdə sabah keçiriləcək toplantının gündəliyindən Azərbaycanla bağlı məsələlər, o cümlədən də Ştrasselin məruzəsi çıxarılıb.

Bu barədə müxbirimizə Parisdəki mənbələri əsasında hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. Onun deməsinə görə, aparılan danışıqlar nəticəsində AŞ PA ilə rəsmi Bakı arasında siyasi dustaqlar və məruzəçi Ştrasselin Azərbaycana buraxılması ilə bağlı anlaşma əldə edilib. Belə ki, 2009-cu ilin martından Azərbaycandakı siyasi dustaqlar üzrə AŞ PA məruzəçisi təyin edilməsinə baxmayaraq, Ştrassel o zamandan Bakıya buraxılmırdı. Ölkə iqtidarının bu inadı beynəlxalq qalmaqala çevrilmişdi və böyük qınaqlar toplamaqdaydı.
Hüquq müdafiəçisi onda olan məlumatlar əsasında belə bir qənaətə gəlib ki, siyasi dustaqlar məsələsində böyük gəlişmələr əldə edilib. Belə aydın olur ki, anlaşma əsasında bu ilin sonunda 2 aprel dustaqlarını da əhatə edən əfv veriləcək. Ştrasselə də, öz mandatına uyğun olaraq, araşdırma aparmaq üçün, nəhayət ki, viza veriləcək.
Azərbaycan hakimiyyəti təklif edib ki, heç bir beynəlxalq qurumların müdaxiləsi olmadan siyasi dustaqlarla bağlı məsələnin həlli onun öhdəsinə buraxılsın. Bu təkliflə razılaşılıb.
Səidə xanım hesab edir ki, prezident 24 dekabra təsadüf edəcək 50 illik yubileyi ərəfəsində və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə geniş əfv fərmanı imzalayacaq.

musavat.com