Siyavuş Aslanın oğlu atasının evini qumarda uduzdu - Eksklüziv

siyavus-aslanin-oglu-atasinin-evini-qumarda-uduzdu-ekskluziv
Oxunma sayı: 2502

Xalq artisti, tanınmış aktyor Siyavuş Aslanın evi Azərbaycandakı bankların biri tərəfindən müsadirə olunub. Etibarlı mənbənin “Qafqazinfo”ya verdiyi məlumata görə, xalq artistinin iki evi olub. Onlardan biri Musiqili Komediya Teatrının, digəri isə Xətai metrostansiyasının yaxınlığında yerləşib. Məlumatda bildirilir ki, S. Aslanın oğlu Çingiz Aslan Xətai metrosunun yaxınlığındakı evi banka girov qoyaraq onun müqabilində xeyli pul götürüb. Mənbə xalq artistinin oğlunun həmin pulları qumar oyununda uduzduğunu və bankdan götürdüyü krediti qaytara bilmədiyini deyib. Uzun müddət banka olan krediti ödəyə bilmədiyi üçün 2 gün əvvəl bank S. Aslanın evinə gələrək onu müsadirə edib. Həmin ev isə 60 illik yubileyi münasibəti ilə ölkə prezidenti tərəfindən xalq artistinə verilən ev olub.

Məlumatı dəqiqləşdirmək üçün xalq artistinin digər oğlu Eldar Aslanla əlaqə saxladıq. E. Aslan sualı dinlədikdən sonra əvvəlcə “bu ailədaxili məsələdir” deyib. Daha sonra isə E. Aslan bildirib ki, onun bu məsələdən xəbəri yoxdur: “Mən bu barədə heç nə deyə bilmərəm. Yaxşı olar ki, bunu Siyavuş müəllimlə dəqiqləşdirəsiniz. Amma yaxşı olar ki, siz başqa məsələlərdən yazasınız”. Açıqlamasının sonunda isə E. Aslan ümumiyyətlə bu xəbərin doğru olmadığını qeyd edib.