Siyavuş Novruzovdan daha bir Dədə Qorqud məsəli

siyavus-novruzovdan-daha-bir-dede-qorqud-meseli
Oxunma sayı: 653

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında deyib ki, Bakı Əl Oyunları Sarayı idman oyunları üçün nəzərdə tutulub: “Adından da göründüyü kimi, bura idman oyunlarının keçirildiyi yerdir, qurultay üçün nəzərdə tutulmayıb. Həm də Bakı Əl Oyunları Sarayı özəl qurumdur və onun Bakı Şəhər İcra Hakimiyyətinə aidiyyəti yoxdur. Müsavat özəl quruma müraciət etsin, razılaşsınlar, pullarını ödəyib qurultaylarını keçirsinlər. Bunun Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var?”

YAP icra katibinin müavini hesab edir ki, qurultay keçirmək istəyən təşkilat müraciətində bir necə yer göstərməlidir: “Hansında imkan olsa, Bakı Şəhər İcra Hakimiyyəti oranı təklif edir, qurultay keçirməyə imkan yaradır. Müsavat müraciətində yazmalıydı ki, qurultay keçirmək istəyirik, bu qədər nümayəndə, qonaq iştirak edəcək və müvafiq bildiyiniz yerdə qurultayı keçirməyə şərait yaradın. Yaxud da bir neçə yer göstərməliydilər. YAP dəfələrlə qurultay keçirib. Biz məktub yazırıq, nümayəndələrin, qonaqların sayını göstəririk və bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti bizə müvafiq yer ayırır”.

“Hakimiyyətin yüzillik bir partiyaya qurultay keçirmək üçün şərait yaratmaması nə qədər doğru addımdır” sualına Siyavuş Novruzov belə cavab verib: “Yüz il tarixi olan Müsavat başqa partiyadır. Ola bilər ki, indiki partiyanın da adı Müsavatdır. Amma bir nəfər adını dəyişsin və Dədə Qorqud qoysun. Bu o demək deyil ki, həmin şəxs 1300 ildən artıq tarixi olan Dədə Qorquddur. Yaxud kimsə özünü Məhəmməd Füzuli, Nizami Gəncəvi adlandıra bilər. Amma bu həmin şəxslərin Füzuli, Nizami olması demək deyil.

20-ci əsrin əvvəlində olan Müsavatla indiki arasında yerlə-göy qədər fərq var. Bunlar tamamilə başqa-başqa təşkilatlardır. Ona görə də belə müqayisəni qəbul etmirəm və doğru saymıram. Hamı əsrin əvvəlində olan Müsavatı qəbul edir, amma indikini yox. Əslində indikilər keçmiş Müsavatın fəaliyyətinə kölgə salırlar, onun haqqında mənfi fikir formalaşdırırlar. Vətəndaşlar Müsavatda baş verən hadisələrə, insanlara baxır və fikirləşir ki, görəsən, əsrin əvvəllərində də belə olub?”