“Siz gedin, cənab prezident...”

siz-gedin-cenab-prezident
Oxunma sayı: 670

Bu gün nizama düşüb bir yürüş keçirdik hamılıqla. Bütün şəhər bir araya gəldi.

Yolda taksi sürücüsü ilə də söhbətimiz oldu. Bu ölkədə onlar qədər maraqlı həmsöhbət görməmişəm. Nədən desəniz ona aid sözləri var.
Bəxtimə Qarabağ savaşçısı çıxdı.

Çox danışmadıq. Təxminən söhbətimiz belə oldu:
- Yürüşün hardan başlanacağını bilirsiz?
- Bilirəm.
- Gedək.
- Mən saat 2-də olan tədbirə gedəcəm.
- Müxalifətin?
- Hə.
- Müxalifətçisiz?
- Çoxdan.
- Buna da gedə bilərsiz. Xocalı üçün nə müxalifət, nə iqtidar?!
- Tədbir keçirilirsə iştirak etmək lazımdı. Bir-iki saat işləyim gedəcəm. Mən qara köpüyün vaxtından taksi sürürəm. O köpüynən biz spiçka alırdıq, su içirdik.
- “ Qara qəpik ” zamanı keçdi.
- Zaman gedir. Ancaq Qarabağı geri ala bilmirik . Xocalı Soyqırımını tanıda bilmirik. Mən Şuşada savaşmışam. Elə olub gecə-gündüz ağlamışam ki, o boyda Qubadlı getdi, Laçın getdi , Şuşa getdi. Necə oldu bu?.. Biz savaşırdıq axı. Könüllü getmişdik. Onlar aşağıda, biz yuxarıda, yuxarıdan tüpürsən ermənini başına dəyərdi. Rəhim Qazıyevi Şuşada ola-ola müdafiə naziri qoydular. Batalyon qaldı başdı başına. Adam yanıb tökülür. Biz vuruşurduq axı...
Necə getdi o torpaqlar...

Çathaçatda uzaqdan ucu- bucağı görünməyən yürüş əhlini gördük. Bir duyğu yarandı... Güc gerçəkdən də birlikdədir.

Toplumsallıq bir güvən, bir güc aşılayırdı addımladıqca. Elə bir güc ki, bu dəqiqə bütün dünyanı gəzməyə yetər. Dünya yürüşünə çıxarar bu toplumu. “Xocalıya Ədalət” şüarlarını əllərində hünərlə aparırdı yürüşçülər. Və üzlərdən görünürdü ki, bu “yürüşə çıxmaq lazımdı” tapşırığı üçün atılan addımlar deyil, “Nəsə eləmək lazımdı” düşüncəsidi bir arada.

Çoxdandı xalq belə nizamlı, belə kübar görünmürdü. Bir-birini ayaqlamırdı ən azı. Bir-birini irəli ötürür, yol verir, sakitcə yürüyürdü . İki bir, üç bir Xocalı soyqırımından , Qarabağ savaşından danışırdılar. Hər kəs indi, bu dəqiqə, birlikdə addımlamağın önəmli olduğuna inanırdı, vacib olduğunu düşünürdü. Hər kəs nəsə bir borcu olduğunu düşünürdü bu vətənə. Ağlayan da vardı, qışqıran da. Təm-təkcə əlini cibinə qoyub fikirli-fikirli addımlayan da. Ağzına gələni utana-utana astadan danışan da . Məsələn , yanda söhbət edən iki kişidən biri belə deyirdi:

- Mən belə şeylərə yaxşı baxıram e, amma bazar gününə salmasınlar da. İş günlərindən birinə salsınlar. Bazar günü evdə olaq.

Adam söhbətin nədən getdiyini bimirdi. Anlamırdı ki, tarix istirahət gününə düşür. Heç kim onu bilə-bilə bu günə salmayıb. O, öz bazar günündən narahat idi.

İki qadınsa ağlayırdı məsələn. Bütün qohumlarını, əzizlərini itirən iki qadın ağlayırdı gedə-gedə.

Çoxdandı azərbaycanlılar bir yerdə bir cərgədə belə ürəklə addımlamırdılar.

Çoxdandı bu şəkildə bir yerə toplaşmırdılar. Yol boyu çox nəsnə düşüncəyə çevrilirdi. Hər şey Xocalıyla başladı əslində. Və hər şey Xocalıyla davam edir.
Əgər Dünya Birliyi bu tarixi olayı etiraf etsə Qarabağ probleminin həllinə xeyli yaxınlaşarıq.

Tələbələr də vardı yürüşçülərin arasında. Aradabir kimdənsə eşitdikləri cümləni göydə tutub şüara çevirirdilər. “ Vətəndən pay olmaz, Vətəndən pay olmaz” . “ Qarabağ bizimdi, bizim olacaq”. Bütün çabaları, hərəkətləri bir fikri yaradırdı. Bu uşaqların liderə ehtiyacları var.

Öndə prezident addımlayırdı. Boyu hamıdan uca başqan gedirdi 100 000 adamın önündə. Səmimi idi çoxluq. Bu çoxluğun “ Arxasınca aparan ”a ehtiyacı var. Bu, toplumun yürüşdəki halından, görkəmindən yağırdı. Və dövlət başçısının arxasınca gedən insan axını bəlkə anın sentimentallığından doğan bir güclü təəssürat yaradırdı, bir hissi quş kimi uçururdu . “Siz gedin, cənab prezident, əsas odu ki, siz qabaqda olun. Biz gələrik arxanızca.”