“Sizə 20 qəpik də çoxdur”

size-20-qepik-de-coxdur
Oxunma sayı: 655

Metroda mövcud olan problemlə bağlı “Qafqazinfo”nun elektron poçtuna maraqlı məktub daxil olub. Məktubun maraqlı və qaldırılan problemin aktual olduğunu nəzərə alıb onu olduğu kimi oxuculara təqdim edirik:

“Salam. Bu problem yəqin ki, təkcə mənim deyil, Bakıda yaşayan və metrodan istifadə edənlərin problemidir. Hər gün eyni problemlər necə baş verir anlamıram. Bu gün səhər Həzi Aslanov-Dərnəgül xətti ilə saat 8:05 radələrindən etibarən hərəkətə başlayan qatar 5 stansiya arasında 2 dəqiqəlik dayanır, hərəkət edəndə də çox aşağı sürətlə hərəkət edirdi. Üstəlik maşinist utanmaz-utanmaz minib düşənlərə “qatarı yubatmayın” deyirdi. Başa düşmürəm tuneldə gözlətmək üçün yubatmayın deyirdi?! Ventilyasiya sistemi isə işləmir, bəzi pəncərələr isə açılmırdı. Sanki onları ora yapışdırıblar. İsti bir tərəfdən insanı daha da əsəbiləşdirirdi. Bundan başqa hər gün Azadlıq-Həzi Aslanov xətti üzrə gələn qatara minəndə kiminsə kefi belə istəyir deyə birdən istiqamət Bakmil olur. Keçən dəfə bu barədə yazı getmişdi ki, bunda günah sərnişinlərdədir. Qatarı gecikdirdiklərinə görə belə olur. Mən başa düşmürəm “Azadlıq”dan “20 Yanvar”a qatar demək olar ki, boş gəlir. Necə olur ki, qatarı gecikdirir sərnişin? Bu axı absurddur. Tutaq ki, “Azadlığ”a gələnə qədər gecikib qatar bunu elə əvvəldən niyə “Bakmil” etmirlər. Niyə insanlar minəndən və qatarı doldurandan sonra bu dəyişiklik olur anlamaq mümkün deyil.

P.S Metroda qiymətin ucuz olduğunu deyənlər, bilin ki, göstərdiyiniz "ucuz" və səhlənkarcasına xidmət müqabilində 20 qəpiklik gediş haqqı da çoxdur!”.