Sizə rahibik itaətdə

size-rahibik-itaetde
Oxunma sayı: 646

Bu fikirlər, bu etiraflar tanınmış müdrik insanlara məxsusdur. O müdriklərə ki, qadını, onun varlığını, gücünü duyub, görüb bu nəticəyə gəliblər:

Qadın gülərsə, şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Amma əsrlərlə qadınlar cəmiyyətdə kişilərlə bərabər hüquqlardan məhrum olunmuş, onların zəhməti, qabiliyyəti belə layiqincə dəyərləndirilməmişdir. Qadının ictimai mühitdə varlığı isə hətta xəyal olaraq, yaxud gülünc hadisə kimi təsəvvür edilmişdir.

Əlbəttə ki, tarixə boylansaq, təkcə xalqımızın yetirdiyi məşhur Tomrisləri, Sara xatunları, Natəvanları qeyd etməklə zəif cinsin nümayəndələrinin bu yanaşmalara layiq olmadığının, hətta öz nüfuzları ilə düşüncələrə sipər çəkdiyinin sübutunu tapırıq. Qadınlar tarixin ayrı-ayrı səhifələrində öz varlıqları, böyük qüvvələri haqqında yaddaşlarda silinməyən izlər buraxmışdır. Zaman keçdikcə belə faktların mövcudluğu hesabına qadınlarımızın hünərindən, fərasətindən danışmağa ərk etmişik.

Mübahisə doğurmaq ehtimalı olsa belə, cəsarətlə deyə bilərik ki, Şərqdə, xüsusən türk xalqlarında qadına, anaya münasibət başqa millətlərdən tamamilə fərqli və qat-qat yüksək olmuşdur. Bu indi də belədir. Qadın, ana haqqında söhbət getdikdə düşüncələrimizdə böyük dəyərlər, saf, təmiz niyyətllər özünə cığır açır.

Ana, ana...O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əli ilə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi istirahətdir.

Əziz analar, bu qiyməti sizə oğullarınız verir, bu böyüklüyün, bu nəhəngliyin mövcudluğunu onların dilindən eşidirik, onların nəfəsindən duyuruq. “Cahanda yox elə bir qüvvə baş əyim ona mən” deyən igidləriniz yalnız sizin kimi “güclü və zərif bir vücud”un qarşısında məğlubdurlar.

Xoşbəxtsiniz, övladlarınızın dilindən belə dəyərli kəlmələri eşidərkən!

Dahisiniz, bu qədər ürəkləri fəth etməyə qadirkən!

Müqəddəssiniz, min cür sitəmlərə sinə gərən, əyilməz igidlər qarşınızda diz çökərkən!

Ən böyük məhəbbətimiz, həzin layla dolu, hüzur dolu, hünər dolu, namuslu analarımız!

Biz “Sizə rahibik itaətdə!”