Sizin kimi “jurnalist”in beynini dağıtmaq lazımdır ki...

sizin-kimi-jurnalistin-beynini-dagitmaq-lazimdir-ki-
Oxunma sayı: 1171

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Gündəlik Bakı" qəzetinin bugünkü sayında barəsində dərc olunmuş yazı ilə bağlı Trend-in sorğusunu cavablayıb.


“Qafqazinfo” xəbər verir ki, Ehsan Zahidov Trend-ə bildirib ki, qəzetin dünənki sayında Zaqatala rayon polis şöbəsində anarxiyanın hökm sürməsi barədə yazı dərc olunub. Yazını oxuyarkən onun müəllifin qərəzli mülahizələri əsasında yazıldığını aydın görmək mümkündür.

Məqalənin heç bir fakta söykənmədiyini, reallığı əks etdirmədiyini deyən rəis müavini bildirib ki, yazı müəllifi bu yolla polisin adına və fəaliyyətinə qara yaxmağa çalışır.

"Yazı ilə bağlı apardığımız araşdırma zamanı onun qərəzli yazıldığı bir daha təsdiq olundu. Qəzetin redaksiyası ilə əlaqə saxlayaraq yazıdakı fikirlərə iradlarımı bildirdim. Məndən xahiş etdilər ki, iradlarımı yazılı formada qəzetin elektron poçtuna yollayım. Mən də qəzetdə təkzib verilməsi üçün iradlarımızı yazılı şəkildə göndərdim. Təxminən 30 dəqiqədən sonra özünü qəzetin redaktoru kimi təqdim edən Habil Vəliyev adlı şəxs mənə zəng edərək, bu təkzibi verməyəcəyini bildirdi. Mən ona qanunların aliliyini, KİV haqqında qanunun tələblərini xatırladanda mənə "Nə qanundan, nə də məhkəmədən qorxuram. Təkzibi dərc etməyəcəm. Başqa mənə nə edə bilərsiniz?" cavabını verdi. Mən "Sizin kimilərlə ancaq qanun dilində danışmaq lazımdır. Sizin kimi "jurnalist"in beynini dağıtmaq lazımdır ki, şər-böhtan dolu yazılar yazmaqla ictimaiyyəti çaşdırmayasınız" cavabını verdim. Mən bu ifadəni zor göstərmək mənasında deyil, beyinin təmizlənməsi, saflaşması mənasında işlətmişəm", - Zahidov deyib.

"Qəzetin bugünkü sayında "Ehsan Zahidov baş redaktorla Hacı Məmmədov kimi danışdı" başlıqlı yazıda guya mənim onunla "Dərc etməsəniz beyninizi dağıdaram" deyərək hədə ilə danışdığım barədə yanlış məlumatlar dərc edib", - nazirlik sözçüsü qeyd edib.

Zahidov bildirib ki, Habil Vəliyev bu hay-küyü salmaqla qabaqdangəlmişlik edir, özünün qanunsuz hərəkətlərinə haqq qazandırmaq istəyir. "Polisin xidməti fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində yayılan haqlı və əsaslandırılmış məlumatlar hər zaman Daxili İşlər Nazirliyinin rəhbərliyi, o cümlədən mətbuat xidməti tərəfindən müsbət qarşılanıb. Hətta, belə yazılarda göstərilən nöqsanların araşdırılması üçün müvafiq tapşırıqlar da verilib", - o deyib.

Zahidovun sözlərinə görə, araşdırma zamanı Zaqatala rayon polis şöbəsi ilə bağlı qəzetdə dərc olunmuş məqalənin hansı məqsədlə yazıldığı da məlum olub. Belə ki, araşdırma zamanı məqalənin qərəzli yazıldığı təsdiqini tapıb.

O bildirib ki, bir neçə gün öncə Zaqatalada qız qaçırma hadisəsi olub. Zaqatala polisinin keçirdiyi tədbirlər zamanı qaçırılan qızın Bakıda saxlandığı məlum olub. Polis əməkdaşları qızın saxlandığı yeri müəyyən edib və onun azad olunması üçün Bakıya gəlib.

"Onları Bakıda Habil Vəliyev qarşılayıb və onlara qızı qaçıran şəxsin yaxın dostu olduğunu deyib. Polis əməkdaşlarına özünün nüfuzlu adam olduğunu, polis orqanlarının rəhbərləri ilə sıx əlaqələrinin olduğunu deyib və onlardan geri qayıtmalarını tələb edib. Polislər onunla razılaşmayanda Zaqatala rayon polis şöbəsinin rəisi ilə telefon əlaqəsi yaratmalarını xahiş edib. O, telefon danışığı zamanı rəisə müxtəlif təkliflər edib. Rəis onunla danışmaq istəmədiyini bildirib, əməkdaşlarına əməliyyat tədbirlərini davam etdirməyi tapşırıb. Habil Vəliyev rəisi qəzetin sabahkı sayında onunla bağlı tənqidi yazı dərc olunacağı ilə hədələyib", - Zahidov deyib.

Rəis müavini qeyd edib ki, Habil Vəliyevin digər qanunsuz əməlləri ilə bağlı Zaqatala rayon polis şöbəsində məlumatlar var və hazırda həmin məlumatlar araşdırılır.

Zahidov bildirib ki, bu gün bir daha "Gündəlik Bakı" qəzetinin elektron poçtuna KİV haqqında qanunun tələblərini izah etməklə həmin yazılarla əlaqədar təkzib verilməsi barədə məktub göndərib və qəzetin sabahkı sayında təkzibin dərc olunmasını xahiş edib.