“Sizin qədər mən də sevinirəm”

sizin-qeder-men-de-sevinirem
Oxunma sayı: 706

Prezident: Bu bayram günündə çox yaxşı tədbirlər keçirdik. Həm olimpiya mərkəzinin, həm də mərkəzi xəstəxananın əsası təmir olunmuş binasının açılışında iştirak etmişəm. Xəstəxana çox bərbad vəziyyətdə idi. Demək olar ki, yox idi. İndi gözəl tibb ocağı yaradılıb.

Sakin: Çox sağ olun. Minnətdarıq sizə, cənab prezident.

Prezident: Yol tikintisi də çox vacib məsələdir. Keçən ilin aprel ayında da Astarada idim, başqa kənd yolunun açılışında iştirak edirdim. Bu gün, bir ildən sonra isə Kijəbə qəsəbəsini başqa kəndlərlə birləşdirən yolun açılışında iştirak edirəm. Yol həyatdır. Yol olmadan inkişaf ola bilməz.

Sakin: Bu gözəlliyə, yaratdıqlarınıza görə bütün Astara əhalisi adından sizə minnətdarıq. Bu gün bayramımız ikiqat olacaq. Sizin gəlişinizi də, çərşənbə bayramını da qeyd edərik. Sizə bu bayram günündə uğurlar arzulayırıq.

Prezident: Sağ olun. Sizə də uğurlar arzulayıram. Mənim arzum ondan ibarətdir ki, hər bir kənddə, hər bir qəsəbədə işlər yaxşı getsin, yaşamaq üçün, işləmək üçün bütün şərait olsun. Qazlaşdırma gedir. İndi sizin kəndə qaz çəkilib, işıq var.

Sakin: 24 saat təbii qazla təminatımız var. İşıq da 24 saat yanır.

Prezident: Burada, Ərkivan kəndində əvvəl elektrik stansiyası tikdik. İndi yol var. Su layihəsi də icra edilir. Şəhərdə su-kanalizasiya layihəsi artıq başlamaq üzrədir. Qalan işlər indi sizdən asılıdır.

Sakin: Çox sağ olun. Biz sizi həmişə dəstəkləmişik, həmişə də bütün əhalimiz Sizi dəstəkləyəcək.

Prezident: Kənd təsərrüfatının inkişafı üçün də kreditlər, gübrələr, əlavə texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni biz istəyirik ki, bu inkişafa daha da güclü təkan verək - hər bir bölgədə, hər bir kənddə yaxşı şərait olsun, rifah artsın, iş yerləri açılsın və gözəl abadlıq işləri görülsün. Bu qəsəbə bir azdan sonra şəhərə oxşayacaq.

Sakin: Çox sağ olun. Minnətdarıq Sizə. Allah Sizi hifz eləsin. Allah Sizə, ailənizə uzun ömür, cansağlığı versin.

Prezident: Sağ olun. Mən Astara rayonunun bir neçə kəndində olmuşam, kənd-kənd gəzirəm.

Sakin: Bu, ulu öndərimizdən qalan ənənədir. Çünki ulu öndərimiz 8 dəfə bu qəsəbədə olub. Sizdə bu ənənəni davam etdirirsiniz.

Prezident: Səkkiz dəfə bu qəsəbədə olub? Onda mən hələ çox gəlməliyəm.

Sakin: İnşallah. Allah qismət eləsin gələsiniz.

Prezident: Keçən dəfə də Astaranın bir neçə kəndində olmuşam. Burada həm yol tikintisi ilə bağlı kəndlərdə olduq, sonra kiçik su elektrik stansiyasının təməlini qoyduq. Orada da işlər gedir. Yaxın zamanlarda o da istismara veriləcək. Astaranı mən indi yaxından tanıyıram. Prezident kimi 5-ci dəfə gəlirəm. Əvvəlki dövrdə ulu öndərlə bərabər burada olmuşam. Hər dəfə burada yenilik, inkişaf görəndə ürəyim açılır. Sizin qədər mən də sevinirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.

Sakinlər: Çox sağ olun. Biz Sizinlə fəxr edirik. Dünya arenasında da biz sizinlə fəxr edirik. Bütün Azərbaycan xalqı kimi, Astara ictimaiyyəti də həmişə sizinlədir. Çalışarıq etimadınızı doğruldaq. Dövlətimizin bu gözəl qayğısına biz də işimizlə cavab verək.