Slış, Foqts, eti nemtsı sovsem tebe ne uvajayut

slis-foqts-eti-nemtsi-sovsem-tebe-ne-uvajayut
Oxunma sayı: 812

Bu bayram həm də onunla yadda qaldı ki, möhtərəm cənab prezident həmin gün 65 minlik bir stadionun təməlini qoydu.

Futbol bir biznesdir, yəni dünyada çox az ölkə ola bilər ki, futbola dövlət qayğısı göstərsin. Ayrı-ayrı iş adamları, ayrı-ayrı qurumlar yaxşı gəlir götürmək üçün futbola maya buraxırlar və stadionları da dövlət deyil klublar və ya ayrı-ayrı iş adamları tikirlər. Azərbaycan az ölkələrdən biridir ki, futbola xüsusi bir dövlət qayğısı var və futbolun inkişafı üçün dövlət həm maddi, həm də mənəvi baxımdan yüksək şərait yaradıb. Amma futbol dünyamız və klublarımız bu dövlət qayğısından necə bəhrələnirlər və ya necə istifadə edirlər bu başqa məsələdir.

Başlıqdan göründüyü kimi mən ironik bir yazı yazacaqdım, amma fikirləşdim ki, qoy sözümü ciddi deyim. Tanıyanlar bilir ki, mən futbolu az-çox bilirəm və həm də çox sevirəm. Futbolla bağlı da tez-tez yazılar yazıram. Futbolun problemlərini çözməyi özüm bildiyim kimi, yollarını göstərməyə çalışıram. Və futbol haqqında yazdıqlarımı bir yerə toplasam maraqlı bir kitab da çıxar.

Məsələ nədi? Söhbət milli komandamızın baş məşqçisi Berti Foqtsdan gedir.

Əvvəla, mətbuat konfransında bir qrup jurnalistin Foqtsa aftafa və tualet kağızı təqdim etmək istəmələrini bəyənmədim. Bu bizlərə yaraşan iş deyil.

Amma stadionda 35 min azarkeşdən 34600-nün (400 alman azarkeş vardı) "istefa" deyə hayqırmasını çox haqlı buldum.

Foqtsun da xarici mətbuata açıqlamaları da, aftafa olayına başqa don geyindirməsi də doğru addım deyil və buna görə də AFFA-ya bir cavab verməlidi. Çünki dediyi söz böhtandı, böhtana görə hər kəs cavab verməlidi. Çünki ona heç kim mətbuat konfransında hücum eləməyib.

Əslində Qazaxıstana uduzandan sonra Foqts dərhal istefa verməli idi. Özünə qiymət qoymağı bacaran hər hansı bir məşqçi mütləq bunu edərdi.

Hər bir məşqçinin özünəməxsusluğu var, öz oyun texnikası var, oyunçu seçmə qabiliyyəti var, özünəməxsus oyunqurma üsulu var, hansı klubla hansı formada oynamağı bilmək bacarığı var və sair və ilaxır. Qısası, hər məşqçinin öz dəst-xətti var.

Məsələn, elə Azərbaycan klublarının məşqçilərinin hər birinin özünün dəst-xətti var. Klubları dəyişəndə də oyun üslublarını, dəst-xətlərini dəyişməzlər. Çünki nəyi gözəl bilirsə, onu da meydanda tətbiq eləyir.

Amma bu günədək, bir Türkiyə ilə oyunu çıxmaq şərtilə, Berti Foqtsun bir dəst-xəttini görməmişik. Və yəqin bundan sonra da görməyəcəyik. Olmayan şeyi necə görmək olar ki?

Türkiyə ilə də oyun tamamilə başqa bir məsələ idi və bütün mətbuat da yazdı ki və hələ də yazır ki, Foqtsun Türkiyəyə qalib gəlmək üçün can yandırması almanlar üçün (söhbət təkcə Almaniyadan getmir, avstriyalılar da almandılar, belçikalılar da elə almanfason bir şeydilər və elə alman tayfalarından törəyiblər) yaşıl işıq yandırmaq istəyi idi. Hələ bilmək olmaz ki, həmin oyunun taktikasını hansı alman məşqçi hazırlamışdı.

Yeri gəlmişkən, Avropa qəzetləri yazırlar ki, guya Türkiyə Foqtsu öz millisinə aparmaq istəyir. Yəni, ay azərbaycanlılar, bərk yapışın, yoxsa Foqtsu Türkiyə əlinizdən alacaq. Türkiyə mətbuatı da rəsmi mənbələrə istinadən yazdı ki, bunlar boş söhbətdi, Foqtsu nəinki Türkiyənin millisi, heç "Rizəspor"da aparmaz, mən hələ "Adıyamanspor"u demirəm.

Mətbuatda belə bir fikir səsləndirilir ki, Foqts müqavilə müddəti bitmədən istefaya göndərilsə, bizə külli miqdarda ziyan vura bilər, yəni bizi cərimə edə bilərlər.

AFFA ilə Foqts arasında müqavilə necə bağlanıb, dəqiq məlumatım yoxdu. Amma mənim işçilərim də müqavilə ilə işləyirlər, qarşılıqlı öhdəliklər götürmüşük. Məsələn, müxbir ay ərzində nə qədər yazı yazmalıdı və hansı keyfiyyətdə yazmalıdı və bunun müqabilində də nə qədər maaş alacaq. Və əgər müxbir götürdüyü öhdəliyi yerinə yetirə bilməzsə müqavilə şərtlərini pozduğuna görə işdən çıxarılır və ona heç bir təzminat da ödənilmir. Qardaşım, qol çəkdiyin müqaviləyə əməl elə də, səni qoyun otarmağa göndərmirəm ki, deyəsən getmirəm.

İndi Foqts müqavilə bağlayarkən bir öhdəlik götürübmü? Götürübsə, o öhdəliyə əməl edirmi? Götürməyibsə, niyə götürməyib?

İndi qayıdaq Foqtsun bəzi açıqlamalarına.

Aftafa olayından sonra şikayətlənib ki, "AFFA-nın prezidenti və baş katibinin mənimlə əlaqə saxlamaması adamı düşünməyə vadar edir". Zəng edib nə deyəydilər? Deyəydilər aftafanı götür, yoxsa götürmə? Ya da üzr istəməliydilər? Nəyə görə? Parlaq qələbələr qazanmağının əvəzinə kiminsə istehzasına görə? Nə tökərsən aşına, o da çıxar qaşığına. Əslində burda başa düşülməməyə də bir şey yoxdu. Məsələ aydın olduğu üçün üstü basdırılsın.

Foqts onu da bildirir ki, mətbuat konfransında olan insanları heç vaxt görməyib. Azərbaycandakı futbolçuları hələ tanıya bilməyən Foqts idman jurnalistlərinin hamısını əzbər bilir? Və sonra da deyir ki, vəkilim bu işlə məşğuldu. Vəkil neyləyəcək, məhkəməyə verəcək? O jurnalistlər də gəlib aftafa ilə tualet kağızını məhkəmədə təqdim edəcəklər, bu lap pis.

Gələk oyuna. Həqiqətən uduzsaq da, uşaqlar özlərini öldürdülər. Çox gözəl oynayırdılar, ürəklə oynayırdılar, qorxmadan oynayırdılar. Güclərini qoymuşdular ortaya. Bircə şey çatışmırdı, o da məşqçi. Gör nə zamandı bizim uşaqlar yaşıl meydanlara məşqçisiz çıxırlar. Məşqçisiz oynamaq çox çətindi.

Uduzmağımıza da dilxor olmayın, əgər Foqts qalsa, Qazaxıstanın da, Almaniyanın da, o biri komandaların da heyfini Türkiyədən çıxacağıq.

Oyundan qabaq bir söz-söhbət də gəzirdi ki, hətta qəzetlər də rəvac vermişdilər ki, guya almanlar Foqtsun nüfuzunu qaldırmaq üçün, onlara xal elə də vacib olmadığına görə, heç-heçə edəcəklər.

Ona görə yazının başlığını elə qoydum.

Və sonda. Azarkeşlərdən xahiş edirik, "istefa" sözünün almancasını öyrənsin, bir kəlmə sözdü də öyrənmək nə çətindi ki?!

"Yeni Müsavat"da oxudum ki, ermənilərin informasiyalarında aftafa "yuyunmaq üçün dolça" kimi təqdim olunub. "Aftafanın təyinatını anlamayan ermənilər buna görə də diqqəti tualet kağızına yönəldiblər".

Ağ eləməyin də! Yarandıqları gündən indiyədək onun-bunun aftafasını götürən ermənilər onun təyinatını bilmirlər?!

Aqil ABBAS