Snayperin hədəfinə tuş gəldi

snayperin-hedefine-tus-geldi-
Oxunma sayı: 669

Erməni silahlı qüvvələri Azərbaycan vətəndaşı olan mülki şəxsi yaralayıblar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün saat 12:00 radələrində Tovuz rayonunun qoşunların təmas xəttində yerləşən Əlibəyli kəndində qeydə alınıb. Erməni snayperinin açdığı atəş Hacıallı kənd sakini olan 1991-ci il təvəllüdlü Quliyev Vüsal Vəli oğlunu yaralayıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bununla bağlı rayondan seçilmiş millət vəkili Qənirə Paşayeva Facebook profilində status paylaşıb. Millət vəkili yazıb: “Ermənistan yenə də özünün vəhşi üzünü göstərdi. Bu gün Tovuzun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndində əkin sahəsində işləyən 21 yaşlı Vüsal Quliyevi snayperlərlə hədəfə alıblar. Allaha şükür ki, onu xəstəxanaya tez çatdırmaq mümkün olub və dərhal əməliyyata alınıb. Həkimlərlə tez-tez əlaqə saxlayırdım. Onun sol bud nahiyəsindən 5,15 çaplı gülləni çıxarmaq mümkün oldu. Həkimlər sağ olsun. Vüsal artıq özünə gəlir. Bir az əvvəl telefonla danışdım. İnşallah tezliklə sağalacaq. Sivil insanları snayperlərlə hədəfə alaraq onlara əziyyət verməklə Ermənistan yetkililəri və erməniləri çirkli xislətlərini, insanlıqdan nə qədər uzaq olduqlarını tez-tez göstərirlər. Türk milləti sivil insanları qətlə yetirmək kimi bir insanlıqdan kənar xarakterə malik deyil. Amma inşallah Ermənistan layiq olduğu cavabı alacaq”.