“Söyləsinlər, biz bu özbaşınalığın qarşısını alaq” - Sürüşmə

soylesinler-biz-bu-ozbasinaligin-qarsisini-alaq-surusme
Oxunma sayı: 706

Bunu “Qafqazinfo”ya açıqlamasında Xətai rayonu Gəncə prospektində sürüşmə baş verən binalardan birinin sakini jurnalist Rey Kərimoğlu deyib. O, bildirib ki, yüksək vəzifəli məmurlar gəlib tapşırıq verib gedirlər, amma heç bir nəticə yoxdur: “Bizə qarşı sayğısız münasibət göstərilir. 63 və 65 saylı binalarda yaşayan 252 ailənin 50-si otellərə yerləşdirilib. Bizdə olan məlumata görə, onlara oteldə xidmət göstərilməyib və oradan çıxarıblar”.

Xətai rayonunun sürüşmə baş verən ərazisinin millət vəkili İqbal Ağazadə isə “Qafqazinfo”ya deyib ki, qəti tədbirlərin görülməsi üçün mütəxəssislərin rəyini gözləyirlər: “Dərhal bir addım atmaq mümkün deyil. Sürüşmənin səbəbləri öyrənilməlidir, təbii ya tektonik sürüşmə olduğunu aydınlaşdırmaq lazımdır. Bu gün günortadan sonra mütəxəssislər rəylərini açıqlayacaq və biz lazım bilinən bütün tədbirləri görəcəyik. Əhalinin onlara qarşı laqeyd yanaşıldığını söyləməsi düzdün deyil. Mən hadisə baş verən andan orada olmuşam. 80-ə yaxın ailə otellərdə yerləşdirilib. Bəli, ola bilsin ki, diqqətdən kənarda qalan ailələr olub. Amma bizə olunan bütün müraciətlərə baxılır”.

Otellərə yerləşdirilən sakinlərin çıxarılması haqqında verilən məlumatın yalan olduğunu söyləyən İ. Ağazadə bildirib ki, otelin və həmin sakinin adı söylənilsin və onlar bu özbaşınalığın qarşısını alsınlar.

Xatırladaq ki, martın 3-də Xətai rayonu Gəncə prospektində 63-65 nömrəli binaların yerləşdiyi ərazilərdə torpaq sürüşməsi baş verib.

Sədan