“...Söz, düşüncə azadlığı kimi dəyərlər nə olacaq?”

soz-dusunce-azadligi-kimi-deyerler-ne-olacaq
Oxunma sayı: 668

“Qafqazinfo” millət vəkilinin həmin çıxışını təqdim edir: “Mən Avropa Şurası məkanında, üzv ölkələrdə yaşayan təxminən 100 milyona yaxın Türk insanını narahat edən çox ciddi bir məsələni sizin diqqətinizə çatdırmaq və onların fikirlərini sizə çatdırmaq istəyirəm. Mən eyni zamanda Fransada yaşayan yarım milyon türk kökənli vətəndaşın da ciddi narahatlıqlarını sizin diqqətinizə çatdırmaq istəyirəm. Mən Fransada son günlər baş verən bir məsələyə sizin diqqətinizi yönəltmək istəyirəm. Bilirsiniz ki, Fransa Parlamenti sözdə erməni soyqırımı iddialarını inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsini qəbul edib. Bu gün isə bu məsələ senatda müzakirə olunur. Bu kimi addımlar Avropa Şurasının və assambleyamızın dəyər və prinsiplərinə, söz və düşüncə azadlığı, tarixi araşdırmalar aparmaq azadlığı, insan azadlığı və insan haqları kimi dəyər və prinsiplərə tamamilə ziddir.
Gəlin bu cür qərarların nələrə gətirib çıxara biləcəyini düşünək. Əgər Avropa Şurasına daxil olan ölkələrin parlamentləri, senatları biri-birinin tarixini özlərinə sərf edən kimi araşdırmağa başlasalar, tarixi faktlara deyil siyasi maraqlara söykənən bu cür qərarlar qəbul etsələr Avropa məkanında görün nələr baş verə bilər. Bilirsiniz ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri dəfələrlə Ermənistan rəhbərliyinə müraciət edərək “biz bütün arxivləri açmağa hazırıq. Siz də bütün arxivlərinizi açın. Dünya ölkələrində bununla bağlı nə qədər arxivlər var açılsın. Türkiyənin, Ermənistanın və bu məsələdə maraqlı olan bütün ölkələrin tarixçiləri oturub birgə araşdırma aparsınlar və biz o araşdırmaların nəticələrini qəbul etməyə hazırıq” dedi. Amma Ermənistan rəhbərliyi bu dəvəti qəbul etmədi və obyektiv tarixi araşdırmalar aparılmasını qəbul etmədi və bu gün də etmir. Çünki çox yaxşı bilirlər ki, belə bir soyqırım olmayıb. Amma bütün bunlardan sözdə erməni soyqırımı iddialarını inkar edənlərin cəzalandırılması haqda qanunun qəbulu düşünə bilən hər bir insanda ciddi təəssüf doğurur. Fransada 500 minə yaxın türk kökənli insan yaşayır. Belə çıxır ki, bu qanundan sonra onları həbsxanalar gözləyir. O, zaman bəs insan azadlığı, insan haqları kimi dəyərlər nə olacaq? Sözdə erməni soyqırımı iddiaları ilə bağlı araşdırma aparıb fərqli fikir və tarixi faktlara əsaslanan fərqli yanaşma ortaya qoyan jurnalistlər, araşdırmaçılar, tarixçilər həbsxanalara salınacaqsa onda söz azadlığı, düşüncə azadlığı kimi dəyərlər nə olacaq? Gəlin bunları düşünək… Mən Fransadan olan həmkarlarıma və eyni zamanda bütün həmkarlarıma üz tutaraq səslənirəm. Tarixin, söz, düşüncə azadlığı, insan haqları kimi dəyərlərin siyasi maraqların qurbanına çevrilməsinə izn verməməliyik. Yoxsa bu günlə bərabər gələcək nəsillər üçün də Avropanın ümumi gələcəyi üçün də pis bir tendensiyanın əsasını qoya bilərik.
Üstəlik Fransa Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədridir. Və o həmsədr kimi neytral, obyektiv və tərəfsiz olmalıdır. Amma bu cür qərarlar Fransanın münaqişənin tənzimlənməsində neytral, obyektiv və tərəfsiz ola biləcəyini ciddi sual altına qoyur və Parisin vasitəçi roluna böyük zərbə vurur. Mən fransız həmkarlarımı bunları daha geniş düşünməyə çağırıram”.