Sözləri Novruz Məmmədovun...

sozleri-novruz-memmedovun
Oxunma sayı: 677

Amma ötən həftə dedi. Onun dediklərinə keçməzdən əvvəl Lusine Avanesyanın dediyini nəzərinizə çatdırım.

Lusine Avanesyan Arsax TV-nin müxbiridir. Dağlıq Qarabağda yaşayır. 1 Sentyabrda o Kəlbəcərdə yeni istifadəyə verilmiş məktəbdən reportaj hazırlamışdı. Reportaj erməni dilində olduğundan Lusine Avanesyan və onun müsahiblərinin nə dediyini dəqiq anlamadım. Amma Cəhrə qarının sözü olmasın, dodaq dərbənişindən və əhval-ruhiyyələrindən bilinirdi ki, Kəlbəcərdə məktəbin açılması onlara xüsusi zövq verir...

Zövq demişkən...

Novruz Məmmədovun da müsahibəsində xüsusi zövq hiss olunan bir söz oxudum. Əslində bu müsahibəni hazırlayan həmkarım da görünür bu zövqü hiss etdiyindən idi ki, həmin sitatı başlığa çıxarmışdı. Novruz Məmmədov Dağlıq Qarabağda hava limanının tikilməsi barədə məsələyə münasibətini bu sözlərlə tamamlayır: “... narahat olmağa dəyməz. Çünki, həmin ərazi Azərbaycanındır və onu kimin tikməsindən asılı olmayaraq, həmin hava limanı da Azərbaycan dövlətinə qalacaq”.

Heyran oldum Novruz Məmmədovun optimizminə

Bu yerdə Moşu Göyəzənli yadıma düşdü. Fikirləşdim ki, axı niyə bizim şairlərimiz bu mövzuda yazmır. Açığı yazırlar.
Məsələn bizim şairlərimiz yazır ki, biz böyük millətik, biz bir qarış da torpağı düşmənə vermərik. Təzə şairlər də deyir ki, biz gəlirik.

Bir nəfər də qayıdıb onlara demir ki, ay şairlər bir qarış nədir ey, Göyçəni, Zəngəzuru, Qarabağı vermişik. İndi çalışırıq ki, birtəhər Qarabağı qaytaraq. Amma 20 ildir ki, bacarmırıq. Bir nəfər durub demir ki, ay şair elə hey deyirsən gəlirik, di dur gəl də.

Qayıdaq Novruz Məmmədova

Məhz Novruz Məmmədovun da dedikləri şairlərimizin dediklərinə bənzəyir.
Şairlər deyir: Biz gəlirik, bir qarış da vermərik.
Novruz Məmmədov deyir: Bizim olacaq.
Bəstəkar-müğənnilərin yerinə olsam Novruz Məmmədovun müsahibəsinə musiqi bəstələyərəm. Adı da pis səslənmir.
Bizim olacaq. Sözləri Novruz Məmmədovun, musiqisi...

İndi sözüm sizədir, ey erməni dilini bilənlər. Lusine Avanesyanın reportajına qulaq asın, görün o nə deyir...