Ssenari bizim, film ermənilərin – Video

ssenari-bizim-film-ermenilerin-video
Oxunma sayı: 713

Ermənilər Qarabağ müharibəsi barədə “Əgər hamı...” adlı film çəkiblər və onu nüfuzlu Oskar mükafatına təqdim ediblər. Bu barədə “Qafqazinfo”ya açıqlama verən yazıçı Elçin Hüseynbəyli bildirib ki, həmin filmin süjet xətti məhz onun hekayəsi əsasında çəkilib.

Bu ilin sentyabrında premyerası olan həmin filmin süjeti Rusiyada yaşayan bir qız Qarabağa gəlir və Azərbaycan-Ermənistan müharibəsində həlak olmuş atasının qəbri üzərində ağac əkmək istəyir. Amma məzar Azərbaycanlıların nəzarətində olan ərazidədir. Saşa adlı qız öz istəyinə çatmaq üçün həmin əraziyə keçir və ağacı əkən zaman azərbaycanlılar tərəfindən əsir götürülür. Filmin ideyası “əgər hamı şəhid məzarı üstündə bir ağac əkərsə, amin-amanlıq, sülh olar” kimi də başa düşülə bilər.

Bu barədə məlumatı oxuyarkən heyrətləndiyini bildirən E. Hüseynbəyli filmin süjet və ideyasının onun “Gözünə gün düşür” hekayəsindən götürüldüyünü düşünür: “Hekayənin süjeti ağır xəstə olan həkim erməni işğalı altında olan doğma kəndinə getmək, həyətlərində “sülh ağacı” əkmək və atasının məzarı yanında ölməkdir. Getməzdən öncə o, internet vasitəsilə məqsədini yayır və bütün müharibələrə etiraz olaraq işğal altında olan həyətlərində sülh ağacı əkmək istədiyini bəyan edir. Həkim belə də edir. Qarabağdakı kəndlərinə gəlir, həyətdə ağac əkərkən ermənilər tərəfindən əsir götürülür. Sonra erməni zabitilə müəyyən anlaşmadan sonra məzarıstana gedir və atasının uçuq məzarındaca vəfat edir”.

E. Hüseynbəyli qeyd edib ki, “Gözünə gün düşür” hekayəsi 2010-ju ilin əvvəllərində yazılıb və həmin il fevralın 27-də “525-ji qəzet”də çap edilib: “Hekayə çıxan kimi onun barəsində bir neçə məqalə yazılıb. Professorlar Nizami Tağısoy və Telman Vəlixanlının məqalələri qəzetin mart-aprel saylarında nəşr olunub. Daha sonra akademik Tofiq Hajıyev həmin hekayəyə geniş məqalə həsr edib”.

Hekayənin həmçinin İlahə Carçıyeva tərəfindən rus dilinə çevrilib və 2010-ju ilin iyununda Moskvada nəşr olunan “Drucba narodov” jurnalında çap olunub və jurnalın saytında(druzhba-narodov.html) yerləşdirildiyini bildirən yazıçı jurnalın həmin sayında beş erməni müəllifinin də əsərinin də dərc olunduğunu söyləyib: “Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə də məlumat nəşr olunub. Həmin ili iyunun 7-də “Azadlıq” radiosunun “Oxu zalı” da hekayəni sayta qoyub (www.azadliq.org). “Literaturnı Azərbayjan” jürnalı hekayəni 2010-ju il avqust sayında yerləşdirib. Daha sonra hekayə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə “525-ji qəzet” seriyasından işıq üzü görüb”.

E. Hüseynbəyli qeyd edib ki, 2011-ji ilin fevralında hekayə əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Yol” qısametrajlı bədii film çəkilib və həmin ilin martında Almaniyanın “Oberhauzen” festivalına göndərilib və proqramdankənar nümayiş olunub: ““Yol” və “Əgər hamı...” filmində hər iki qəhrəman atasının vəsiyyətinə görə ağac əkir”.

Hekayə, həmçinin Türkiyədə kitab şəklində çap olunub (aprel. 2011), ərəb, fars, ingilis dillərinə çevrilib: “2011-ci ilin oktyabr sayında Gürcüstanın “Literaturuli palitra” (“Ədəbiyyat palitrası”) jurnalında çap olunub. Tərcüməçi Gürcüstanın hazırkı mədəniyyət naziri və mənim dostum, məşhur yazıçı Quram Odişariyadır”.

2012-ci ilin sentyabrında Amerikanın “Trafford” (www.trafford.com) nəşriyyatı hekayəni “Müasir Azərbacan antologiyası” seriyasından nəşr edib.

Yazıçı vurğulayıb ki, Ermənilər çəkdiyi filmlə hekayənin və bizim qısametraclı filmin ideya və süjeti üst-üstə düşür: “Bu qədər yaxın düşüncə və paralellər (ağac, məzar, işğal altında olan ərazi, sülh, əmin-amanlıq və s) nonsens kimi qəbul edilə bilər. Nəzərə alsaq ki, “Gözünə gün düşür” hekayəsi 2, 5 il öncə Rusiyanın nüfuzlu jürnallarından birində çap olunub və saytlarda yerləşdirilib, onda “Əgər hamı...” filminin ssenaristləri Mikael Paqosyan və Tereza Vargepetyanın bu hekayədən bəhrələndiklərini güman etmək olar”. Başqa bir faktı da qeyd edən E. Hüseynbəyli filmin rejissorunun Natalya Belyauskine olduğunu daha da qabardıb: “Gözünə gün düşür” hekayəsinin Riqada da nəşr olunduğunu nəzərə alsaq, bu cür üstü-üstə düşmələr maraqlı və narahatedici görünür”.

Yazıçı bildirib ki, Azərbaycan tərəfinin çəkdiyi filmin rejissoru Fehruz Şaymıyev, həmçinin hekayə əsasında tammetrajlı film çəkmək niyyətində olan tanınmış rejissor Rövşən İsak, eləcə də hekayənin araşdırıcıları və zövqlü oxucular erməni filminin süjet və ideyasının mənim hekayəmdən plagiat olunduğunu düşünürlər.