“SSRİ “Azadlıq” radiosunun susdurulmasını tələb edirdi”- Müsahibə

ssri-azadliq-radiosunun-susdurulmasini-teleb-edirdi-musahibe
Oxunma sayı: 660

“Qafqazinfo” “Azadlıq” radiosunun Azərbaycan şöbəsinin keçmiş rəhbəri, tanınmış jurnalist Mirzə Xəzərlə 22 il bundan öncə Bakıda baş verən qırğınlar haqqında müsahibəsini təqdim edir:


- 1990-ci il 20 Yanvar hadisələrini necə xatırlayırsınız?

- 20 Yanvar hadisələri mənə bu gün də rahatlıq vermir. Ağır günlər idi. Sovet İttifaqının nizami ordusu Azərbaycanın paytaxtına hücumu ərəfəsində Azərbaycan informasiya blokadasna alındı və xarici dünyadan təcrid edildi. Mixail Qorbaçov başda olmaqla Kreml rəhbərliyi bu yolla Azərbaycan xalqını əzmək, susdurmaq istəyirdi. Kreml bu planını hazırlayanda, görünür, “Azadlıq” radiosu faktorunu nəzərə almamışdı. Bu, SSRİ rəhbərliyinin ən böyük səhvi idi. Çünki, bu informasiya blokadasını yaran “Azadlıq” radiosu Azərbaycan xalqının dünyaya pəncərəsinə çevrildi. Hər yerdən əli üzülən, vahimə keçirən, qorxuya düşən, fəryad edən, nalə qoparan yüzlərlə insanın səsini dinləmək və hər birinə təsəlli vermək, ümid vermək bir nəfərin daşıya biləcəyi ən ağır yükdür. Bu yük mənim boynuma düşmüşdü. Bunun prixoloji təsirindən bu gün də xilas ola bilmirəm.



-O zaman Azadlıq radiosunun Azərbaycan şöbəsi işini necə qurmuşdu?

- Mən yanvarın 19-dan 20-nə keçən gecə, Münhen vaxtı ilə saat 22-də, Bakı vaxtı ilə yanvarın 20-si saat 01:00 radələrində redaksiyaya gəlib Bakıya zəng elədim. Bizə daim məlumat verən Mehdi Məmmədov sovet qoşunlarının artq Bakıya soxulduğunu xəbər verdi. Dərhal redaksiyanın üç işçisini çağırıb ilk verilişi hazırlamaya başladım. Bu veriliş Bakıda səhər saat 05-də yayıldı. Azərbaycan əhalisi və xaricdə yaşayan azərbaycanlılar Bakı faciəsidən bu verilişdən xəbər tutdu. Bu veriliş efirə veriləndən 24 saat sonra SSRİ xarici işlər nazirliyi Vaşinqtona etiraz notası göndərib “Azadlıq” radiosunun susdurulmasını tələb etdi. Bütün təzyiqlərə baxmayaraq mən, məsuliyyəti boynuma götürüb verilişləri davam etdirdim. İki gün sonra SSRİ DTK-sı ilk verilişlərin ruscaya tərcüməsini Vaşinqtona göndərdi və sübut etməyə çalışdı ki, guya biz yanlış məlumatlar yayırıq. Buna da məhəl qoymadım. Sonrakı günlər verilişləri eyni şəkildə davam etdirdik.



-Bəzən belə bir fikirlər eşidirik ki, hadisələrdən qansız, itkisiz keçinmək mümkün idi?

-Bu fikirlər dayaz təhlillərin məhsuludur və mən bunu hadisələrin süni şəkildə bəsitləşdirilməsi hesab edirəm. Bu fikri irəli sürənlər, Bakıda minlərlə insanın küçələrə axışmasının həqiqi səbəbini ya görmürlər, ya da ört-basdr etməyə çalışırlar. Əsl səbəb isə Moskvanın Qarabağ məsələsində ermənilərin tərəfini tutması idi. Azərbaycan xalqı bununla barışmaq istəmirdi. Bu etirazlar sonradan Kremlin və yerli kommunist partiyasnın Azərbaycanda hökmranlığına qarşı çevrildi. Bu, Azərbaycan xalqının təbii haqqı idi. Bu mübarizəni qana batıran isə SSRİ-nin nizami ordusu oldu.



-Bu gün 20 Yanvar hadisələrini dünya ictimaiyyətinə çatdıra bilmişikmi? Məsələn, yaşadığınız Almaniya cəmiyyətində 20 Yanvarla günü bağlı məlumatlar hansı səviyyədədir?

-Almaniyada, xüsusilə Almaniya mətbuatında 20 Yanvar günü ilə bağlı məlumatlara çox nadir hallarda rast gəlmək olur.


Elnur Eltürk