Stalinlə görüş - II

stalinle-gorus-ii
Oxunma sayı: 653

Stalin yenə bir qəlyan yandırıb mənə dedi, a Cavad, canın üçün, o biri oğlum tutulsaydı, məni yandırmazdı. Bilirsənmi, bu Yakov Bakıda anadan olub. Sizdə Yaqub deyirlər, qəşəng addı, düzdümü? Sənəddə doğulduğu yer Kutaisi kimi göstərilib. Çünki, Yaqub Bakıda doğulandan 1-2 ay sonra Kutaisiyə gəldik, doğum sənədini də Kutaisidə almışıq. Düz 14 yaşına qərəd Tiflisdə böyüdü, sonra anasınnan Rusiyaya gəldi. Özbaşına gedib mantyorluq oxumuşdu, qurtarandan sonra mantyor yanında köməkçi işləyirdi. Çox dikbaş uşaq idi, özü maaş alıb dolanırdı, məndən heç vaxt pul istəməzdi. Bir arada eşitdim, bir qıza uyub, uje kəbin kəsdirmək istəyir. Anasına dedim, zatını-kökünü tanımadığım bir qızla evlənsə, o mənim oğlum deyil. Sən demə, qızı möhkəm sevirmiş. Bir də eşitdim ki, Yaqub mətbəxdə özünü güllələyib. Dəli olmuşdum, bunu tez Kremlin xəstəxanasına götürtdük, uzun müddət orda yatdı, güllə yarası nə zarafatdı? Birtəhər sağaltdıq. Sağalandan sonra dedim, get, kimi istəyirsən al, mənim sən adda oğlum yoxdu. Sonradan Maskvada Yol injinerriyini oxudu. Onnan sonra da Artileriya akademiyasına girdi. Yaxşı beyni var. Harda imtahan verir o saat qəbul olur. Müharibə başlayan kimi bunu düz müharibənin ortasına basdım, artileriya qamandiri olmuşdu. Bir də dedilər, bəs deməzsənmi, lemsələr vərəq yayıb ki, Stalinin oğlu Yaqub əsir düşüb. Vərəqin birini Jukov mənə gətirmişdi. Bax, bu vərəqi.
Stalin rəfdən bir vərəq götürüb mənə uzatdı. Baxdım ki, vərəqin bir üzündə urusca yazılıb, ey sovet saldatları, təslim olun, yalannan camaatı qırğına verməyin. O üzündə də Yaqubun bir lemsənən şəkili. Lemsə Yaqubu suala tutur.
Mən bir xeyli baxandan sonra vərəqi yoldaş Stalinə qaytardım. Damarımda qanım coşmuşdu, acığımdan eləcə dodaqlarımı gəmirirdim. Ürəyimdə özümə söz verdim ki, yerin deşiyində də olsa gedib Yaqubu tapacam. Stalin qaylanını çəkib qurtarandan sonra astaca kül qabına qoydu. Sonra üzümə baxıb, “bəlkə bir çappa da gedək?” dedi. Doğurdan, Yaqubun şiklini görəndən sonra tam ayılmışdım. Dedim, düz buyurursan, yoldaş Stalin, bir dənə də getmək lazımdı. Stalin stəkanları yenə həmənki qaydada spirtnən doldurub ayağa durdu. Dedi, a Cavad, bunu Yaqufnan sənin sağlığına içirəm. Siz həm qardaşsınız, həm də zemlyak. Arzu eləyirəm gedib onu tapasan, görüşəsən, yanına salıb bu üzə keçirəsən. Mən stəkanı başıma çəkəndən sonra güclə nəfəs aldığıma baxmayaraq özümü o yerə qoymadım. Elə bil ağzımdan çölə alov daranırdı. Stalin iki dilim qara çörəyin arasına qalın bir sala tikəsi qoyub mənə uzatdı. Çörəyi tezcə basıb yedim. Gördüm, Stalin böğlarını sığallayaraq mənə baxıb gülümsəyir. Kişinin könlünü almaq üçün mən də gülümsədim. Dedim, yoldaş Stalin, atamın urfuna and olsun, Yaqufu tapıb gətirməsəm geri qayıtmayacam. Elə şeymi olar əə, Stalin boyda bir kişinin oğlu lemsə əlində inildəsin? Spirtin dozası beynimə vurmuşdu, az qalırdım, elə indi qapıdan çıxıb Yaqubun dalınnan gedəm. Stalin gənə bir qaylan yandırdı. Bir-iki qullab vurannan sonra dedi, a Cavad, sən canın, Zəyəm bazarı dururmu? Dedim, durur da sözdümü? İndi Zəyəm bazarında yekə bir mal bazarı da açıblar. Mal-qara, at-eşşək - nə istəsən gedib ala bilərsən. O qədər peraşqi satan uşaqlar peyda olub ki! Stalin bir ah çəkib dedi, a Cavad, noleydi, bu saat burda bir qartoflu Zəyəm peraşqisi oleydi. Dedim, yoldaş Stalin, allah qoysa, müharibəni udaq, gedib orda yaxşıcana peraşqiləyərik. Stalin gülüb dedi, canım üçün, nastrenyam düzəldi, səni beejə burdan buraxdı, yoxdu. Dedi, bax, bu saat ürəyin nə istəyir? Dedim, yoldaş Stalin, mənim çoxdankı bir arzum var, Leninə baxmaq istəyirəm. Gülüb dedi, ayə elə bu? Dur gedək, bu dəqiqə baxaq, çoxdandı rəhbərə elə mən də baxmıram...

(davamı gələn yazıda)