BSU-nun rektoru müxalifətçiləri təhqir edib? - Açıqlama

bsu-nun-rektoru-muxalifetcileri-tehqir-edib
Oxunma sayı: 3323

Bakı Slavyan Universitetinin rektor Nurlana Əliyevanın müxalif düşüncəli insanlara qarşı işlətdiyi iddia edilən fikirlərlə bağlı açıqlama yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, dünəndən sosial şəbəkələrdə BSU-nun rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı ağlasığmaz ifadə və fikirlər səsləndirilir. Səbəb kimi may ayının 16-da rektorun universitetin akt zalında tələbələrlə görüş zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilir. Ümumiyyətlə, 30 ildən artıq ictimai-siyasi fəaliyyətlə məşğul olan, xalqını sevən, onunla ünsiyyətdən qürur duyan xanım-professorun iclasda siyasi əqidəsinə, dünyagörüşünə görə kimlərisə təhqir etməsi, yaxud kimlərinsə ünvanına aşağılayıcı ifadələr işlətməsi mümkünsüz bir işdir. 

N.Əliyeva  indiyədək heç bir vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymamış, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşərgəsində təmsil olunmasından asılı olmayaraq bütün insanlarımıza bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxıb. 

Qapısı hər zaman insanların üzünə açıq olan rektor hər bir insanla səmimi dialoqa girəndə, tələbələrə bir ağbirçək ana kimi öyüd-nəsihət verəndə ilk növbədə əxlaq və etik normalar, milli –mənəvi dəyərlər prizmasından çıxış edir. Təbii ki, belə bir ziyalı xanımın, pedaqoqun, tanınmış dövlət xadiminin  siyasi baxışlarına, ideoloji düşüncəsinə  görə kimlərisə təhqir etməsi, yaxud onlar haqqında nalayiq ifadələr işlətməsi barədə informasiyalar şər və böhtandan başqa bir şey ola bilməz. 
İqtidar-müxalifət mövqeyində durmasından asılı olmayaraq bu ölkənin bütün vətəndaşlarına sayğı göstərmək bizim borcumuzdur. 

BSU-nun rektoru, professor  Nurlana Əliyeva heç kəsin ünvanına təhqiramiz, nalayiq  ifadə işlətməyib, bu kampaniya sadəcə olaraq  şər və böhtandır. Siyasi mövqeyindən asılı olmayaraq bu ölkənin bütün vətəndaşları bizim üçün eyni dərəcədə əzizdir.