“Şükürlər olsun ki...”

sukurler-olsun-ki
Oxunma sayı: 660

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, təbrikdə qeyd olunur ki, dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən diləyirəm:

Bismillahir-rəhmanir-rəhim!
Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim!
İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam dövrünün yadigarı olaraq müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Şükürlər olsun ki, İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində biz bu mübarək məqamı 2 gün bayram etmək şərəfinə nail olmuşuq. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları Vətənimizin taleyinin ən çətin anlarında bizə öndər olmuş millət atası Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyir, onun müdrik yolunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəalilyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar. Şübhəsiz ki, dövlətimizin gün-gündən yüksələn iqtisali qüdrəti, möhkəmlənən siyasi iradə və nüfuzu, milli-mənəvi dəyərlərin davamlı dirçəlişi Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır.

Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyərək, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün Allah-Təalaya dualar edirik.

Bu mübarək günlərdə Şeyxülislam olaraq, Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcab etsin, inşallah! Amin!

Allah Qurban bayramımızı mübarək etsin!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Şeyxülislam
Allahşükür Paşazadə”